RU

Elnarə Qasımovanın və Fərid Mehralızadənin həbs müddəti uzadılıb

Bu gün Xətai rayon Məhkəməsində “AbzasMedia işi” üzrə həbs olunan jurnalist Elnarə Qasımovanın və iqtisadçı Fərid Mehralızadənin həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu barədə AzadlıqRadiosuna müdafiə tərəfləri məlumat verib. Söhbət məhkəmə istintaqına qədər həbs-qətimkan tədbirinin uzadılmasından gedir. E.Qasımovanın həbs müddəti noyabrın 13-nə, F.Mehralizadənin isə dekabrın 19-na qədər uzadılıb. Bununla bağlı istintaq orqanının təqdimatı təmin edilib. Onların həbs müddəti sentyabrın 20-də başa çatırdı. F.Mehralızadə iyunun 1-də həbs edilib. E.Qasımova isə bu il yanvarın 15-də həbs olunmuşdu. Onun buna qədər də həbs müddəti artırılmışdı. Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ittihamları ağırlaşdırılıb. Əlavə ittihamlar külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, habelə mütəşəkkil dəstə ilə qaçaqmalçılıq, vergidən yayınmaq, sənəd saxtalaşdırması və saxta sənədlərdən istifadə ilə bağlıdır. Əvvəlki ittihamla onlara 8, sonrakı ittihamlarla isə 12 ilə qədər həbs cəzası verilə bilər. Onlar ittihamı qəbul etmirlər. Onlardan başqa bu iş üzrə həbs edilən daha bir neçə nəfərin də ittihamı ağırlaşdırılıb. Vəkil Cavad Cavadovun AzadlıqRadiosuna bildirməsinə görə, F.Mehralızadə məhkəmədə deyib ki, onun bu işlə, ümumiyyətlə, əlaqəsi yoxdur. O ehtimal edir ki, həbsi çoxsaylı iqtisadi təhlilə söykənən tənqidi çıxışları, yazıları ilə bağlıdır. E.Qasımovanin vəkili Günay İsmayılovanın sözlərinə görə, o da həbsini jurnalist fəaliyyəti ilə izah edib. Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların əvvəlcə çoxu “AbzasMedia işi” ilə əlaqəli olub. Həmin işdə öncə saytın direktoru Ülvi Həsənli, əməkdaşı Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib. Daha sonra bu işə aid həbslər jurnalistlər Hafiz Babalı, Nərgiz Absalamova və başqaları ilə davam edib. Amma onlar ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 250-300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. AzadlıqRadiosu

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
68
xural.com

1Источники