Ankara, 6 sentyabr, AZƏRTAC
Azərbaycan milli mədəniyyətinin təbliği məqsədilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Türkiyə türkcəsində “Vikipediya” Beynəlxalq Elektron Ensiklopediyasında “Azerbaycan halısı” adlı bölmə istifadəyə verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzi yanında vikipediya könüllüləri tərəfindən hazırlanan bölmədə, Azərbaycan tətbiqi sənətinin bir qolu olan xalçaçılığın ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, xalqın dərin istedadını əks etdirdiyi qeyd olunur.
Bildirilir ki, Azərbaycan xalqının milli mədəniyyət tarixində özünəməxsus yer tutan və xalq sənətinin ən geniş yayılmış növü olan xalçaçılıq sənəti Azərbaycan xalqının simvollarından birinə çevrilib.
Məqalədə Azərbaycan xalça sənətinin tarixi ilə əlaqədar maraqlı faktlar öz əksini tapıb.
Yaradılmış bölmədə orta əsrlərdə Şamaxı, Təbriz və Bərdə şəhərləri Azərbaycanda xalçaçılığın mərkəzləri olduğu vurğulanır, "Kitabi - Dədə Qorqud" dastanında, habelə Azərbaycan klassik ədəbiyyatının tanınmış şairləri Əbülla Gəncəvi, Nizami Gəncəvi, Əfzaləddin Xaqaninin yaradıcılığında xalçaların vəsf edildiyi vurğulanır.
Qeyd olunur ki, xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir və Azərbaycan xalçaçılıq sənəti 2010-cu ildə UNESCO-nun qeyri - maddi mədəni irs siyahısına daxil edilib.
Yaradılmış “Azərbaycan xalçasının dünya mədəniyyətinə təsiri”, “Azərbaycan xalçaçılıq məktəbləri”, “Azərbaycan xalça muzeyi”, “Xarici rəssamların əsərlərində yer alan Azərbaycan xalçası”, “Xalçaların naxışları” və s. altsərlöhvələrdə maraqlı məlumatlar, fotoşəkillər, bu mövzuda çoxsaylı ədəbiyyat siyahısı yer alıb.
Azərbaycan Mədəniyyət Mərkəzindən verilən məlumata görə, Türk dilində Azərbaycan xalçası ilə bağlı bölmənin istifadəyə verilməsi bu istiqamətdə maraqlanan internet istifadəçiləri, habelə tədqiqat aparan mütəxəssislərin informasiya tələbatını təmin edəcək və mühüm mənbə olacaqdır.
Vikipediyada hazırlanan “Azerbaycan halısı” adlı səhifə ilə https://tr.wikipedia.org/wiki/Azerbaycan_hal%C4%B1s%C4%B1 linkə daxil olaraq tanış olmaq mümkündür.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara