İran hakimiyyəti artıq Rusiyaya yaxın mənzilli ballistik raketlər göndərib.
Moderator.az "TSN"-ə istinadla xəbər verir ki, “The Wall Street Journal” bu barədə anonim Avropa və Amerika rəsmilərinə istinadla yazır.
Nəşrin məlumatına görə, Vaşinqton rəsmiləri bu məlumatı son günlər müttəfiqləri ilə bölüşüblər.
Bu xəbər Rusiyanın Ukraynanın bir sıra şəhərlərinə və strateji infrastrukturuna hava və raket hücumlarını əhəmiyyətli dərəcədə artırdığı bir vaxtda yayılıb.
Avropa rəsmiləri deyirlər ki, Avropa və ABŞ İranın hərəkətlərinə cavab olaraq sanksiyalar üzərində işləyir.
Bundan əvvəl "Sky News"-un hərbi analitiki Şon Bell bildirmişdi ki, İranın Rusiyaya ballistik raketlər verməsi “qaçılmaz” görünür.
"Biz başa düşürük ki, rus əsgərləri son bir neçə həftə ərzində İranda təlim keçiblər və bununla bağlı xəbərlər inanılmaz dərəcədə həssas olsa da, bunun qaçılmaz olduğu barədə məlumat aldım. Beləliklə, bu, bir neçə günün işidir",- deyib analitik.
Şon Bell qeyd edib ki, Vladimir Putin ötən ilin dekabrında İranla müqavilə bağlayıb və çatdırılma “tezliklə” həyata keçiriləcək.
Onun sözlərinə görə, tədarüklər iki növ qısa mənzilli ballistik raketlərdən ibarət olacaq.
“Bu, o deməkdir ki, ruslar öz “İsgəndər” raketlərindən daha çox uzaqmənzilli hədəflərə qarşı istifadə edə biləcəklər”, - deyə hərbi analitik vurğulayıb.
Xatırladaq ki, İranın Rusiyaya təhvil verdiyi “Dezful” raketlərinin Ukraynanın istənilən nöqtəsinə çata biləcəyi və Rusiyanın “İsgəndərlərindən” də böyük təhlükə daşıya biləcəyi daha əvvəl bildirilmişdi.
ABŞ prezidentinin administrasiyası İranın Ukraynaya hücumlar üçün ballistik raketlərini Rusiyaya ötürməsi ilə bağlı məlumatı şərh edib.
"Reuters" xəbər verir ki, Ağ Evin Milli Təhlükəsizlik Şurasının spikeri Sean Savett bunun “dramatik eskalasiyaya” səbəb olacağını bildirib.
O qeyd edib ki, Vaşinqton Ukraynaya genişmiqyaslı işğalın başlanmasından bəri Moskva ilə Tehran arasında hərbi əməkdaşlığın artacağı barədə xəbərdarlıq edib. Bayden administrasiyası hadisələrin bu cür inkişafından narahatlıq ifadə edib.
“İranın ballistik raketlərinin Rusiyaya istənilən təhvil verilməsi İranın Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsinə dəstəyinin dramatik şəkildə artması demək olacaq”,- deyə Savett vurğulayıb.
S.Laçın