RU

Bir rəssamın sənət yolu

Bir çox rəssamlar kimi danışmağı sevməyən, artıq 80 yaşı olan Rafael Əsədovla ünsiyyət adama xoş əhval gətirir. Televiziya və kinoda önəmli işlərindən xəbərdar olsaq da, əksəriyyətimiz onu yaxından tanımırıq. Başını aşağı salıb işini görənlərdəndir. İnternetdə də onun haqqında məlumat yetərincə deyil. Buna görə də özü ilə üzbəüz görüşüb söhbət elədik. 

Rafael Əsədov dedi ki, onun haqqın­da vaxtilə AzTV-də birgə çalışdlığımız rejissor Şərif Qurbanəliyev “Bir rəssamın monoloqu” adlı sənədli film çəkib. “Öz haqqımda nə deyim ki? Həmin filmdə hər şey var”. 

Həvəslə baxdığımız filmin ilk kadrları onun doğulub böyüdüyü Masallı şəhərində lentə alınıb. Rəssam monoloqunda uşaqlıq illərini xatırlayır, o böyüdükcə qızılgüllərlə dolu olan həyətlərinin sanki balacalaşdığı­nı söyləyir. Amma sevinir ki, hər dəfə bura gələndə valideynlərinin ruhlarını hiss edir. Doğma ocağı 16 yaşında tərk edib Bakıya gedən gənc rəssam “Ömür tək bu gün deyil ki, həm də dünəndir, yaşananlardır”, – de­yir. 

Ədəbiyyat həvəskarı olan atasının ev­dəki çoxsaylı kitablarının şəkilləri, illüstra­siyaları uşaq yaşlarından onu söz sənətinə deyil, rəssamlığa meyilləndirib. İlk vaxtlar həmin şəkillərin üzünü rəngli karandaşla ağ vərəqlərə köçürüb, sonra Masallının mənzərələrini çəkib. Oğlunu kimyaçı gör­mək istəyən ata onun rəssamlığa həvəsini görərək, bu sənətin arxasınca getməsinə razılıq verib. Amma Rafael Bakıya, Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəs­samlıq Məktəbinə ilk gəlişində foyedəki rəsmləri görüncə, belə əsərlər yarada bil­məyəcəyini düşünüb və imtahan vermə­dən geri qayıdıb. Növbəti ildə bir qədər də püxtələşib özünə güvənən gənc təzədən Bakıya üz tutub və Rəssamlıq Məktəbinə qəbul edilib. Orada sənətin incəliklərinə dərindən yiyələnib. Məktəbi bitirdikdən sonra bir müddət doğma rayonunda işlə­yib. Sonra tale yolları onu yenidən paytax­ta gətirib. 

Gənc rəssam 2 il paytaxtın müxtəlif yerlərində laborant, çertyojçu vəzifələrində işləyib, kirayələrdə yaşamalı olub. “Yazı­çı”, “Gənclik”, “Maarif” və s. nəşriyyatlar­da, “Pioner”, “Ulduz” jurnallarında Azər­baycan və dünya ədəbiyyatı nümunələrinə yüzlərlə illüstrasiya çəkib ki, bunların da bir qismi hazırda respublika muzeylərinin dəyərli eksponatıdır. Nəhayət, 1968-ci ildə rəssam dostu Ədalət Həsənovun köməkliyi ilə Azərbaycan dövlət televiziyasında işə düzəlib. Daha da kamilləşsin deyə, təhsi­lini davam etdirmək istəyən Rafael Gert­sen adına Leninqrad Pedaqoji İnstitutunun bədii qrafika fakültəsinə daxil olub. Amma ailə vəziyyəti ilə əlaqədar orada oxumayıb, anasının təkidi ilə sənədlərini alaraq geri qayıdıb. Sonra Bakıda İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini bitirib. 

O, AzTV-də 40 ildən artıq çalışıb, əv­vəlcə şriftçi rəssam olub, sonra müxtəlif studiya verilişlərində, səhnəciklərdə rəs­samlıq edib. Minnətdarlıqla xatırlayır ki, bir dəfə tanınmış rejissor Rauf Kazımovski onun maraqlı bir dekorasiyasını görərək, birgə çalışmağa dəvət edib. Beləcə, Rafa­elə böyük tamaşaları da etibar ediblər və öhdəsindən bacarıqla gəlib. Onlarla televi­ziya tamaşasının, filmlərin mahir quruluş­çu rəssamı olub. Sonra illərcə baş rəssam kimi fəaliyyət göstərib və işləri daim bəyə­nilib. 

