RU

Süleyman Mikayılov qəbul keçirdi - Fotolar

Sentyabrın 6-da Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Sanqaçal qəsəbəsində növbəti səyyar qəbulu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, qəbulda Sanqaçal qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

65-ə yaxın qəsəbə sakinindən 11 nəfəri fərdi qaydada dinləyən Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını verib, bəzi müraciətlər yerindəcə həll edilib.

S. Mikayılov çıxışında 11-24 noyabr tarixlərində Bakıda keçiriləcək olan konfrans (COP29) çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin ölkəmizdə qəbul edilməsinin gözlənildiyini bildirib.

O qeyd edib ki, həmin ərəfədə ölkəyə səfər edən qonaqların bir çoxu rayonumuza səfər edərək, rayonun tarixi abidələrini, o cümlədən Qobustan Dövlət Tarixi-Bədii Qoruğunu, Karvansarayları, övdanları ziyarət edəcəklər. Bu səbəbdən də rayon ərazisində geniş abadlıq quruculuq işləri aparılmaqdadır. Əhali arasında ekoloji və sanitar normaların riayət olunmasına diqqət yetirilməli, bu istiqamətdə maarifləndirici işlər geniş aparılmalıdır.

Bundan əlavə, RİH başçısı Qərbi Azərbaycan İcmasının işindən geniş söz açıb. S.Mikayılov Qərbi Azərbaycan İcmasının tərkibində fəaliyyət göstərən Qərbi Azərbaycan Televiziyası binasının açılışı olduğunu xatırladıb. O bildirib ki, Qərbi Azərbaycan Televiziyası son 200 ildə mərhələli şəkildə öz el-obasından deportasiya edilən azərbaycanlılar, Qərbi Azərbaycanda məhv edilən Azərbaycan irsi barədə həqiqətlərin çatdırılmasına, o cümlədən sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə geri qayıdış uğrunda aparılan fəaliyyətə yaxından dəstək olmağa istiqamətlidir. S.Mikayılov bu işdə əhalinin yaxından iştirak etməsini xahiş edərək, Qərbi Azərbaycan İcması və Qərbi Azərbaycan Televiziyasının sosial şəbəkələrdə olan profillərinin izlənilməsi, orada paylaşılan materialların bəyənilməsi və paylaşım edilməsininin vacib olduğunu vurğulayıb.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin Başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdiriləcək.








Избранный
180
1
qafqazinfo.az

10Источники