Amerikalı Samuel Lenqli buxar mühərriki ilə işləyən uçan aparatı icad etdi və həmin aparatla yalnız 36 metr məsafə qət edə bildi. Ona qədər insan göyə ancaq uçan xalçalarla “səyahət” edə bilirdi. Bu 36 metrlik sıçrayışda insanın əli ilk dəfə göyə çatdı. Amma onlar hələ dəcəl oğlan uşağının ağacın başına dırmaşandan sonra yerə düşə bilmədiyi kimi, aşağı enməyi bacarmırdı. Rayt qardaşlarının taxtadan düzəldilmiş təyyarəsi isə bu məsafəni 260 metrə qədər uzatdı və beləcə, Andersenin, Jül Vernin qəhrəmanları kitabdan çıxıb həyata gəlməyə başladılar.
Texniki tərəqqi inkişaf etdikcə insanın xəyalları gerçəkləşməyə başladı. İndi robotlar insandan heç nəylə seçilmir, onun əvəzinə düşünür, hərəkət edir, hətta deyilənə görə, roman da yaza bilir. Amma bu, təzə hadisə deyil. Makedoniyalı İsgəndərdən sonra dünyanın ikinci zəka və hərb möcüzəsi sayılan Qədim Roma imperatoru Yuli Sezar iyirmi üç bıçaq zərbəsilə öldürüldükdən sonra onun dəfnində insanları heyrətə gətirən bir olay yaşanmışdı. İmperator tabutda bir böyrü üstdən o biri böyrü üstə çevrilmişdi. Sezarın silahdaşlarından olan Antonio xalqı onu öldürən sui-qəsdçilərə qarşı qaldırmaq üçün imperatorun mumiyasını düzəltdirmişdi və onu qurğu ilə hərəkətə gətirmişdi. Sezarın dəfn mərasimində yaşanılan bu olay tarixə məlum olan ilk robot adam örnəklərindən biridir.
Hələ 1206-cı ildə Diyarbəkirdə Əl-Cəzəri tərəfindən yazılan “Kitabül-xəyal” əsərində insan şəklində robotların necə düzəldildiyi və işə salındığı haqqında məlumat verilir. Onun kitabında hərəkət edən insan fiqurlarının rəsmləri öz əksini tapıb. Bir-birinə şərab təklif edən iki şeyx, əllərindəki kasalara içki süzən insanların olduğu qayıq, fil üstündə səyahətə çıxan adam və sair. Türk şairi Sunay Akın “Ay hırsızı” kitabında bu haqda daha ətraflı bilgi verir.
Həm hərəkət edən, həm düşünən robot adamı isə ilk dəfə macar əsilli Volfqanq Ritter von Kempelen yaradıb. Onun 1769-cu ildə yaratdığı robot adam masa arxasına keçib və qarşısındakı canlı insanla şahmat oynayıb. Kempelen imperatriça Terezanın dəstəyilə yaratdığı bu varlığa “Şətrənc oynayan adam” adını verib. Çoxları Kempeleni sehrbaz zənn etmişdi. Festivallarda, yarmarkalarda nümayiş etdirilən “Şətrənc oynayan adam”ı görmək üçün axın-axın insanlar gəlib onun tamaşasına dururdu. Bu robotu görənlər arasında alman şairi və mütəfəkkiri Höte də vardı. Həmin vaxt bu mexaniki varlığı Amerikaya aparmışdılar, Edqar Allen Po onu görüb heyran qalmışdı və bu möcüzə haqqında yazı yazmışdı. Bir gün insanların alın yazısı dedikləri tale sehrli şahmatçını yandırıb külə döndərdi. O, Çikaqodakı təsadüfi yanğın nəticəsində “ömrünü” başa vurdu.
