Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin BRİCS-ə tam üzvlük müraciəti barədə açıqlamalar verib. Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyənin NATO üzvü olması BRİCS-ə üzv olmaq üçün problem deyil.Sergey Lavrov Vladivostokda keçirilən Şərq İqtisadi Forumu çərçivəsində Rusiyanın RBC televiziyasına müsahibəsində Türkiyənin 70 ilə yaxındır ki, NATO-ya üzvü olmasına və Avropa Birliyindəki namizəd statusuna da toxunub. NATO rəsmilərinin Türkiyənin BRICS-ə müraciəti ilə bağlı səssiz qaldığına diqqət çəkən Lavrov, amerikalıların bunun NATO üzvlüyü ilə bir arada mümkün olmadığını deməsinə diqqət çəkib: “Bir türk rəsmisinin dediyi kimi, müəyyən təşkilatların üzvü olan dövlətlərin BRİCS ilə əlaqəsi ola bilməyəcəyinə dair bir qayda yoxdur. BRİCS üzvləri və bu ittifaqla əməkdaşlığı inkişaf etdirən ölkələr üçün vacib olan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində göstərilən dəyərləri bölüşməkdir. Ölkələrin bərabərliyi, mübahisələrin sülh yolu ilə həlli, bütün ölkələrin müstəqilliyinə və ərazi bütövlüyünə hörmət və onların daxili işlərinə qarışmamaqdır”.