RU

Putin Zatulinə CƏZA verəcəkmi? - Bakının səbrini daşıran SƏBƏB

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Konstantin Zatulinin hazırda mövcud olmayan, ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri ilə darmadağın edilmiş qondarma “DQR”in “müstəqillik günü” münasibəti ilə erməni xalqını “təbrik” edən təxribatçı videomüraciət yayması ilə bağlı Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinə məktub göndərib.

Bülbüloğlu vurğulayıb ki, müraciətində K.Zatulin guya “Rusiyada biganə qalmayan insanların” adından çıxış edərək, erməni cəmiyyətində revanşist qüvvələrə, separatçılara dəstək verərək, artıq başa çatmış münaqişəni canlandırmağa təhrik edir. “Daha ağırlaşdırıcı fakt odur ki, o, müraciətində separatçı rejimin keçmiş rəhbərləri və digər terrorçulara istinad edir. Onların əllərinin günahsız azərbaycanlıların qanına bulaşdığını unutmaq olmaz. Açıq şəkildə Zatulin Ermənistan tərəfindən ”persona non-qrata" elan edilmiş bir şəxs kimi, Rusiyada geniş yayılmış ekspansionist baxışları və narrativləri təbliğ edir, erməni milliyyətli himayədarlarının siyasi sifarişlərini yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı təxribatçı fəaliyyət göstərir. Bu kimi davranışların əvvəllərdə də dəfələrlə həyata keçirildiyini vurğulamaq lazımdır", - məktubda bildirilir.

Polad

Səfir habelə qeyd edib ki, Azərbaycanın və Rusiyanın arasında möhkəmlənən müttəfiqlik münasibətləri fonunda, xüsusilə Prezident Vladimir Putinin keçən ay Azərbaycana dövlət səfəri zamanı tərəflər yüksək əməkdaşlıq səviyyəsini təsdiqləyiblər, həmçinin, Rusiya dövlət başçısı Cənubi Qafqaz bölgəsində uzunmüddətli sülh, təhlükəsizlik və sabitliyin təmin edilməsinə töhfə vermək istəyini ifadə edib: “Bu müsbət fon üzərində ‘”Yedinaya Rossiya" partiyasının üzvü olan bir şəxsin ölkəsinin rəsmi mövqeyinə qarşı çıxması, onun təkcə dövlət başçısının fikrini qəbul etmədiyini deyil, həm də hörmət etmədiyini göstərir. Bu, heç də təəccüblü deyil, çünki həmin şəxs 2023-cü ilin iyununda verdiyi müsahibədə “Rusiya öz məqsədlərinə nail ola bilməyib” demişdi. Təəssüf ki, Azərbaycan tərəfinin dəfələrlə Rusiya rəsmi orqanlarına müraciətinə baxmayaraq, Zatulinin müttəfiqlik münasibətlərini pozan və təxribatçı fəaliyyət göstərən hərəkətlərinə qarşı heç bir təsirli tədbir görülməyib. Bu, Milli Məclisin deputatları və Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, Azərbaycanın Rusiyadakı diaspor təşkilatlarını narahat edir və iki ölkə arasında parlamentlərarası əməkdaşlığa mənfi təsir göstərir. Bu səbəbdən, hörmətli Vyaçeslav Viktoroviç, sizdən rəsmi mövqeyə uyğun olaraq prinsipial yanaşma göstərməyinizi və Konstantin Zatulin tərəfindən gələcəkdə bu cür təxribatçı fəaliyyətlərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyinizi xahiş edirəm".

Əlbəttə, bu, yalnız səfir Polad Bülbüloğlunun yox, Azərbaycan dövlətinin mövqeyidir. Odur ki, sual yaranır: səfirin müraciətinə cavab nə olacaq? Rusiya Putinin sədri olduğu hakim partiyanın üzvü Zatulini heç olmasa bu dəfə cəzalandıracaqmı? Necə - vəzifədən götürülməklə, töhmətlə, mandatı əlindən alınmaqla, yoxsa?.. Xatırladaq ki, Rusiyadakı erməni lobbisinin bəslədiyi bu yaramaz Azərbaycanın da “qara siyahısı”ndadır.

