RU

"Həyat yoldaşım məni həmişə dəstəkləyir, oğlum isə..." - Brilliant Dadaşova ilə müsahibə

Xalq artisti Brilliant Dadaşova “Jolly Joker Bakı”da konsert proqramından öncə mətbuat nümayəndələrinin suallarını cavablanadırıb.
 
Moderator.az Teleqraf.com-a istinadla xalq artisti ilə qısa müsahibəni təqdim edir:
 
- Brilliant xanım, sentyabrın 15-də doğum gününüz olacaq. Ad gününüzü necə qeyd etməyi düşünürsünüz?
 
- Bilirsiniz ki, mən heç vaxt dəbdəbəli doğum günü qeyd etmirəm. Amma dostlar sağ olsunlar, həmişə məni yad edirlər. Evə güllər göndərirlər. Bəlkə yenə də doğum günüm ailəvi qeyd edəcəyik.
 
- Bu günki konsertinizdə ailə üzvlərinizdən kimsə iştirak edəcəkmi?
 
- Bəli, həyat yoldaşım Ədalət Hacıyev konsertə gəlib. Oğlum Cahad da gəlməlidir. Ümumiyyətlə, o, çox adam olan yerləri xoşlamır. Bu gün isə konsertə gələcəyinə söz verib.
 
- Daim həyat yoldaşınız Ədalət Hacıyevin sizin sənətinizi dəstəklədiyini görürük. Maraqlıdır, həyat yoldaşınız sizin ifanızda ən çox hansı mahnınızı sevir?
 
- Həyat yoldaşım 90-cı illərdən daim Heydər Əliyev Sarayında baş tutan konsertlərimizə gəlir. Düzdür, çox görünməyi xoşlamır. Amma həmişə məni dəstəkləyir və hər şeyin estetik tərəflərinə diqqət edir. Mahnılarımın çoxunu sevir: “Sevəcəyəm”, “Sevgimizə yağış yağır bu gecə ” və sair... O, klassik estrada əsərlərini və səs tələb edən mahnıları daha çox xoşlayır.
 
 
- Saç rənginizi tez-tez dəyişirsiniz. Bir müddət əvvəl saçınız kürən idi, bu gün isə sarı...
 
- Bəli... Mənim “Gözəllik dünyanı xilas edəcək” adlı layihəm var idi. Onda hər həftə saç rəngimi dəyişib efirə çıxırdım, sarı, qara və sair. O vaxt saçlarım çox korlandı. Çünki həftə ərzində saçımın rəngini dəyişməli olurduq. Əslində, saçlarım qara rəngdədir.
 
- Mahnılarınızı yenidən aranjeman elətdirmisiniz...
 
- Mahnılarımı yenidən aranjeman, bir çoxunu isə remiks elətdirdik. 10-15 yeni mahnılarım var. Mənə pərəstişkarlarım yazırdı ki, “Sevəcəyəm”, “Sevgimizə yağış yağır bu gecə” kimi mahnılarınızı yenidən ifa edin. Görürəm, insanlar mənim mahnılarımı ifa edirlər, mən niyə ifa etməyim?! İnşallah, yeni albomumuz da çıxacaq
 
- Siz qardaş Türkiyəyə səfər edən ilk müğənnilərdənsiniz. Ümumiyyətlə, hər hansı layihə edən zaman reklam tərəfinə, yoxsa musiqiyə daha çox diqqət edirsiniz?
 
- Hər insanın öz yanaşma tərzi var. Səhnə fəaliyyətimin 40 ilini qeyd edəcəm. Üslubumu və xarakterimi də bilirsiniz. Mənim üçün maddi tərəfdən öncə musiqidir. Əslində, Rafiq Babayev vəfat etdikdən sonra gördüm ki, ondan başqa heç kim üçün musiqini birinci sıraya qoymur. Yalnız o elə bir insan idi.
 
Rafiq müəllim bizim üçün ata, qardaş, böyük, yol göstərən olub. Çox böyük musiqiçi idi. Təbii ki, hər şey yerində olmalıdır. Amma əlbəttə ki, hər şeydən öncə musiqiyə diqqət edilməlidir.
 
- Bugünkü səhnə tərziniz türk müğənnisi Ajda Pekkana bənzəyir. Bu haqda nə deyə bilərsiniz?
 
- Mən uşaq idim, əmim Məlik və Sənan Dadaşov deyirdi ki, bizim qızımız Ajda Pekkana oxşayır. Məni Ajda Pekkana oxşadırlar. Ola bilər, bügünkü səhnə geyimimi Ajda Pekkana oxşatsınlar. Mən özüm də Ajda Pekkanı çox sevirəm. Amma musiqi haqqında düşünürəm ki, özüm olmalıyam.
 
- Ən son Ajda Pekkanla nə vaxt əlaqə saxlamışınız?
 
- Təxminən dörd il əvvəl...
 
- Onunla eyni səhnəni bölüşmək istərdinizmi?
 
- Əlbətə ki...
 
Избранный
79
1
moderator.az

2Источники