RU

“Düşmənin hər bir addımından xəbərdar idik və münasib məqamı gözləyirdik” – Antiterror əməliyyatının DETALLARI

Vətən müharibəsindən sonra Ermənistandan Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət, yanacaq və minaların daşınması üçün Şuşa şəhərindən yan keçən alternativ torpaq yolu çəkilmişdi. Bir çoxu 2021-ci ildə, yəni, Vətən müharibəsindən sonra Ermənistanda istehsal edilmiş minalar əsasən yaşayış məntəqələrinə və qəbiristanlıqlara yaxın ərazilər, meşəliklər və magistral yollarda, həmçinin təmas xəttinin 2 kilometr genişliyində 100 kilometrə yaxın ərazilərdə basdırılmışdı.

Yenicag.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin idarə rəisi polkovnik Anar Eyvazov antiterror əməliyyatının uğurla başa çatmasının birinci ildönümü ilə bağlı nazirliyin saytına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən erməni əsilli Azərbaycan sakinlərinin məskunlaşdığı yaşayış məntəqələrində döyüş texnikalarının yerləşdirilməsi, həmin yaşayış məntəqələrinin ətrafında uzunmüddətli atəş mövqelərinin qurulması və bölmələrimizin atəşə məruz qalması, hədə-qorxu gəlməklə erməni əsilli mülki sakinlərin silahlanmaya məcbur edilməsi və Ordumuzun bölmələrinə qarşı silahlı təxribatlara təhrik edilməsi barədə məlumat əldə edilmişdi.

Polkovnik qeyd edib ki, Qarabağ iqtisadi zonasında fəaliyyət göstərən mühüm strateji infrastruktur obyektlərinin, su anbarlarının, körpülərin, iaşə və istehsal obyektlərinin partladılması məqsədilə təxribat-diversiya planları, dağlarda, meşələrdə və strateji yüksəkliklərdə qeyri-qanuni erməni silahlı dəstələrinin gizlənməsi və tərtiblənərək mövqelər qurması, həmçinin azad edilmiş ərazilərə qayıdan azərbaycanlı ailələrin, həmçinin tikinti-quruculuq işlərində çalışan mütəxəssislərin qeyri-qanuni erməni silahlı dəstələrinin təxribat-diversiya aktlarına və artilleriya atəşinə məruz qalacağı barədə də kifayət qədər məlumatlar var idi. 480 kilometrə qədər təmas xətti boyu bölmələrimizin və mülki sakinlərimizin hərəkətini izləmək məqsədilə Ermənistan silahlı qüvvələrinə məxsus 200-dən artıq müşahidə kamerasının quraşdırıldığı Ordumuzun kəşfiyyat vasitələri tərəfindən müəyyən olunmuşdu.

“Narahatlıq doğuran daha bir məsələ isə Ermənistan silahlı birləşmələrinin qalıqlarının qaldığı ərazilərdə “Voma”, “Yerkrapah” “Artsiv-30-Ararat” terror təşkilatları və “İşığın ordusu”, “Qırmızı beretlilər 5165″, “Erməni qartalları”, “Aramo 114″ könüllü dəstələrinin 11 təlim və tədris mərkəzində döyüş hazırlığı və atış çalışmalarına cəlb edilməsi idi.

Yəni, biz düşmənin hər bir addımından xəbərdar idik və münasib məqamı gözləyirdik. İmkan, şərait yarandı, vaxt yetişdi və Ali Baş Komandan tərəfindən tapşırıq verildi. Ali Baş Komandan nəyin nə vaxt ediləcəyini yaxşı bilirdi. Silahlı Qüvvələrimiz isə dövlət başçısının tapşırığını uğurla, inamla və qısa zamanda yerinə yetirdi”, – deyə Anar Eyvazov vurğulayıb.

Избранный
138
yenicag.az

1Источники