330 kilometrlik kanal 50,6 milyon dollara başa gələcək
Gələn il Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin başa çatdırılacağı nəzərdə tutulub. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin xalqa müraciətində bu barədə ətraflı bəhs edilib. Müraciətdə beynəlxalq dəhlizlərə və transsərhəd məlumat axınlarına qoşulacaq rəqəmsal infrastrukturun yaradılmasının Qazaxıstanın inkişafı üçün mühüm önəm daşıdığı vurğulanıb.
Qazaxıstan Prezidentinin müraciətində, eyni zamanda telekommunikasiya şəbəkələrinin, məlumat mərkəzlərinin fəal inkişafının davam etdirilməsinin, qlobal kibertəhlükəsizlik standartlarının tətbiqinin, mütəxəssislərin səriştəsinin artırılmasının zəruriliyi də diqqətə çatdırılıb.
Trans-Xəzər fiber-optik rabitə xətti layihəsi sentyabrın 3-də Qazaxıstanın paytaxtı Astanada keçirilən inklüzivlik və transformasiya üzrə Asiya-Sakit Okean nazirlər konfransı zamanı da diqqət mərkəzində olub. Bu ölkənin Baş naziri Oljas Bektenov hazırda Trans-Rəqəmsal İpək Yolunun inkişafı çərçivəsində qonşu ölkələrlə birgə Xəzər dənizinin dibi ilə Körfəz ölkələrinə çıxışı olan fiber-optik kommunikasiya xətlərinin çəkilməsi layihəsinin həyata keçirildiyini xatırladaraq deyib ki, inteqrasiya yeni texnologiyaların inkişafı, “Big Tech” şirkətlərinin cəlb edilməsi üçün məlumatların toplanması, saxlanması və emalı üçün müasir infrastruktur formalaşdırmağa, həmçinin Qazaxıstanın IT həllərinin dünya bazarına çıxarılmasını təmin etməyə imkan verəcək.
Bu prosesdə “Astana Hub” beynəlxalq texnoloji parkının əsas rolu oynadığını vurğulayan hökumət başçısı onun platformasında 1400 rezident, o cümlədən 400 xarici şirkət üçün əlverişli investisiya mühiti yaradıldığını diqqətə çatdırıb. Baş nazir, həmçinin ölkəsinin rəqəmsallaşma sahəsində əməkdaşlığın genişləndirilməsinə və bu istiqamətdə təcrübə mübadiləsinə hazır olduğunu vurğulayıb.
Xatırladaq ki, Transxəzər fiber-optik kabel xətti layihəsi 2018-ci ildə Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan AzerTelecom şirkəti tərəfindən irəli sürülüb. Ölkəmizin regional rəqəmsal mərkəzinə çevrilməsi məqsədilə “Azerbaijan Digital Hub” proqramı çərçivəsində həyata keçirilən layihə Azərbaycan–Qazaxıstan və Azərbaycan–Türkmənistan marşrutlarından ibarətdir. Transxəzər fiber-optik kabel xətti layihəsi Azərbaycan və Orta Asiya ölkələri arasında məlumatların Xəzər dənizinin dibi ilə daha yüksək səviyyədə ötürülməsini təmin etmək məqsədi daşıyır. Eyni zamanda, layihənin reallaşması iri həcmli məlumatların ötürülməsinə imkan verən magistral kabel xətlərinin çəkilməsi ilə Avropa və Asiya arasında Azərbaycan vasitəsilə Rəqəmsal İpək Yolunu (Digital Silk Way) formalaşdırmağa imkan yaradacaq.
2019-cu il martin 19-da layihənin ilk hissəsi olan Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə magistral fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dövlətlərarası saziş imzalanıb. Həmin il noyabrın 19-da isə Qazaxıstanın Aktau şəhərində iki ölkə arasında Xəzər dənizinin dibi ilə Transxəzər fiber optik kabel xəttinin çəkilişi üzrə Qazaxıstan ərazisində işlərə başlanmasına dair təntənəli mərasim keçirilib.
