"Ermənistanın son aylarda Azərbaycan ərazilərini mütəmadi olaraq atəş altında saxlaması təbiidir ki, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin dayanıqlı və uzunmüddətli olması üçün çox ciddi təhdidlər yaradır". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Sahil Kərimli deyib.
O bildirib ki, aydın məsələdir ki, Ermənistan bu hərbi təxribatları özbaşına etmir: "Ermənistanı buna vadar edən Qərb və Avropa dairələridir. Həmin dairələr ki, onlar Ermənistanı ciddi şəkildə silahlandırırlar. Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının bəzi ölkələri son aylarda Ermənistana xeyli sayda silah-sursat tədarükü ediblər. Hətta Ermənistan ərazisində hərbi təlimlər keçiriblər. Bütün bunlar deməyə əsas verir ki, Ermənistan Qərb dairələrinin təsiri altında yeni hərbi təxribata sürüklənir.
Son günlər həm Naxçıvan, həm Kəlbəcər istiqamətində Azərbaycanın hərbi mövqelərinin atəş altında saxlanması, hərbi təxribatlar törədilməsi deməyə əsas verir ki, əgər hərbi əməliyyatlar başlayarsa, Ermənistan üçün çox böyük faciələrə gətirib çıxara bilər. Çünki Ermənistan bu hərbi təxribatlarla Azərbaycanın səbr kasasını daşdırmağa çalışır. Bununla da istəyir ki, hərbi əməliyyatların miqyası genişlənsin və Azərbaycana qarşı Qərb dairələrinin bu hərbi təxribatları müəyyən təzyiq vasitəsi kimi həyata keçirilsin".