RU

Ürək və tənəffüs yolu xəstəlikləri olanlara xəbərdarlıq: Açıq havada az olun!

Artıq bir neçə gündür ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Xəzər dənizi sahili boyu yerləşən rayonlarda tozlu hava şəraiti müşahidə olunur. Milli Hidrometeorologiya Xidməti avtomatik stansiyalardan əldə olunan məlumata əsasən bildirib ki, havada tozun miqdarı artıb və normadan 4-4.5 dəfə yüksəkdir.

Xidmət rəsmisi Gülnarə Abbasovanın sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozlu hava şəraiti transsərhəd xarakterlidir:

“Aparılan təhlillərə görə, il ərzində Mərkəzi Asiya səhralarında baş verən qum fırtınası cənubda Ərəbistan yarmadasında, şərqdə Türkmənistan səhrasında toz burulğanları yaradır və formalaşan bu toz kütlələri cənub, şərq istqamətli hava axınları vasitəsilə ölkəmizə keçir, əsasən, Bakı şəhəri və Abşeron yarımadasında toz dumanının yaranmasına səbəb olur”.

Xidmət rəsmisi bildirib ki, ölçüsü 2,5 mikrondan kiçik toz hissəcikləri (PM2,5) havada asılmış vəziyyətdə qalaraq yuxarı tənəffüs orqanlarına təsir göstərdiyi üçün əhaliyə açıq havada az olmaları və yaxud qoruyucu maskalardan istifadə etmələri tövsiyə edilir.

Havada tozun miqdarının normadan çox olması, xroniki xəstəlikləri olanlar, bronxitlər, eləcə də allergik xəstəlikləri olanlar üçün təhlükəlidir.




Professor Adil Qeybulla Bakupost.az -a bildirib ki, tozlu hava külək vasitəsilə Bakı və Abşeron yarımadasına müxtəlif yerlərdən gəlir. Bu proses adətən, Mərkəzi Asiya və şimal istiqamətində müşahidə olunur. Burada tozun mənşəyi, mahiyyəti, orqanizmə nə dərəcədə zərərli olması, radioaktiv fonun olub-olmaması çox vacibdir. Çox yaxşı olar ki, insanlar belə havalarda maskadan istifadə etsinlər:

“Tozlu hava şəraitində nəfəs alma çətinləşir və tənəffüs yollarında qıcıqlanmaya səbəb olur. Nəfəs yollarında problemləri olan, astma xəstəliyindən əziyyət çəkən, müxtəlif xroniki ağciyər xəstəlikləri, allergiyası olan xəstələr belə havalarda xüsusilə diqqətli olmalıdırlar. Sözügedən xəstəliklərin daşıyıcıları olan şəxslərdə simptomlar daha da fəallaşıb, özünü daha ağır və kəskin formalarda göstərə bilər. Havadakı toz hissəcikləri allergik reaksiyalar, burun axması, gözlərdə qaşınma və qızartı, habelə öskürək kimi simptomlarla özünü göstərə bilər. Bundan başqa, tozlu havanın ürək-damar sisteminə də mənfi təsiri var. Belə hava əsasən, uzun müddət davam etmir. Çünki Bakı küləklər şəhəridir və külək toz hissəciklərini dağıdıb, başqa istiqamətlərə aparır. İnsanlara tövsiyəm odur ki, bu tip halların baş verdiyi bir neçə günlük müddətdə maskadan istifadə etsinlər".

Sevinc,
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
88
bakupost.az

1Источники