RU

Sürücülərə şad xəbər - Bu istiqamətlər üzrə...

Artıq bir müddətdir ki, Bakı-Yalama istiqamətində yeni ödənişli yol fəaliyyət göstərir. Ənənəvi köhnə magistrala alternativ olaraq çəkilən bu yol vasitəsi ilə şimal istiqamətində yerləşən ünvanlara daha tez və rahat çatmaq mümkündür.

Yeni yolun daha hamar, rahat və keyfiyyətli olması səbəbindən sürücülərin bir çoxu da məhz bu yoldan istifadə edir. Bəs görəsən, yaxın zamanlarda Bakıdan digər regionlara da eyni formada alternativ ödənişli yolların çəkilməsi gündəmdədirmi? 

Day.Az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, belə yolların inşası olduqca faydalıdır: 

"Ödənişli yolların özünəməxsus xüsusiyyətləri var. Bu tip yolların mənfi və müsbət tərəflərindən əlavə, müəyyən dərəcədə iqtisadi əsaslandırması da var. Misal üçün, Bakı-Yalama yolu Rusiya Federasiyası ilə əlaqələr baxımından dövlət əhəmiyyətli yoldur və orada çox böyük həcmdə yükdaşımalar həyata keçirilir. O cümlədən, yaxın perspektivdə Şimal-Cənub nəqliyyat dəhlizinin və Orta Asiyadan gələn yüklərin İrandan keçərək Azərbaycan üzərindən Avropaya nəqli və hətta Çindən gələn malların da bu yola qoşulması haqda məlumatlar var. Bu baxımdan təzə yolların sırf rahat gediş-gəliş üçün yox, dövlət üçün əlavə gəlir mənbəyi kimi olması nəzərdə tutulur. Bakı-Qazax magistral yoluna da alternativ ödənişli yolun çəkilməsi mümkündür. Həmin yol boyu ərazilərdə işlər görülərsə, əlavə yol və zolaqların salınması mümkün olar. Amma bir neçə il öncə, Bakı-Quba-Qonaqkənd- Şamaxı arasındakı yaşayış məntəqələrini birləşdirən yolunun inşası nəzərdə tutulurdu. Həmin yolun ödənişli olacağı ilə bağlı məlumatıar var idi. Lakin sonra məsələ gündəmdən çıxdı. Ona görə də, müxtəlif istiqamətlərdə alternativ ödənişli yolların çəkilməsi real görünür". 

Nəqliyyat eksperti Eldəniz Cəfərov qeyd edib ki, bu tip yollarda yüksək səviyyədə infrastrukturun olması çox vacibdir: 

"Ödənişli yolların inşası müxtəlif istiqamətlərdə ola bilər. Sadəcə, yaxşı olardı ki, həmin ödənişli yollarda işıqlandırma keyfiyyətli olsun və yol nişanları bol olsun. Təhlükəsizlik baxımından da yol boyu müəyyən infrastrukturun təşkili olduqca vacibdir. Həmin yollarda tibb məntəqələrinin, işıqlandırmanın və yol nişanlarının olması çox önəmlidir". 

Избранный
73
5
day.az

6Источники