“Hücum xəttində xeyli qol epizodları yaradıb, müdafiədə boşluq verdik. Sonda nəticə bizi qane etməsə də, qarşıda görüləsi işlər çoxdur”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov Azərbaycan yığmasının Millətlər Liqasının l turunda İsveçlə keçirilən oyun haqda danışarkən deyib.
Sadıqov yeni baş məşqçiyə zaman verilməsini istəyir: “Milli Fernandu Santuşun rəhbərliyi altında ilk oyuna çıxırdı. Baş məşqçi az müddətdə komanda ilə birlikdə olub. Müsbət tərəf odur ki, güclü rəqibə qarşı açıq futbol oynamağı təklif edib. Hücum xəttində xeyli qol epizodları yaradıb, müdafiədə boşluq verdik. Sırf balanslaşdırılmış heyət qurmaq üçün vaxta ehtiyac var. İnanırıq ki, getdikcə heyətdə və oyun planında dəyişiklər görəcəyik. Bəllidir ki, məqsəd 2028-ci ilə qədər komandanı ən uğurlu, pik həddə gətirib çıxarmaqdır. İnşallah, ildən-ilə tam fərqli müsbət tərəfə dəyişən millinin şahidi olacağıq”.
Vaqif bəy heyət barədə danışmağı doğru saymır: “Dünənki start heyət haqda kənardan nəsə demək rahatdır. Amma Santuş özü də bildirdi ki, bizdə 50-ə yaxın futbolçu var və hər birini nəzərdən keçirmişik. Bəziləri zədəli və idman formasından uzaq olduğu üçün kimlərsə start heyətlə meydana çıxdı. Mən inanıram ki, zamanla Fernandu Santuş heyətdə də xeyli dəyişikliklər edəcək. Futbolçularla tanış olub, daha sonra potensiallarına güvəndikləri ilə yola davam edərək, istədiyi oyunu quracaq. Ona görə də ilk matça görə qınamaq istəmirəm. Düzdü, ilk addım uğurlu olsaydı, inam daha da artardı. Amma inanaq ki, gələcək görüşlərdə millimiz bizi sevindirəcək”.
Sadıqov Ramilin penalti vurmasına da belə münasibət bildirib: “Ramil özünə inanaraq pentaltini vurmağa çalışdı. Burada pis bir şey yoxdur. Baxmayaraq ki, Santuş mətbuat konfransında bildirdi ki, penalti vurmaq Emin Mahmudova tapşırılmışdı. Amma hər penaltini qola çevirmək rahat deyil. İstəməzdim ki, belə epizod komandanın daxilində pis mənada ab-havaya təsir etsin. Ən vacibi odur ki, hər kəsin niyyəti xoş olsun. 3:0-dan sonra bəlkə də qapımızda daha çox qol görəcəyimizi düşünə bilərdik. Amma son dəqiqələrdə bizim komandamız hücumda idi. Hətta hakim matçı bitirdiyi zaman belə top bizdə idi. İlk oyun idi və əsas odur ki, baş məşqçi komandanı daha yaxşı, dərindən təhlil etdi”.
Gələn oyunda Bəhlul Mustafazadənin yoxluğundan da danışan Sadiqov bu mövqedə özünü sübut etmək istəyənlər üçün şans yarandığını bildirib: “Hesab edirəm ki, milliyə ən yaxşı futbolçular seçilir. Ən yaxşı dedikdə ilk 11-lik nəzərdə tutulmur. Bu gün Mustafazadəni də əvəz edən futbolçular tapılmalıdır. Biz istəyirik ki, gələcəkdə güclü, rəqabətli yığma komandanı yarada bilək. Bu mövqedə özünü sübut etmək üçün kiməsə şans veriləcək. Bu şansdan yararlanmaq fürsəti olacaq. Hər bir itkini büruzə verməmək üçün yığmada futbolçular olmalıdır”.
GÜNAY SÜLEYMANOVA