İspaniyanın Pontevedra şəhərində 20 yaşadək güləşçilər arasında təşkil olunmuş U-20 dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, mundialın 4-cü günündə qadın güləşçilərin yarışında ilk medalçılar bəlli olub.
Bu gün millimizin 2 medal qazanmaq şansı vardı. Nərgiz Səmədova (55 kq) və Ruzanna Məmmədova (59 kq) bürünc medal uğrunda güləşiblər.
Nərgiz Səmədova ilk olaraq çinli Lixuan Çendən güclü olub. Dramatik keçən görüşdə Səmədova 18:13 hesabı ilə qalib gəlib. Nərgiz 1/4 finalda monqolustanlı Kalium Byambasurenə 2:6 hesabı ilə uduzub. Onun rəqibi finala vəsiqə qazandığından, güləşçimiz təsəlliverici görüşdə kanadalı Medsın Keytlinə qalib gəlib. Bürünc medal uğrunda görüşdə onun rəqibi yaponiyalı Honda Karina olub. 8:7 hesabı ilə qalib gələn Nərgiz çempionatı 3-cü pillədə başa vurub.
Ruzanna Məmmədova ilk görüşdə polşalı Nikola Vasilevskayanı 4:2 hesabı ilə üstələyib. Məmmədova 1/4 finalda çinli Yifan Zhunu (4:0) üstələyib. Ruzannanın yarımfinalda rəqibi Sakura Onişi (Yaponiya) olub. Görüş asiyalı güləşçinin qələbəsi ilə başa çatıb. Ruzanna bürünc medal uğrunda Koman Komal (Hindistan) ilə qarşılaşıb. 1:6 hesabı ilə uduzan güləşçimiz mükafatsız qalıb.
Bu gün həm də növbəti 2 qadın güləşçimiz mundialda mübarizəyə start verib. Onların hər ikisi 1/8 final mərhələsində mübarizəyə başlayıb.
Əsmər Cankurtaran (5️3 kq) ilk mərhələdə rəqibi Sofiya Marçenkoya (Ukrayna) “tuş”la qalib gəlib. Amma o, uğurlu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Güləşçimiz hindistanlı Jyoti Jyotiyə 4:15 hesabı ilə uduzub. Rəqibi fınala yüksəlmədiyi üçün idmançımız bürünc medal şansını itirib.
Günay Qurbanova (62 kq) ilk görüşündə Annatina Kendraya (İsveçrə) 16:5 hesabı ilə qalib gəlsə də bu çıxışını 1/4 finalda davam etdirə bilməyib. Günay ukraynalı İrina Bondara 4:10 hesabı ilə uduzub. Bondar finala vəsiqə qazandığı üçün, Günay sabah bürünc medal uğrunda təsəlliverici görüşdə iştirak edəcək.
Xatırladaq ki, sentyabrın 2-də başlamış dünya çempionatı ayın 8-nə qədər davam edəcək. Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur.