RU

Şüvəlan sakinlərinin yol problemi: "Səkilər yoxdur, zibillər yığışdırılmır"

Xəzər rayonu, Şüvəlan qəsəbəsi sakinləri yollarının təmirsiz olmasından şikayətçidirlər. Bununla əlaqədar olaraq, onlar Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.

Bakupost.az xəbər verir ki, ölkədəki quruculuq işlərini, xüsusən də COP29-a hazırlıqla əlaqədar paytaxt Bakı və ətraf rayonlarda aparılan abadlıq tədbirlərini yüksək qiymətləndirən və təqdir edən müraciət müəllifləri Şüvəlan qəsəbəsinin bağ massivi, Mirmöhsüm Ağa ziyarətgahının yaxınlığı, 90-cı Şüvəlan döngəsi, 1-ci Döngə və digər ərazilərdə ciddi abadlıq işləri aparılmasına ehtiyac olduğunu bildirirlər.


Onların sözlərinə görə, adıçəkilən ərazilərdə yollar tozlu-torpaqlı və keçilməzdir:

"Xeyli vaxtdır ki, bu yollara asfalt döşənməyib. Piyadalar üçünsə ümumiyyətlə, səkilər yoxdur. Bundan başqa, burada bütün yolların ətrafı zibillikdir və üfunət qoxuyur. Bu küçə və yollardan zibillərin yığışdırıldığını görməmişik. Mövcud antisanitariya vəziyyətində yaşamaq dəhşətlidir".

Müraciətin sonunda sakinlər qeyd olunanların nəzərə alınması və tədbir görülməsini xahiş ediblər.



Elnur
BakuPost
Избранный
150
bakupost.az

1Источники