“Financial Chain Corporation”ın idarəedici tərəfdaşı Zaur Qədirov “Pro Sport” Gimnastika Klubunun üzvləri ilə görüşüb
Əvvəlcə klubun üzvlərini salamlayan Zaur Qədirov “Financial Chain Corporation”ın (FCHAIN) ölkədə idmanın inkişafına verdiyi dəstəkdən söhbət açıb.
“Financial Chain Corporation”ın idarəedici tərəfdaşı FCHAIN-in bir çox möhtəşəm idman tədbirlərinin sponsoru olduğuna diqqət çəkərək, şirkətin Azərbaycan Atletika Federasiyası ilə uğurlu əməkdaşlığını böyük məmnuniyyətlə vurğulayıb.
Ölkəmizin Paris Olimpiyasında möhtəşəm uğurlarından bəhs edən Z.Qədirov paraolimpiyaçımız Lamiyə Vəliyevanın qələbəsini fəxrlə qeyd edib. Bildirib ki, FCHAIN-nin rəsmi sponsoru olduğu gənc və perspektivli gimnast Züleyxa Şabanovanın da uğurları göz qabağındadır. İstedadlı gimnastımız sonuncu dəfə Gürcütanda keçirilmiş beynəlxalq çempionatdan vətənə 5 qızıl medalla dönüb. İdmanın inkişafına dəstəyin şirkət üçün əsas məsələ olduğunu bildirən “Financial Chain Corporation”-ın idarəedici tərəfdaşı gələcəkdə də bu gözəl missiyanın davam etdiriləcəyini xüsusi vurğulayıb.
Sonra “Pro Sport” Gimnastika Klubunun nümayəndələri Leyla Hüseynli və Samirə Səlimzadə səmimi görüş üçün təşəkkürlərini bildirib, FCHAIN ilə “Pro Sport” arasında əməkdaşlığın perspektivlərindən söz açıblar. Qeyd edilib ki, klub FCHAIN-nin dəstəyi ilə çoxsaylı uğurlara imza atıb və bu əməkdaşlıq ölkədə idmanın inkişafına töhfəsini verir.
Görüş zamanı, həmçinin gələcək aylarda qarşılıqlı əməkdaşlıq çərçivəsində keçiriləcək çempionatlar və idman layihələri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə FCHAIN-in İctimaiyyətlə əlaqələr üzrə rəhbəri Günel Musa və şirkətin administrativ əməkdaşı Nərmin Məmmədova da iştirak edib.