ABŞ-nin keçmiş prezidenti Donald Tramp 2024-cü il seçkilərində yenidən seçiləcəyi təqdirdə texnologiya milyarderi İlon Maskı vəzifəyə təyin edəcəyini açıqlayıb.
Tramp bu haqda Nyu-Yorkda işgüzar görüşdə çıxış edən zaman danışıb.
Trampın sözlərinə görə, Mask administrasiyada federal hökumətin maliyyə və fəaliyyətinə nəzarətdən məsul olacaq:
“Bu komissiyanın ilk vəzifəsi altı ay ərzində saxtakarlığın və yanlış ödənişlərin tamamilə aradan qaldırılması üçün fəaliyyət planı hazırlamaq olacaq”.
Tramp həmçinin ABŞ-ni kriptovalyuta mərkəzinə çevirməyi, idxal olunan məhsullara vergiləri artırmağı və Bayden administrasiyasının İqlim və İnflyasiya Qanununu ləğv etməyi vəd edib.
İlon Mask isə “X “sosial media platformasındakı paylaşımında “ABŞ-yə xidmət etməyi səbirsizliklə gözləyirəm. Maaş, titul və ya təqdir gözləmirəm”,- yazıb.(qafqazinfo.az)