RU

Bağdad Amreyev: Azərbaycan xalqının Qələbəsi türk ölkələrinin birliyinin mühüm katalizatoru oldu - MÜSAHİBƏ

Bağdad

Astana, 6 sentyabr, AZƏRTAC

“Astana Finance Days” (AFD) illik maliyyə konfransı zamanı beynəlxalq münasibətlər və diplomatiya sahəsindəki zəngin təcrübəsinə əsaslanan Türk İnvestisiya Fondunun prezidenti Bağdad Amreyev Türk dünyasının və planetimizin gələcəyi, inteqrasiya və inkişaf prosesində yeni investisiya fondunun əsas rolu ilə bağlı öz vizyonunu təqdim edib. Sürətlə dəyişən qlobal mənzərə kontekstində Türk İnvestisiya Fondu Türk dünyası ölkələrinin iqtisadi əməkdaşlığı və inkişafı üçün əsas alətə çevrilmək niyyətindədir.

Forum çərçivəsində AZƏRTAC-a verdiyi eksklüziv müsahibəsində Fondun prezidenti türk ölkələrinin inteqrasiyası və onların dünya miqyasında artan nüfuzu ilə bağlı iddialı planları açıqlayır.

- Türk İnvestisiya Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri hansılardır?

- Yekun məqsəd türk ölkələrinin inteqrasiyasıdır. Biz, ilk növbədə, bu inteqrasiyaya yolunda ümumi iqtisadi potensialımızı birləşdirmək, biznes icmalarımız üçün ən əlverişli şərait yaratmaq və əlaqələrimizi ən yaxşı şəkildə gücləndirən birgə müəssisələr təsis etməklə irəliləyirik. Fond türk ölkələrinin iqtisadiyyatına əhəmiyyətli maliyyə resursları axınını stimullaşdırmaqla, xarici investisiyaların cəlb edilməsi istiqamətində fəal iş aparacaq.

- Türk İnvestisiya Fondunun yaradılması ideyası necə yarandı?

- Türk İnvestisiya Fondunun yaradılması ideyası 2014-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülüb. Bu gün biz dövlətlərimizin ümumi arzusunu reallaşdırmaqla bu ideyanı həyata keçirmişik.

Biz tez-tez türk mədəniyyətindən, kimliyindən, coğrafiyasından, tarixindən danışırıq, ortaq irsimizi önə çəkirik. Əsas vəzifəmiz bu ümumi irsi gücləndirmək və inkişaf etdirmək, inteqrasiyanı təşviq etmək və türk ölkələrinin qlobal kontekstdə uğurlu tərəqqisinə nail olmaqdır. Türk İnvestisiya Fondunun yaradılması bu istiqamətdə iqtisadi əməkdaşlığın və xalqlarımızın ümumi rifahının stimullaşdırılmasına hesablanmış mühüm addımdır.

- Fondun hazırkı fəaliyyəti və onun əməli işinin nə vaxt başlanması barədə ətraflı məlumat verərdiniz. Bu qurumun fəaliyyətinə başlamaq üçün hansı addımlar atılıb?

-Liderlərimiz Fonda böyük əhəmiyyət verirlər və bu da səbəbsiz deyil. Fond artıq qanuni olaraq yaradılıb və biz onun əməliyyat fəaliyyətinin cari ilin noyabr-dekabr aylarında başlayacağını gözləyirik.

Bu, dəqiq olaraq nə deməkdir? Layihələrin maliyyələşdirilməsinə başlamağı planlaşdırırıq. Əlbəttə, bu, iddialı hədəfdir, lakin biz ona nail olmaq üçün çox çalışırıq. Bunun üçün biz bütün lazımi hüquqi baza yaratmışıq: normativ sənədlər və normativ əsasnamələrin hamısı qəbul edilib, təşkilati struktur təsdiq olunub.

Qeyd etmək vacibdir ki, biz artıq baş direktor - Azərbaycandan Ramil Babayevi təyin etmişik. Hazırda idarəetmə komandasını formalaşdırır və fəaliyyətimizin əsas istiqaməti olan investisiya siyasətini işləyib hazırlayırıq.

