Azərbaycanın Baş prokuroru Kamran Əliyev qondarma “Dağlıq Qarabağ”ın keçmiş “hərbi və siyasi liderləri”nin işindən danışıb.
Bu barədə Kamran Əliyev Rusiya mətbuatına açıqlama verib. O deyib ki, separatçı rəhbərlərin ilkin istintaqı başa çatıb, materiallar yaxın vaxtlarda məhkəməyə veriləcək.
“Bu cinayət işində çoxlu zərərçəkən var”, - deyə Baş prokuror qeyd edib.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda ləğv edilmiş separatçı rejimin rəhbərləri Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, qondarma “xarici işlər naziri” David Babayan, “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək istintaqa cəlb edib. Onlar hazırda Bakıdakı təcridxanada saxlanılırlar.
Onlardan 3-nün yaşı 65-dən yuxarı olduğu üçün ömürlük həbsin verilməsi qanunvericilik əsasında mümkün deyil. Bəs həmin cinayətkarlara ölüm hökmü verilə bilərmi?
"Cebheinfo.az"-a açıqlamasında hüquqşünas Əsabəli Mustafayev bildirib ki, Azərbaycan Avropa Şurasına üzv olduğu üçün bu mümkün deyil:
"Hazırda biz Avropa Şurasının üzvüyük. Buna görə də ölüm hökmü ola bilməz.
İttiham olunan dövrdə hansı qanun qüvvədə idisə, ona uyğun ittiham olunacaqlar. Təzədən qanun qəbul olunması, ölüm hökmü verilməsi mümkün deyil. Mövcud qanunvericilik əsasında da onlar mühakimə olunacaqlar.
Cinayət törətdikləri dövrdə Azərbaycanda ölüm hökmü var idi, indi buna istinad etmək qanunvericiliyimizə və beynəlxalq standartlara zidd olacaq".
O qeyd edib ki, verilən qərar həm də beynəlxalq hüquq sisteminə zidd olmamalıdır:
"Biz çalışmalıyıq ki, məhkəmə prosesi dünyada qəbul ediləcək səviyyədə keçsin. Onsuz da o şəxslərin yaşı 65-dən yuxarıdır.
Bundan sonra da ən çox 15-20 il yaşayarlar. Onlara qarşı sürülən ittihamlar da elə 20 ilə bərabər həbsi təmin edəcək. Bu da elə ömürlük həbs kimi bir şeydir. O şəxslər üçün bütün dünya hüquq sistemi ilə davaya çıxmağa dəyməz".