400 min insan köçürülüb, hava limanları bağlanıb - Təhlükə
Çinə təhlükə yaradan Yagi qasırğası səbəbindən ölkədə qatarların hərəkəti və uçuşlar dayandırılıb, 400 min insan təxliyə edilib.
Reyting.az xəbər verir ki, son zamanlar Filippində təsirli olan və insan tələfatı ilə nəticələnən Yagi qasırğasının bu gün Çinə çatacağı gözlənilir. Bu ilin ən şiddətli qasırğası hesab edilən Yagi qasırğasının axşam saatlarında ölkənin məşhur turist adası Haynanı vuracağı gözlənilir.
Çin müxtəlif tədbirlər görüb, qatar səfərlərini və uçuşları dayandırıb. Ölkədə 400 min insan təxliyə edilib. Ölkənin cənub bölgələrində məktəblərdə təhsil dayandırılıb, Haynandakı bütün turistik yerlərin bağlanmasına əmr verilib və yerli əhali güclü küləyə qarşı diqqətli olmağa çağırılıb.
Digər tərəfdən, dünyanın ən uzun dəniz keçidi olan və Honq-Konqu Makao və Quanqdonq əyalətindəki Çjuhaya birləşdirən əsas körpü də bağlanıb.
Qasırğanın sabah axşam saatlarında Vyetnamın şimalına çatacağı gözlənilir. Vyetnamda qasırğadan əvvəl müxtəlif tədbirlər görülür, təbii fəlakətə qarşı mübarizəyə 460 min əsgər və polis ayrılıb. Sabah ölkənin şimalında 4 hava limanı bağlanacaq.