RU

Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

Azərbaycanın bu gün beynəlxalq münasibətlər sistemində yeri və rolu onun artan nüfuzunun, sözünün imzası qədər dəyərli olmasının göstəricisidir. Xarici siyasətimizin əsas  istiqamətlərindən biri bütün ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin qurulması, illər keçdikcə  münasibətlərin yeni istiqamətlər üzrə inkişafı və strateji tərəfdaş səviyyəsinə yüksəlməsidir. Bu gün Azərbaycan böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmət və maraqlar prinsipi əsasında əlaqələr qurur, heç bir dövlətin daxili işinə müdaxilə etmir və öz daxili işinə müdaxiləni də yolverilməz hesab edir. Əməkdaşlıqda qarşılıqlı etimad mühitinin qorunması və möhkəmləndirilməsi dövlətimizin xarici siyasətində prioritet məsələdir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən siyasəti daim etimad mühitinin qorunmasında stimulverici amildir. Təəssüflər olsun ki, dünyanın bəzi aparıcı dövlətlərinin bugünədək yaxa qurtara bilmədikləri ikili standartlara əsaslanan siyasəti bir çox hallarda etimadın qorunmasına, inama kölgə salır, müəyyən mənada narazılıqların yaranmasını şərtləndirir. Azərbaycanın xarici siyasət uğurlarından bəhs edərkən ikitərəfli əməkdaşlıqda və beynəlxalq təşkilatlarda qazandığı uğurlarla yanaşı,  prioritet məsələ olan  və artıq tarixin arxivinə atılan keçmiş Qarabağ münaqişəsinin həllinə yanaşmaya diqqət yetirməyə bir zərurət duyulur. Dövlətimizin başçısı İlham Əliyevin xarici ölkələrə elə bir səfəri, çıxışı, yaxud müsahibəsi  yoxdur ki, 30 illik işğal, 44 günlük İkinci Qarabağ müharibəsi və  postmünaqişə dövrünün reallıqlarına diqqət yönəldilməsin. Ermənistanın 30 il davam edən işğalı dövründə bəzi ölkələrin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qalsaq da  bu, dövlətimizin siyasətində heç bir dəyişikliyə səbəb olmadı, əksinə, Azərbaycan hücum diplomatiyasını uğurla davam etdirərək kimin haqlı, kimin isə haqsız tərəf olduğunu əsaslı şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsi zamanı döyüş meydanında tarixi Zəfəri qazanmasında informasiya mübarizəsində üstünlüyü əhəmiyyətli rol oynadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu və erməni silahlı birləşmələrinin bu əraziləri qeyd-şərtsiz tərk etmələrinin vacibliyi öz əksini tapmışdı. Lakin BMT qənamələrini kobud şəkildə pozmasına, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməməsinə görə Ermənistana hansısa bir sanksiyanın tətbiq olunmaması işğalçı dövləti böyük iddialarla çıxış etməsi, ən əsası yeni ərazilər uğrunda müharibə planı hazırlamağa şirnikləndirdi. Ədalətin və beynəlxalq hüququn bəzi dünya güclərinin maraqlarının arxasında gizlədilməsinə   baxmayaraq, Azərbaycan gec-tez ədalətin zəfər çalacağına əmin idi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2021-ci ildə  Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimində səsləndirdiyi bu fikirləri xatırlatmaq istərdik: “İşğal dövründə bir çoxlarımız - həm keçmiş məcburi köçkünlər, həm bütün Azərbaycan xalqı, o cümlədən də mən dəfələrlə fikirləşirdik ki, dünyada ədalət yoxdur. Çünki ədalət olsaydı, biz bu vəziyyətə düşməzdik. Mən də o cümlədən belə fikirdə idim. Ancaq həyat göstərdi ki, ədalət var, sadəcə, dözümlü olmaq lazımdır, səbirli olmaq lazımdır, ədalətə inanmaq lazımdır və ədalətə nail olmaq üçün çalışmaq lazımdır, hədəfə doğru getmək lazımdır. Ədaləti bərpa etmək üçün fədakarlıq göstərmək lazımdır. Bu gün biz hamımız ürəyimizdə deyirik və açıq deyirik ki, bəli, ədalət var, ədalət bərpa edildi, biz bu gün Şuşadayıq və bundan sonra Şuşada əbədi yaşayacağıq.”

