Fransada keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan komandasının çıxışı davam edir.
Dünən yığmamızın 2 üzvü oyunlarda iştirak edib. T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda çempion olan paraatlet Lamiyə Vəliyeva bu dəfə 400 metr məsafəyə qaçış üzrə yarışda 56,51 saniyəlik nəticə ilə təsnifat mərhələsini 2-ci pillədə başa vuraraq finala vəsiqə əldə edib. Bu növ üzrə final mərhələsi sentyabrın 7-də baş tutacaq.
Yığmamızın üzvü Vəli İsrafilov da Parisdə mübarizəyə qoşulub. Paraüzgüçümüz B13 kateqoriyasında 100 metr məsafə üzrə brass üsulunda yarışıb. O, 1:05.82 nəticə ilə finiş xəttinə üçüncü çatıb. Bu göstərici ilə ilk “8-lik”də yer alan V.İsrafilov final mərhələsinə vəsiqə qazanıb. Təmsilçimiz medal uğrunda mübarizədə 1:05:35 nəticə ilə üçüncü pillədə qərarlaşaraq bürünc medal qazanıb
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var. “Paris-2024” Yay Paralimpiya Oyunları sentyabrın 8-də başa çatacaq.
L.QURBANOVA
XQ