2023-cü ildə telekommunikasiya operatorları olan “AzerTelecom” və “Kazaxtelecom” arasında Azərbaycan–Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Trans-Xəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılması haqqında sazişin imzalanması ilə işlər xeyli sürətlənib. Sualtı xəttin əsas marşrutu Qazaxıstanın Aktau limanından Azərbaycanın Siyəzən şəhərinə qədər uzanacaq və onun uzunluğu 400 kilometrə yaxın olacaq. Bununla yanaşı, Qazaxıstanın Kurık limanından Bakının yaxınlığındakı Buzovna kəndinə uzunluğu, təxminən, 330 kilometr olan ehtiyat kanal çəkiləcək.
Kabel xəttinin məlumat ötürmə gücü ən azı 4-6 terabit\s təşkil edəcək. Layihə Azərbaycan tərəfdən AzerTelecom, Qazaxıstan tərəfdən isə Transtelecom və KazTransCom telekommunikasiya operatorları tərəfindən icra ediləcək. Kabel xətti Avropa qitəsindən internet və kontentin Azərbaycan vasitəsilə Qazaxıstana, daha sonra isə Çinə daşınmasına imkan verəcək. Qazaxıstan və Azərbaycanın rabitə operatorlarının investisiyaları isə, təqribən, 50,6 milyon ABŞ dolları təşkil edəcək.
Trans-Xəzər fiber-optik rabitə xətti layihəsinin Azərbaycan–Türkmənistan marşrutunun çəkilməsi ilə bağlı hüquqi sənəd – dövlətlərarası saziş isə 2019-cu il noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilmiş “Türkməntel 2019” 12-ci beynəlxalq telekom və IT sənayesi sərgisi çərçivəsində imzalanıb. Sazişə əsasən, Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilişi Azərbaycan tərəfdən magistral internet provayderi AzerTelecom şirkəti, Türkmənistan tərəfdən isə bu ölkənin telekommunikasiya operatoru Türkmentelekom tərəfdən reallaşdırılacaq. Kabel xətti Siyəzən və Türkmənbaşı coğrafi məkanları arasında çəkiləcək. Kabel xətti Avropa internet mərkəzlərindən internet trafikinin Azərbaycan vasitəsilə Türkmənistana, daha sonra isə Özbəkistan, Əfqanıstan, Pakistan və Hindistana ötürülməsinə imkan verəcək, Avropa ilə Cənubi Asiya arasında internet trafikinin ötürülməsində Azərbaycanı mərkəzi ölkəyə çevirəcək.
Transxəzər fiber-optik kabel xətti Azərbaycan vasitəsilə Avropa ilə Asiya arsında rəqəmsal telekommunikasiya dəhlizinin, başqa sözlə, tarixi İpək yolu üzərində artıq yeni rəqəmsal ipək yolunun formalaşmasına və Asiya ölkələrinin Azərbaycan vasitəsilə data trafiki və kontenti əldə etməsinə imkan verəcək. Layihənin reallaşması Azərbaycanı Asiya və Avropa arasında regional rəqəmsal mərkəzə çevirəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyev “Rəqəmsal İpək yolu” layihəsinin önəmini qeyd edərək fiber-optik infrastrukturun yaradılmasını ölkələrimiz arasında əməkdaşlığın yeni sahəsi kimi yüksək dəyərləndirib və Azərbaycanın bu təşəbbüsü xüsusi diqqət mərkəzində saxladığını bildirib.
Sözügedən layihəyə beynəlxalq maraq da olduqca yüksəkdir. Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə məlumat mübadiləsi ehtiyaclarını ödəyəcək regiononal əhəmiyyətli strateji əhəmiyyətli bu layihə ABŞ-də keçirilmiş “Qlobal srateji infrastruktur liderlik forumu”nda Asiyada beş ən yaxşı strateji infrastruktur layihəsindən biri seçilib. Bununla yanaşı, “2022–2026-cı illər üzrə Türk Dövlətləri Təşkilatı Strategiyası”nda Trans-Xəzər fiber-optik kabel xəttinin icrasının sürətləndirilməsi, Avropa ilə Asiya arasında yüksək ötürmə gücünə sahib olacaq fiber-optik internet xəttinin qurulması prioritet vəzifə kimi göstərilib.