RU

Şəhidlik ən uca zirvədir

Vətən, torpaq uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Bu yolu seçənlər isə heç zaman ölmürlər. Məhz Masallı elinin igid oğlu Namiq Bağırovun nəsibi də şəhidlik zivəsindən boylanan səadəti oldu. İndi o, cismən aramızda olmasa da, mənən qəlblərdə yaşayır, hər an ehtiramla xatırlanır. Bu günlər rayon Mərkəzi Kitabxanasında sinəsini doğma Azərbaycana sipər edib məkrli düşmənə layiqli cavab verən qalib şəhid Namiq Bağırovun anadan olmasının 40-cı ildönümü münasibətilə tədbir baş tutub. Tədbir iştirakçılar tərəfindən Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik anmaqla başlanıb.

İlk söz alan kitabxananın əməkdaşı Rəşad İsmayılov şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan danışaraq bildirib ki, yağı düşməndən qisas alaraq doğma Vətən torpaqlarının azad etmək məqamı yetişəndə Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında minlərlə qeyrətli oğul özünü odun-alovun içinə atdı. Düşmən üzərində qazanılan tarixi qələbədə ordumuzun və döyüşlərdə iştirak edən əsgər və zabitlərin şücaəti bütün dünyanı heyrətə saldı. Namiq Bağırovun timsalında igid Vətən oğullarının dövlət və xalq qarşısında misilsiz xidmətləri heç zaman unudulmaz, örnək olaraq nəsillərdən-nəsillərə ötürüləcək.

Kitabxananın digər əməkdaşı Lətafət Əlirzayeva ölümsüzlüyə qovuşan qəhrəmanın həyat yolundan daha geniş söz açıb:- Quru Qoşunlarının çavuşu Namiq Bağırov 1984-cü ildə Masallı rayonunun Çaxırlı kəndində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra, 2001-ci ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Həyatın önəmli hissəsini Vətən torpaqlarının müdafiəsinə həsr edən, doğma yurdun düşmən işğalında qalması ilə barışmayan Masallının igid oğlu 2020-ci il 27 sentyabrında başlanan İkinci Qarabağ müharibəsində sözün əsl mənasında tarix yazıb. O, 6 oktyabrda Füzulinin qəsbkarlardan xilas olunması uğrunda gedən döyüşlərdə son damla qanına qədər döyüşərək şəhidlik məqamına yetişib. Milyonların ürəyində özünə əbədi yurd-yuva quran şəhid Namiq Firudin oğlu Bağırov ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Cəbrayılın azadlığına görə medalları ilə təltif olunub.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
58
ikisahil.az

1Источники