Sosial şəbəkələrdə şirkətlərdən birinə aid kloun vasitəsilə sosial test aparılmasının görüntüləri yayılıb.
Avtosfer.az xəbər verir ki, paytaxt metrolarından birinnin eskalatorunda çəkilən videoda kloun vətəndaşların hər biri ilə salamlaşmağa çalışaraq vətəndaşların nəbzini ölçməyə çalışıb.
Belə ki, vətəndaşlara yumruqla salam verməyə çalışan klouna gözlənilənin əksinə çox az adam reaksiya verib. Vətəndaşların belə soyuq avranışı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid olunub. Bəzi istifadəçilər isə bu cür reaksiyanın sosial problemlərlə bağlı ola biləcəyi fikrini irəli sürüb.
Mövzu ilə əlaqədar psixoloq Aygül Məlikova saytımıza açıqlamasında deyib ki, belə məqamlarda individual yanaşma mütləqdir.
“Nəzərə almaq lazımdır ki, sosial problemi olanlarla yanaşı, ünsiyyətcil olmayan, təması sevməyən insanlarımız da var. Sosiallaşma problemi olmayan insanlar üçün klounun etdiyi hərəkətin eynisi, yəni tanımadığı insanlarla salamlaşmaq adi haldır. Bunu hətta əyləncəli qəbul edirlər. Bir qism insanlar da var ki, onlar ümumiyyətlə ünsiyyətcil deyil və onlar belə halları ümumiyyətlə qəbul etmirlər. Beləki, təması və ünsiyyəti sevməyən insanlar üçün bu cür davranışlar mənasızdır və insanlar bir-birinə təmas etmədən də salamlaşa bilərlər. Təbii ki, belə məqamda insanların böyüdüyü mühit və düşdüyü aura da önəm daşıyır. Bu tip insanlar hətta ailə üzvlərinin belə onlara məxsus hissələrə yaxınlaşmağına icazə vermirlər. Hətta elə insanlar belə var ki, yolda yeriyəndə insanlardan məsafəli hərəkət edir və ya kimsə onlara toxunanda aqresiv reaksiya verirlər”.
Psixoloq sonda onu da qeyd edib ki, vətəndaşların klouna göstərdiyi reaksiyanın başlıca səbəbi onların yetişdiyi mühit və zehniyyətlə bağlı ola bilər.
Səfər