RU

Bölgələr üzrə REKORD: “Şagirdlərimiz intellektləri ilə hamıdan fərqlənir”

Bu il ali məktəblərə qəbul imtahanlarında bölgələr üzrə yeganə 700 bal Şəki məktəbindən oldu.

 

Şəki şəhər 18 saylı orta məktəbin məzunu Zərifə İlyasova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. 

 

Təsadüfi deyil ki, cari ildə Şəki-Zaqatala Regional Təhsil İdarəsi üzrə 196 nəfər 600-dən çox bal toplayıb.

 

AzEdu.az Təhsil Portalı olaraq 18 nömrəli məktəbdəki dərs mühiti, müəllim kollektivi və şagirdlərin bacarıqlarını öyrənmək üçün məktəbin direktoru və 11-ci sinfin rəhbəri ilə əlaqə saxladıq.

 

Məktəbin direktoru Məmməd Mahmudov söhbətimiz zamanı bildirdi ki, şagirdləri həm intellektual, həm də təhsilə bağlılıqları ilə digərlərindən fərqlənirlər.

 

-Məmməd müəllim, bəziləri hesab edir ki, məktəbdə gənc kadrlar işləməlidirlər. Bəziləri isə yaşlı nəslin təcrübəsinin təhsilə daha çox fayda verdiyini vurğulayırlar. Bəs, sizin məktəbdə ən çox hansı yaş aralığında müəllimlər çalışırlar?

 

-Bizim məktəbdə həm yaşlı, həm də gənc kadrlar çalışırlar. 65 yaşı tamam olmuş müəllimlər işdən çıxarılaraq, yerləri daha gənc kadrlar üçün vakanta ayrılır.

 

-Məktəbdə şagird-müəllim münasibətlərini necə tənzimləyirsiniz? Sizcə indiki şagirdlər əvvəlki dövrlərlə müqayisədə nəyi ilə fərqlənirlər?

 

-Bizim müəllim kollektivi sadə və səmimidirlər. Şagirdlərin hər biri ilə öz övladımız kimi davranırıq. Müəlliməm deyib, uşaqlara laqeyd yanaşmırıq. Onların hər hansısa problemi varsa, valideyn kimi yardımçı oluruq.

 

Şagirdlərimiz arasında elmə marağı olanlar çoxluq təşkil edirlər. Mənim fikrimcə, indiki uşaqlar bizim dövrə nisbətən çox daha ağıllı və savadlıdırlar.

 

- Sizcə şagirdin yüksək bal toplaması kimdən və nədən asılıdır?

 

-Şagirdin yüksək bal toplamağında əvvəlcə uşağın, daha sonra isə genetik faktorların rolu böyükdür. Şagird özü çalışmaq əzmində olduğu müddətcə daim uğur qazana və digərlərindən fərqlənə bilər.18 nömrəli məktəb üzrə 45 məzunumuz keçid balını toplayıb. Bu il 630, 650 və 700 ballıq məzunlarımız oldu. Ötən il məktəb üzrə ən yüksək nəticəmiz 695 bal idi. Ümumilikdə bu il 42 nəfər şagirdimiz ali məktəblərə daxil olub.

 

11a sinfinin rəhbəri, Azərbaycan dili də ədəbiyyat fənni müəllimi Billurə Əhmədova söhbətimiz zamanı qeyd etdi ki,  həmin sinfin 22 məzununun hər biri bu il tələbə adını qazanıb.

 

-Şagirdlərimizdən 10 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib. Qəbul imtahanlarında 5 nəfər 600-dən, 5 nəfər isə 500-dən yüksək nəticə göstərib. Şagirdlərimiz çox çalışqan olublar. Nəticələrinin yaxşı olması üçün, bayram günlərində belə onlarla çalışmışıq.

 

-Bəzən, əsasən də ucqar bölgələrdə qış aylarında şagirdlərin dərsə davamiyyəti qanedici səviyyədə olmur. Bəs, sizin məktəbdə şagirdlərin dərsə davamiyyəti necə idi?

 

-Elə vaxt olmayıb ki, şagirdlər dərsə gəlməsin. Hər gün onlar dərsdə iştirak edirdilər. Məktəb kitablarında məhz qəbul tipli çalışmalar çox olmadığı üçün onlara dərsdə əlavə test topluları işlədirdik. Bu testlərə onların maraqları o qədər idi ki, məhz bu səbəbdən hər gün dərsə gəlirdilər. Müəllimlərimiz şagirdlərlə o qədər səmimi davranırlar ki, məktəbdən məzun olanda da kədərlənərək vidalaşırlar.

 

-Şəkinin ən çox bal toplayan məktəblisi, Zərifənin 700 bal toplayacağına inanırdınızmı? O potensialı onda görürdünüzmü?

 

-Mən Zərifəni 4-5 ildir tanıyıram. İlk vaxtlar onu görəndə potensialının olduğunu hiss etmişdim, amma bilikləri zəif idi. Qrammatikanı, mətn üzərində işləməyi demək olar ki, bilmirdi. Amma ona nəyi desək, edirdi. Bilmədiyi sualları soruşurdu, öyrənməyə maraqlı idi. Hətta 9-cu sinifdə 1 sualı səhv işarələdiyi üçün çox heyfislənirdi, əsəbləşirdi. O həmin vaxtdan bəri qarşısına məqsəd qoymuşdu ki, ən yüksək bal toplayacaq. Məhz bu əzminə görə mənim də onun istəyinə inamım sonsuz idi.

Избранный
133
azedu.az

1Источники