Amma bu robot adam canlı insanı üstələyə, onu bütünlüklə əvəz edə bilmədi. Ayzek Əzimovun qəhrəmanına çevrildisə də (“Robot adam” romanı), vətəndaşlıq hüququ almaq ona qismət olmadı. Amerikalı rejissor Kris Kolumbus çox sonralar bu romanın motivləri əsasında eyni adlı film də çəkdi və bu film “Oskar” mükafatını qazandı. Texnikanın sürətlə inkişaf etdiyi bir dövrdə ata son model robot alıb evinə gətirir, robot tezliklə ailənin bir üzvünə çevrilir, düşünür, onların sevincini, kədərini paylaşır, evdə canlı insan kimi yaşamağa başlayır. Əsərin qısa mövzusu budur. Amma bu robot adam kitabdan çıxıb həyata gələ, şəxsiyyət vəsiqəsi ala bilmir. İnsan zəkası göyləri fəth etməyin yollarını axtarıb tapsa da, neçə yüz illərdir bu robot adama can verə bilmir. Çünki bu səlahiyyət yalnız və yalnız Tanrıya məxsusdur.
Yeni dövrün futuristi sayılan Yuval Noah Harari “XXI əsr üçün 21 dərs” kitabında yazır ki, “qloballaşma qlobal birliyə aparmaq əvəzinə, “növ yaratmağa” aparıb çıxara bilər. İnsanın müxtəlif bioloji siniflərə və ya hətta növlərə bölünməsi baş verə bilər”. Yəni super insan və homo sapiens. Əgər həyatın uzadılması və fiziki sağlamlığın inkişaf etdirilməsi sahəsindəki yeni müalicə metodları yaransa, bəşəriyyət biloji zümrələrə bölünəcək. Harari yazır ki, gələcəkdə biz intellektin şüurdan ayrılmasının şahidi ola bilərik və süni intellektin inkişafı ona gətirib çıxara bilər ki, dünyada yüksək intellektli, lakin şüursuz varlıqlar meydana çıxa bilər. Bu sahə üzrə dünya alimlərinin çox sayda araşdırma əsərləri yazılıb.
Böyük əksəriyyət düşünür ki, süni intellekt heç bir zaman insan zəkasına qalib gələ bilməz. Bu, mümkünsüzdür. Tanrının yaratdığına müdaxilə etmək və onun alternativini yaratmağa cəhd etmək demonların işidir, yəni şeytan əməlidir. Bu mənada texnologiya heç zaman ilahi nizama qalib gələ bilməyəcək. Digər tərəfdən isə digital sistemlər sürətlə inkişaf etməkdədir. İyirmi birinci əsrdə postindustrial sivilizasiya süni intellektə və nanotexnologiyaya əsaslanaraq daha özünəbağlı bir sistem ola bilər. İnsan sivilizasiyası bu yeni mühitə adaptasiya olunduqca dünyanın mənzərəsi də dəyişəcək.
Metamorfozalar iqlim dəyişikliklərinə də öz təsirini göstərməkdədir. İnsanlar yüz min illərdir ki, planetdə yaşayır və bir neçə buzlaşma və istiləşmə dövründən sağ çıxıblar. Elm adamları bu fikirlə razılaşır ki, insan fəaliyyəti, xüsusilə də karbon dioksid kimi istixana effekti yaradan qazların ətraf mühitə yayılması yer kürəsinin iqlimini qorxunc sürətdə dəyişir. Bu da səhraların genişlənməsi, buzlaqların yoxa çıxması, okean səviyyəsinin yüksəlməsi, ekstremal iqlim hadisələrinin daha da intensivləşməsi deməkdir. Herman Melvilin, Meri Şellinin, Jül Vernin əsərlərində bunlar, doğrudan da, insanlara fantastika kimi görünürdü. Zaman keçir, fantastika reallığa çevrilir.
Antiutopik romanın ustaları olan Corc Oruellin “1984”, Rey Bredberinin “451 dərəcə Faranheyt” əsərlərindən tanış olduğumuz monitorlar gerçəyə çevrildi, onların səbəbsiz günah hissindən əziyyət çəkən qəhrəmanlarını yataq otağında da izləyən kameralar insanların hərəkət azadlığını xeyli məhdudlaşdırdı. Amma Tanrı yaratdıqlarının şüurlusu olan insana alternativ insan yaratmaq qüdrəti vermədi. Cövhər onun xəzinəsindədir, bu cövhər Ruhdur. Buna görə də insan heç vaxt öz alternativini yarada bilməz. Məsləhət olsaydı, onu Tanrı yaradardı.
İnsanı həyatdan kitaba gətirmək asandır, onun kitabdan çıxıb həyata gəlməsi isə həmişə baş vermir.
Kənan HACI,
yazıçı-publisist