"İpoteka şərtlərinin yüngülləşdirilməsi çox vacibdir. Xüsusən sosial ipoteka kreditlərinin qısa zamanda bölüşdürülməsi müşahidə edilir".
Bunu "Unikal"a açıqlamasında VI çağırış Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.O bildirib ki, həm güzəştli ipoteka kreditləri üzrə məbləğin artırılması, həm də şərtlərə baxılması vacib məsələdir:
"Güzəştli ipoteka kreditləri dövlət büdcəsindən ayrılan vəsait hesabına təklif olunan kreditlərdir. Həm kredit faizlərinə baxılması, həm də aşağı salınması mümkündür. Eyni zamanda bu istiqamətdə daha çox vəsaitin ayrılması məqsədəuyğun olardı. Daha çox vəsaitin ayrılması xüsusən gənclərin mənzil probleminin həllinə dəstək olar. Təklifimiz ondan ibarətdir ki, güzəştli kreditlər üzrə daha çox vəsaitin ayrılması imkanlarına baxılsın, əlçatanlığın genişləndirilməsi ilə bağlı yeni mexanizmlər tətbiq olunsun. Həmçinin, şərtlərin yumşaldılması istiqamətində addımlar atılsın ki, bu, vətəndaşlarımızın güzəştli kreditlərə əlçatanlığını artırsın.
Güzəştli kreditlər daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlarımız üçün nəzərdə tutulub. Fəlsəfəsi sosial dəstəyin gücləndirilməsi olduğu üçün bu istiqamətdə qeyd etdiyimiz məqamlar nəzərə alınmaqla təkmilləşdirmələrin həyata keçirilməsi məqsədəuyğun olardı".
Anar Kəlbiyev