Türk dünyasının birliyi dövrün əsas çağırışlarındandır

Bəli, Azərbaycan 44 gündə  tarixi  Zəfərə imza atdı. Bundan üç il sonra həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində  suverenliyini tam bərpa etdi və bununla da Cənubi Qafqazda yaratdığı yeni  reallıqlarla dünyanın diqqətində oldu. Yeni dövrə qədəm qoyan Azərbaycanın  xarici siyasət uğurları biri-birini əvəzləyir. Azərbaycanın istər qonşu, istər Avropa, istərsə də Mərkəzi Asiya ölkələri ilə əlaqələri yüksələn xətlə inkişaf edir. Bunu qarşılıqlı səfərlərlə yanaşı, Azərbaycanın ev sahibliyi etdiyi, yaxud Prezdient İlham Əliyevin fəxri qonaq qismində qatıldığı tədbirlər də təsdiqləyir. Azərbaycanın artan nüfuzu, Prezident İlham Əliyevə göstərilən etimad əlaqələrin yüksələn xətlə, yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, türk dünyasının birliyi, həmrəyliyi hazırkı dövrün əsas çağırışları sırasındadır. Dünya hər zaman Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının timsalında türk dünyasının birliyinin şahidinə çevrilib və bu gün də şahidlik edir. Günümüzün reallıqlarına söykənərək böyük əminliklə qeyd edirik ki, bu gün bu birlik, həmrəylik bütün türk  dövlətlərinin qardaşlığında ehtiva olunur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi bizim ailəmiz türk dünyasıdır. Biz özümüzü çox yaxşı hiss edirik. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır, böyük ərazidir, böyük hərbi gücdür, böyük iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc əhalidir, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Bundan güclü birlik ola bilərmi? Əlbəttə ki, yox. Biz müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Türk dünyası dedikdə, ilk növbədə, Mərkəzi Asiya ölkələri yada düşür. Çünki Şərqdən Qərbə uzanan türk dünyası dövlətlərinin əksəriyyəti məhz bu regionda yerləşir. Bu gün Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələrinin inkişafı heç də təsadüfi xarakter daşımır. Ölkəmizin bu regionla əlaqələrinin genişlənməsində  nəqliyyat dəhlizləri də mühüm rol oynayır. Bu baxımdan Prezident İlham Əliyevin Mərkəzi Asiya  ölkələrinə mütəmadi səfərləri, həmçinin regional təşkilatların tədbirlərində fəxri qonaq qismində iştirakı ölkəmizin region dövlətləri ilə əlaqələrinin dinamikasını nümayiş etdirir. Son bir neçə ildə dövlətimizin başçısının Mərkəzi Asiya ölkələrində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sammitlərində, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-cı Zirvə toplantısında, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində və digər tədbirlərdə iştirakı, eyni zamanda, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının - SPECA-nın Zirvə görüşünün Azərbaycanda keçirilməsi ölkəmizə marağın əyani təcəssümüdür.

Şərqlə Qərbi bir araya gətirən körpü… 

Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar əlaqələrin inkişafında stimulverici amildir. Azərbaycan Şərqlə Qərbin qovuşağında yerləşməklə ölkələri, xalqları bir araya gətirən körpü rolunu oynayır. Hazırkı dövrün çağırışlarında bu mühüm məqam xüsusi vurğulanır  ki,  yeni körpulər qurmalıyıq. Təbii ki, burada söhbət yeni yolların, korpülərin tikintisi, çəkilişi ilə yanaşı, yeni əməkdaşlıq formatlarının yaradılmasından gedir. Azərbayanın tranzit imkanlarının genişliyi məlumdur. Təkcə işğaldan azad edilmiş ərazilərimizdə üç Beynəlxalq Hava Limanının tikintisi, onlardan ikisinin artıq istifadəyə verilməsi  bu imkanlarımızın gündən-günə artdığnı böyük əminliklə qeyd etməyə əsas verir. Beynəlxalq statusa malik olan bu hava limanları həmin ərazilərin böyük strateji əhəmiyyətə malik olduğunu bir daha təsdiqləyir. Bu gün Qarabağın, Şərqi Zəngəzurun hava qapılarının dünyaya açılması da Azərbaycanın xarici siyasət uğurlarının əsas tərkib hissələrindən biridir. Tarixi Zəfərimiz türk dünyasının birliyini daha da möhkəmləndirir. Türk dövlətlərinin Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə töhfələri də bunun bariz nümunəsidir. Ötən il Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan Mirzə Uluqbəy adına orta məktəbin, bu il isə Qazaxıstanın hədiyyəsi olan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı oldu. Həmçinin bu il Ağdam rayonunda Qırğızıstanın hədiyyəsi olan orta məktəb binasının təməlqoyma mərasimi keçirildi.

 Prezident İlham Əliyev  dost ölkələrin işğaldan azad edlimiş ərazilərdə aparılan bərpa işlərinə dəstəyini daim yüksək dəyərləndirir və bildirir ki,  Qarabağın bərpasına dəstək qardaşlıq münasibətlərimizin təzahürlərindən biridir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək,  Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələrin böyük perspektivləri mövcuddur. Bu gün Avropanın enerji təhlükəsizliyinə ciddi töhfələr verən Azərbaycan Şərqlə Qərb arasında, o cümlədən Mərkəzi Asiya ölkələri üçün mühüm tranzit ölkə və etibarlı tərəfdaşdır.  Azərbaycan bərpaolunan enerji sahəsində Mərkəzi Asiya ölkələri ilə sıx əməkdaşlıqda maraqlıdır. Bu ilin may ayında imzalanmış “Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu” yaşıl enerji sahəsində əməkdaşlığımızda ilk addım kimi dəyərləndirildi.