Rəfael Əsədov hamının həvəslə bax­dığı “Evləri köndələn yar”, “Yaşıl eynəkli adam”, “Qonşu qonşu olsa”, “Nigarançı­lıq”, “Fatehlərin divanı”, “Ac həriflər”, “Bala, başa bəla” kimi neçə-neçə unudul­maz tamaşaya uğurlu rəssamlıq quruluşu verib. Bu tamaşaların hamısı dövlət televi­ziyasının qızıl fondunda qorunub saxlanır, vaxtaşırı proqrama salınır. Yeri gəlmişkən, onunla söhbətimiz zamanı hiss etdim ki, bu tamaşalardan özünün ən çox sevdiyi “Fa­tehlərin divanı”dır. Çünki eyni kollektivdə çalışdığımız üçün mən də xəbərdaram ki, bu tamaşada həm quruluşçu rəssama, həm geyim, dekorasiya rəssamına aid olan bü­tün digər işləri o, özü tək görüb. Bir də ilk böyük işi kimi, Xalq yazıçısı Anarın sse­narisi əsasında Ramiz Mirzəyevlə birlikdə hazırladığı “Ötən ilin son gecəsi” teletama­şasını fərəhlə xatırlayır. 

Onu da deyim ki, 1997-ci ildə “Topal Teymur”, “Ac həriflər” və “Nigarançılıq” televiziya tamaşalarının bədii həllinə görə rejissor Ramiz Mirzəyev və operator Eldar Məmmədovla birlikdə rəssam Rəfael Əsə­dov “Humay” mükafatına layiq görülüb. 2001-ci ildə isə Azərbaycan Respublikası­nın əməkdar mədəniyyət işçisi adını alıb. 

...“Bir rəssamın monoloqu”nun növ­bəti kadrlarının çəkildiyi məkan hazırda Rəssamlıq Akademiyasının tabeliyində olan Ə.Əzimzadə məktəbidir. Tələbəlik dostu – tanınmış heykəltaraş Xanlar Əh­mədovla dəhlizləri, otaqları gəzə-gəzə o il­lərin həzin, kövrək xatirələrinə dalır. Müəl­limlərdən çəkinə-çəkinə oxuduqları dövrü bir qədər də xiffətlə yada salırlar. Hazırda Rafael Əsədov özü müəllimdir: 2017-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təsviri sənət ka­fedrasında dərs deyir. 

Filmdə tanınmış teatr, kino və tele­viziya rejissoru, “Azərbaycantelefilm”in direktoru, Xalq artisti Ramiz Həsənoğ­lu onun haqqında deyir: “İnsanlar var ki, adları çəkiləndə istər-istəməz, gördükləri işlər göz önünə gəlir. Bu mənada Rafael Əsədov bir növ Azərbaycan teleməkanın­da brend sayılır. Onunla işləyəndə adam çox arxayın olur. Digər rəssamlardan fərqli olaraq, səhərlər mənimlə birlikdə, işə ge­cikmədən pavilyona vaxtında gəlməsi, de­koratorları yubatmaması ilə fərqlənib. İna­nıram ki, bundan sonra da onunla birlikdə uğurlu işlərimizi davam etdirəcəyik”. 

Rafael müəllimin həyat yoldaşı Afaq xanım, qızı Əfşan, oğlu Anar da rəssamdır­lar. Ailədə sənət mövzusunda söhbətləri, mübahisələri olanda onun söylədikləri bir­mənalı olaraq ehkam kimi qəbul edilir. Bi­lirlər ki, qərəzsiz olur, yalnız tam əminliklə bildiklərini, özü də ciddi arqumentlərlə dilə gətirir, hamının əsl həqiqətə güvənmə­sini istəyir. Elə universitetdə tələbələri də bu keyfiyyətlərinə görə onu çox sevirlər.

Əli NƏCƏFXANLI
XQ

Избранный
80
xalqqazeti.az

1Источники