Beləliklə, Fond rekord müddətdə formalaşıb və tezliklə tam tərkibdə fəaliyyətə başlayacaq.

- Hansı sahələr və fəaliyyət istiqamətləri prioritet olacaq? Sizcə, regionun digər maliyyə institutları ilə müqayisədə bu fondu unikal edən nədir?

- Layihələrə gəlincə, bizim yanaşmamız çoxvektorludur və müxtəlif sahələri əhatə edir. Müxtəlif təşəbbüsləri maliyyələşdirməyi planlaşdırırıq, lakin birgə müəssisələrə xüsusi diqqət yetiriləcək. Kiçik və orta biznes ilkin mərhələdə daha çox dəstək alacaq.

Biz ölkələrimizin ümumi potensialının üzə çıxarılmasına kömək edəcək istənilən layihəyə açığıq. Bunlar təkcə birgə müəssisələr deyil, həm də dövlətlərimizin maraqlarına cavab verən digər təşəbbüslər də ola bilər.

Bizim fəaliyyət sahələrimiz sənaye, ticarət, kənd təsərrüfatı, innovasiyalar, elm və texnologiya, rəqəmsallaşma - bir sözlə, ümumi inkişafımıza töhfə verə biləcək bütün istiqamətləri əhatə edir.

Başa düşmək lazımdır ki, Fondun məqsədi təkcə maliyyə layihələri ilə məhdudlaşmır. Bunun üçün artıq ölkələrimizin çoxlu fondları, bankları var, hökumətlər xüsusi büdcələr ayırır. Bizim missiyamız ümumi maraqlar üçün çalışmaq, müəssisələr yaratmaq, ümumi potensial formalaşdırmaq və ölkələrimizi gücləndirməkdir.

- Sizcə, Türk dünyasının qlobal geosiyasətdə rolunun güclənməsinə konkret hansı hadisə və ya amillər təsir edib?

- Son illər türk ölkələrinin artan birliyini müşahidə edirik. Onlar getdikcə daha çox əlaqələndirilmiş hərəkətlər nümayiş etdirir və ümumi problemləri birgə həll edirlər. Vurğulamaq istəyirəm ki, türk ölkələri dünya miqyasında önəmli aktora çevrilir, türk faktoru isə yeni geosiyasi reallıq olur.

Bunu hamı qəbul edir - dostlarımız, rəqiblərimiz, qonşularımız və tərəfdaşlarımız. Türk dövlətləri həqiqətən də beynəlxalq münasibətlərin nüfuzlu iştirakçılarına çevriliblər.

Türk ölkələrinin birliyinin mühüm katalizatoru Azərbaycan xalqının Qələbəsi və işğal altında olan Qarabağın azad edilməsi oldu. Bu hadisə birliyə yeni təkan verdi, türk ölkələrinin potensialını gücləndirdi, xalqlarımızı ruhlandırdı və Türk dünyasının dünya səhnəsində əsas aktorlardan birinə çevrilə biləcəyinə inamı gücləndirdi.

- Türk İnvestisiya Fondu Orta Dəhliz layihəsində hansı rolu oynaya bilər? Bəs bu dəhliz türk ölkələri arasında iqtisadi əlaqələrin gücləndirilməsi üçün nə dərəcədə vacibdir?

- Orta Dəhlizə gəlincə, bu, bizim əsas prioritetlərimizdən biri olaraq qalır. Türk İnvestisiya Fondu zərurət yarandıqda, şübhəsiz ki, onun inkişaf prosesində iştirak edəcəkdir. Bu dəhliz türk ölkələrinin ümumi potensialının gücləndirilməsi istiqamətində səylərimizin ən mühüm istiqamətlərindən birini təşkil edir. Onun iqtisadi əməkdaşlığımız və inteqrasiyamız üçün əhəmiyyəti çox böyükdür.

Əminik ki, Orta Dəhliz təkcə Türk dünyasının deyil, bütün Avrasiya regionunun inkişafında mühüm amilə çevriləcək.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Избранный
86
1
azertag.az

2Источники