RU

Fransa COP29-a turist axınına qarşı dərin təxribat addımı atdı...

Image

Bəhruz Quliyev: “Bu gün Parisin Bakıya qarşı qərəzi bir az daha artıb və yeni “fakt”lar ortaya çıxıb”

Fransa vətəndaşlarına, o cümlədən ikili vətəndaşlığı olanlara heç bir səbəb olmadan Azərbaycana səfər etmək tövsiyə edilmir. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin 4 sentyabr tarixli məlumatında deyilir. 

“Fransa vətəndaşları, o cümlədən ikili vətəndaşlığı olanlar, yaşayanlar və ya tranzit gedənlər Azərbaycanda həbs, özbaşına saxlanma və ədalətsiz məhkəmə çəkişməsi risqi altındadır. Bu risqlə  əsasən sadə turist səfəri və ya işgüzar səfər edən adamlar da üzləşə bilər. Həbs və ya saxlanma halında əsas hüquqlara hörmət təmin edilmir”, - məlumatda deyilir.

Nəyə görə? Fransanın belə əsassız, qərəzli qərarının arxasında nə dayanır? Fransanın əsas hədəfi COP29 ərəfəsində və həmin tədbir dövründə Azərbaycana təkcə fransız yox, ümumən başqa ölkələrdən də gələcək, gəlmək istəyən turistləri qorxutmaq cəhdidir. Yəni onlar Azərbaycana gəlməsinlər. Ona görə də bu, əslində COP29-un uğurlu keçirilməsinə qarşı Fransanın dolayı təxribat planlarından biridir.

“Fransa çalışır ki, Bakıda keçiriləcək COP29 tədbirinə kölgə düşsün” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, Fransa məqsədyönlü şəkildə bu təxribatları edir: “Fransanın Azərbaycana qarşı qərəzi yeni xəbər deyil. Əslində Bakının Parislə bağlı atdığı addımlar məntiqli və adekvatdır. Çünki Fransa belə münasibətə layiqdir, bu ölkənin erməni separatçılarını mütəmadi dəstəkləməsi, Azərbaycanın haqlı iradlarına baxmayaraq Parisin israrla öz mövqeyində dayanması münasibətlərimizin indiki həddə qədər pisləşməsinə səbəb olub. Bəs, Azərbaycan Fransaya qarşı hansı yanlışlığa yol verib ki, Parisin münasibəti bizə qarşı bu qədər dəyişib? Əslində ortada bir fakt da yoxdur. Əksinə, Azərbaycan xarici siyasətində Fransa ilə münasibətlərində müsbətə doğru irəliləyişin olmasına çalışıb. Əks tərəf isə, xüsusən də Makron hakimiyyətə gələndən sonra, ermənipərəst siyasətini daha da dərinləşdirib, Qarabağdakı erməni separatçılarını hərtərəfli dəstəkləməkdə, Azərbaycanı isə “insan haqlarını pozmaqda”, “etnik təmizləmədə” haqsız olaraq ittiham etməkdə davam edib. Hətta bir neçə dəfə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında müzakirəsinə şərait yaradıb, bunun bilavasitə təşəbbüskarı olub”.

Politoloqun fikrincə, Fransanın Azərbaycana qarşı aqressiv siyasətinin əsas səbəblərindən biri də İkinci Qarabağ müharibəsində qazanılan qələbə və Cənubi Qafqazda yaranan yeni reallıqlardır: “Fransa bunu istəmir və İrəvanla yaxınlaşmasının arxasında da bu dayanır. Bu gün Parisin Bakıya qarşı qərəzi bir az daha artıb və yeni “fakt”lar ortaya çıxıb. Bu ölkənin XİN başçısının iddialarına görə, Azərbaycanda Fransa vətəndaşları təqib edilir, həbs olunurlar. Ona görə də, Fransa vətəndaşlarına Azərbaycana səfərdən çəkinmək tövsiyə edilib. Rəsmi Bakı isə bunu əsassız adlandırıb və qətiyyətlə pisləyib. Bu, iki ölkə arasında münasibətləri daha da gərginləşdirmək niyyətidir. Əgər söhbət Fransa Respublikasının vətəndaşı Martin Riandan gedirsə, o, Azərbaycana qarşı casusluq edib. Başqa bir Fransa vətəndaşı isə Bakı metrosunda törətdiyi əmələ görə saxlanılıb. Yəqin ki, oxşar hadisələr Fransada baş versəydi Paris də eyni addımları atardı. Oxşar hadisələrə fərqli münasibət Fransanın ikili standartlar siyasətindən irəli gəlir. Azərbaycanda çoxsaylı fransız şirkətləri fəaliyyət göstərir, burada çalışan və Azərbaycana səyahət edən Fransa vətəndaşlarının sayı digər ölkələrdən gələnlərdən az deyil. Bugünə qədər onlarla bağlı heç bir insident qeydə alınmayıb. Bizi ittiham etməzdən əvvəl Fransa öz siyasətində korrektələr etməyi bacarmalıdır. Fransa insan haqlarını daha çox qabardır, amma özü dənizaşırı ölkələrin xalqlarını neo-müstəmləkə siyasəti ilə məhv edir, onları istismar etməkdə davam edir. Azərbaycanın haqq səsini ucaltmasına, Fransız müstəmləkəsindən əziyyət çəkən xalqlara dəstək verməsinə Parisin reaksiyası qərəzdən başqa bir şey deyil. Deməli, Paris bütün qanunsuzluqlara yol verə bilər, irad isə qəbul olunmur. Bu isə dünya çapında, bəşəri münasibətlərdə qəbul edilməyən yanaşmadır. Bununla Fransa çalışır ki, Bakıda keçiriləcək COP29 tədbirinə kölgə düşsün. Tədbirə gəlmək istəyən xarici vətəndaşlarda çaşqınlıq yaransın. Hədəfləri, niyyətləri budur, amma alınmayacaq”.

Vidadi ORDAHALLI





Избранный
177
26
baki-xeber.com

10Источники