Günümüzün reallıqları bu əminliyə də  əsas verir ki,  Azərbaycanın beynəlxalq əlaqələri bundan sonra daha da genişlənəcək, onun müxtəlif regionlar arasında rolu bundan sonra da davam edəcək. Dövlətimizin başçısı İlham Əliyev bu ilin avqustunda  Qazaxıstanın paytaxtı Astanada Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşündə çıxışı zamanı diqqəti bu rəqəmə yönəltdi ki, bu, mənim son iki ildə  Mərkəzi Asiya ölkələrinə 16-cı səfərimdir. Həmin müddətdə Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan prezdientlərinin Azərbaycana ümumilikdə 15 dəfə səfərləri olub.  Azərbaycan və Mərkəzi Asiya ölkələri artan strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Xalqlarımızı çoxəsrlik tarix, mədəniyyət, din və ortaq dəyərlər birləşdirir.

Enerji təhlükəsizliyinin təminatında artan qlobal rol

Göründüyü kimi, qlobal dünyanın əsas çağırışları sırasında olan enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu daim xüsusi qeyd edilir. Ölkəmizin  malik olduğu enerji resurslarından səmərəli itifadə etməsi, gündəmə gətirdiyi və uğurlu sonluqla  başa çatdırdığı enerji layihələri dünyanın enerji təhlükəsizliyinə töhfələrinin davamlılığını təmin edir.  Vaxtilə neft ölkəsi kimi tanınan Azərbaycan bu gün  qaz, elektrik enerjisi ixracatçısıdır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycana biri-birindən mühüm uğurlar qazandırır. Bu gün Azərbaycan bərpaolunan enerji sahəsində əməkdaşlığa böyük önəm verməsi ilə diqqətdəir. Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi də bunun bariz nümunəsidir.

Enerji təhlükəsizliyi Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığında da əsas amillərdən biridir. Belə ki, Azərbaycan xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi Azərbaycan-Avropa İttifaqı əlaqələrinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Azərbaycanın həm Avropa İttifaqı, həm də bu quruma üzv dövlətlərlə əlaqələri yüksələn xətlə inkişaf edir. Bu, dövlət başçısı İlham Əliyevin  Avropa ölkələrinə, həmin ölkələrin dövlət başçılarının Azərbaycana səfərlərində də özünün aydın ifadəsini tapır. Cənab İlham Əliyevin İtaliyadan öncə Böyük Britaniya, Almaniya və digər Avropa ölkələrinə səfərləri çərçivəsində əlaqələrimizin dünəninə baxış əsasında perspektivlər müzakirə edilmiş, əlaqələrin yeni istiqamətləri müəyyənləşdirilmişdir.  Azərbaycan Avropa İttifaqına üzv dövlətlərin 9-u ilə Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Onu da qeyd edək ki,  2022-ci ildə Bakıda Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen ilə dövlət başçısı İlham Əliyev Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladılar. Bu, ölkəmizin enerji resurslarının daha da inkişaf etdirilməsi istiqamətində atılmış çox vacib addım idi. Dövlətimizin başçısı İlham Əliyev sözügedən Anlaşma Memorandumunu   gələcək fəaliyyətimizin yol xəritəsi adlandırıb.

İtaliya ilə əlaqələr və yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu

Azərbaycanın bu gün dünya və ölkə mətbuatında əsas müzakirə mövzularından biri dövlət başçısı İlham Əliyevin İtaliya Prezidenti Sercio Mattarellanın dəvəti ilə bu ölkəyə sayca üçüncü səfəri, keçirdiyi görüşlər, həmçinin Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən keçirilən Beynəlxalq Forumdakı çıxışında səsləndirdiyi fikirlərdir. Öncə onu xüsusi vurğulamaq gərəkdir ki, cənab İlham Əliyev  Forumda əsas qonaq qismində iştirak etdi. Sayca 50-ci olan Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında  Prezident İlham Əliyevin “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışı mühüm çağırışlarla zəngin oldu. Dövlətimizin başçısı İlham Əliyev Forumdakı çıxışında bu mühüm məqamı xüsusi vurğuladı ki, İtaliya ilə yüksək səviyyəli təmaslarımız çox yaxın tərəfdaşlar olduğumuzu nümayiş etdirir. Azərbaycandan İtaliyaya uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlətimizin başçısı bildirdi ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır.

