RU

Borcu qaytarmayan şəxs məhkəməyə verilə bilərmi? – Hüquqşünas rəyi

Hazırki dövrdə dələduzluğun müxtəlif üsulları geniş yayılıb. Bu isə vətəndaşlarda bir-birlərinə qarşı güvənsizlik yaradır. Alınmış borcun geri qaytarılmaması və ya borcun yubadılması faktlarının artması da bu baxımdan diqqət çəkir.

Maraqlıdır, bir şəxs digərindən pul alıb geri qaytarmırsa, şəxsin əməli hansı hallarda dələduzluq sayılır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, dələduzluq haqqında məlumat Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin “Mülkiyyət əleyhinə olan cinayətlər” fəslində yer alıb:

“Azərbaycan Respublikasında dələduzluq cinayət əməli hesab olunur. Dələduzluq etibardan suistifadə, aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə, əmlak hüquqlarını əldə etməkdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin 11 iyun 2015-ci il tarixli Dələduzluq Cinayətlərinə Dair İşlər üzrə Məhkəmə Təcrübəsi Haqqında Plenum qərarında dələduzluq cinayətinin izahı, bununla bağlı araşdırma, mühakimə metodları, o cümlədən dələduzluq cinayətinə dair mümkün bütün aspektlər hüquqi baxımından açıqlanıb. Məhkəmə təcrübəsi ümumiləşdirilmiş şəkildə ortaya qoyulub”.

O bildirib ki, hazırda dələduzlar professional şəkildə davranırlar:

“Dələduzlar inam formalaşdırmaq üçün şəxsdən aldıqları məvacibə uyğun borc müqaviləsi bağlayırlar. Vətəndaş borc müqaviləsinə etibar edir, işi alınmayanda onunla pulunu geri qaytaracağını düşünür. Lakin bu məqam insanlarda şübhə yaratmalıdır ki, dələduzluq əməli ilə üz-üzədir. Bununla bağlı vətəndaş hüquq-mühafizə orqanlarına müraciət edəndə faktiki cinayəti törətmiş, lakin de-yure cinayət törətməyən dələduz borc müqaviləsini təqdim edərək işin cinayət təqibindən mülki icraata keçirilməsini tələb edir. Bu halda isə prokurorluq əməkdaşı, polis işin mülki əsaslı olmasından dolayı ərizəni geri qaytarır. Avropa İnsan Haqları Məhkəməsinin bir sıra president qərarlarında dələduzların savadlı oğrular olduğu ifadəsi işlədilib. Kimsə bu cinayətə məruz qalırsa, hüquq-mühafizə orqanlarına (polis, prokurorluğa) müraciət etməlidir”.

Hüquqşünasın sözlərinə görə, dələduzluq cinayəti əməli öz təsdiqini taparsa, 2-ilə qədər müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılr:

“Eyni zamanda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1 maddəsinin 1-ci bəndinə əsasən 178.1 ci maddə ilə barəsində cinayət təqibi aparılan şəxs zərərçəkmiş şəxslə barışar və ona dəymiş ziyanı tam ödəyərsə, cinayət məsuliyyətindən tam azad olunur”.

Aygün Mirakif,

KONKRET.az

Избранный
34
konkret.az

1Источники