Ukrayna prezidenti Vladimir Zelenski Prezident Aparatı rəhbərinin üç müavinini vəzifəsindən azad edib. O, bununla bağlı müvafiq fərmanlar imzalayıb.
Qaziler.az bildirir ki, bu barədə RBC-Ukrayna Prezident Ofisinin saytına istinadən xəbər verir.
Dövlət başçısının təsdiq etdiyi sərəncamlara əsasən, aşağıdakılar vəzifələrindən azad ediliblər:
Prezident Ofisi rəhbərinin müavini Yuliya Sokolovskaya;
Prezident Ofisi rəhbərinin müavini Aleksey Kuleba;
Prezident Ofisi rəhbərinin müavini Nikolay Toçitski.
Qeyd edək ki, onlardan ikisinin işdən çıxarılmasının səbəbi bəllidir. Bu gün Rada Aleksey Kulebanın baş nazirin yenidənqurma üzrə müavini - Ukraynanın icmaların və ərazilərin inkişafı naziri vəzifəsinə təyin olunmasını dəstəkləyib.
Bu arada Toçitski, parlamentin qərarına əsasən, mədəniyyət və strateji kommunikasiyalar naziri olacaq.
Eyni zamanda, Sokolovskaya yeni vəzifə almayıb. Sentyabrın 4-də RBC-Ukrayna mənbələri bildirdilər ki, Reinteqrasiya Nazirliyinin rəhbəri vəzifəsindən çıxarılan İrina Vereşçuk Sokolovskayanın yerinə Prezident Ofisi rəhbərinin müavini ola bilər.
Vereşçuk özü Telegram kanalında Prezident Aparatında vəzifə alacağını təsdiqləyib.
QAZİLER.AZ