Prezident İlham Əliyevin çıxışında  diqqət göstərdiyi əsas məsələlərdən biri Azərbaycanın tarixi Zəfəri, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi oldu. “Təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası oldu. Bu, həqiqətən onu nümayiş etdirdi ki, beynəlxalq hüququn aliliyi o zaman təmin edilə bilər ki, burada hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real güc də var” söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının hüquqi öhdəlik yaradan dörd qətnaməsinin olmasına baxmayaraq, bu işğal davam edirdi. ATƏT-in bu məsələ ilə məşğul olması üçün xüsusi qrup təsis etdiyini deyən dövlətimizin başçısı 28 il ərzində həmin qrupun sıfır nəticə hasil etdiyini vurğuladı. Azərbaycanın Ermənistana təklif etdiyi sülh təklifi, son dörd ilə yaxın müddətdə onun reallaşdırılması istiqamətində atılan addımlar da geniş şəkildə tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Bir daha vurğulandı ki, sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olunub.  On üç kilometrlik hissə demarkasiya edilib. Azərbaycanın  Ermənistanla 1000 kilometrlik sərhədi var. Dövlətimizin başçısı İlham Əliyev bu əminliyi ifadə etdi ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək.

Şübhəsiz, keçirilən hər bir tədbir iştirakçı ölkələrin malik olduğu imkanların, mövcud reallıqların dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Hər zaman bu mühüm məqam xüsusi diqqət çəkir ki, beynəlxalq tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq Azərbaycana xüsusi maraq göstərilir. Bu, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. “The European House – Ambrosetti” beyin mərkəzi, eyni zamanda, İtaliya və Avropa üçün potensiala malik ölkələrlə əməkdaşlığın təşviqinə müsbət təsir göstərmək imkanına malik, ikitərəfli iqtisadi gündəmləri inkişaf etdirmək iqtidarında olan liderləri bir araya gətirərək yüksək səviyyəli müzakirə platformaları təqdim edir. Cənab İlham Əliyevin belə bir yüksək statusun daşıyıcısı olan Forumda dərin məzmunlu çıxışı, tədbir çərçivəsində keçirdiyi görüşlər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənildi və hazırda xarici ölkələrin mətbuatında geniş təhlil edilir.  Onu da qeyd etmək istəyirəm ki, cənab İlham Əliyev 2022-ci ildə İtaliyaya işgüzar səfəri çərçivəsində də  Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunun “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda plenar iclasında iştirak edərək ünvanlanan suallar əsasında  Azərbaycanın uğurlu enerji siyasətindən, əldə edilən göstəricilərdən, ölkəmizin artan beynəlxalq nüfuzundan geniş bəhs etmişdi.

Göründüyü kimi, Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü uzaqgörən və müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, öz sözünü qətiyyətlə deyən ölkəyə çevrilib. Xüsusilə ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatında,  Türk Dövlətləri Təşkilatında, İslam Əməkdaşlıq Təşkilatında, İqtisadi Əməkdaşlıq Təşkilatında və digər qurumlarda aktiv fəaliyyəti onun qlobal miqyasda cərəyan edən proseslərə təsir imkanlarını genişləndirib.

Yeni dövrün yeni hədəfləri 

Dövlətimizin başçısı İlham Əliyev yeni dövrün yeni hədəflərini açıqlayarkən “Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət, - bunu hamı bilir, - daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın olacaq, açıq olacaq və bu gün dünya ictimaiyyəti bizim siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə bizi BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi” fikirlərinin davamı olaraq bu çağırışı da etdi ki, biz, ümumiyyətlə, bu yeni dövrdə xarici siyasət istiqamətində yeni üfüqlər açmalıyıq. Əgər əvvəlki dövrdə  xarici siyasətimizin əsas istiqaməti Ermənistan-Azərbaycan münaqişəsinin həlli idisə, bu gün artıq bu məsələ demək olar ki, gündəlikdə durmur. Ona görə xarici siyasətimizin yeni istiqamətləri üstünlük təşkil etməlidir: “Biz dünyanı narahat edən problemlərin həllində daha fəal olacağıq, o cümlədən iqlim dəyişikliyi ilə əlaqədar. Nəzərə alsaq ki, COP29-un ev sahibi və sədri olacağıq, eyni zamanda, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Neokolonializmə qarşı mübarizə aparan ölkələrin yanında olmalıyıq.” Günümüzün reallıqları belə bir ümumiləşdirməyə əsas verir ki, Azərbaycan qlobal problemlərin həllində beynəlxalq həmrəyliyin gücləndirilməsinə çağırış etməklə yanaşı, bunu əməli fəaliyyəti ilə təsdiqləyir. Bütün dünyanı Bakıda bir araya gətirəcək COP29 bunun bir daha əyani təsdiqi olacaq.

Vüqar Rəhimzadə,
“İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, professor

Избранный
159
50
ikisahil.az

10Источники