“Əvvəla, bu zatı qırıq Zatulin qələt edib, başını erməni daşına döyüb. İkincisi, onun kimi erməni dabanı yalayanların çərənləməsinə çox da fikir vermək lazım deyil. İntəhası, Azərbaycan Rusiyadan tələb etməlidir ki, strateji müttəfiqlik dekorasiyasında yer alan bəndlərə uyğun addımlar atsınlar. Oradakı müddəalardan biri də qarşılıqlı şəkildə ərazi bütövlüyünə hörmət olunmasıdır. Azərbaycanda heç bir siyasətçi, deputat Rusiyanın ərazi bütövlüyünə şübhə yaradan çıxışlar etməyib, amma Putinin rəhbərlik etdiyi partiyadan deputat olan Zatulin həmin səviyyəsiz təbriki ilə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxıb. Bunu hər hansı ekspert, yaxud partiya sədri etsəydi, onun öz fikri kimi qəbul etmək olardı, burada söhbət Duma üzvündən, iqtidar partiyasının qanunverici orqanda təmsil olunan şəxsindən gedir” - bu fikirləri “Yeni Müsavat”a professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Zatulin ermənipərəst olsa da, Ermənistan hakimiyyəti ilə münasibətləri pisdir:  “Onun bu ölkəyə girişinə qadağa qoyulub. Çünki davamlı olaraq Paşinyan hökumətini ittiham edir. Yəni araqarışdıran, avantürüst və boşboğaz adamdır. Bu adam başa düşmür ki, Rusiya da, Ermənistan da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Onun gorbagor olmuş ”artsax" barədə ermənilərə təbriki onların könlünü almağa hesablanıb. Bununla göstərmək istəyir ki, guya ruslar onların yanındadır. Belə yaxşıdırsa, Zatulin öz dövlətindən xahiş eləsin, Soçidə, ya da Krasnodarda yaşayan ermənilərə ayrıca muxtariyyət verilsin. Azərbaycan ərazilərində ikinci və qondarma erməni dövlətinə imkan verilməyəcək, bu məsələ qapanıb. Birinci dəfə tarixi torpaqlarımızda saxta Ermənistan yaradıldı, artıq burada bizdən asılı olmayan məsələlər var, amma ikinci heç zaman olmayacaq. Ona görə də rəsmi şəkildə Rusiya dövlətinin diqqətinə çatdırmalıyıq ki, Zatulinin ağzını yumsunlar, onu hürdürməsinlər. Çünki bu, 2022-ci il, 22 fevralda imzalanmış Moskva sənədinin ruhuna zidd mövqedir".

Samir

 Samir Əsədli 

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli səfir P. Bülbüloğlunun etiraz məktubu göndərməsini düzgün addım hesab edir. Onun fikrincə, Azərbaycandan belə hörmətsizlik olsaydı, indi Kreml səs-küy salmışdı. S.Əsədli hesab edir ki, Zatulin erməni diasporunun təsiri altındadır və onlara qulluq edir: “Azərbaycanda hakim partiyanın parlamentdə olan heç bir üzvü Rusiyaya qarşı belə qərəzli danışmayıb. Zatulin isə hər çıxışında təhqirlər yağdırır, ittihamlar irəli sürür. Bu dəfə isə həddi aşaraq uydurma bir respublika ilə bağlı təbrik ünvanlayır. Onun təbriki ermənilərin heç də ürəyinə su səpə bilməz, çünki belə sözlər təsəlli də deyil. Hazırda Araik və digər separatçı liderlərin istintaqı yekunlaşıb, məhkəmə başlanacaq, digər canilər qaçıb İrəvanda gün keçirirlər, dinc əhaliyə gəlincə, Bakının tələbi hər kəsə aydındır - vətəndaşlığı qəbul etmək. Zatulin Azərbaycanın ərazi bütövlüyünə bir daha hörmətsizlik etsə, bu dəfə başqa şəkildə danışmaq lazım gələcək”.

VHP funksioneri Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının daha aktiv işləməli olduqlarını düşünür: “Ermənilər Rusiyada fəaldırlar və hazırda diplomatik mübarizə gedir. Bizim təşkilatlar Zatulin kimilərin cavabını verməlidirlər. Rusiya dövləti özü müttəfiqliyin qaydalarına uyğun hərəkət etməyi başqalarına tövsiyə edir, indi buyursunlar, Zatulinə töhmət versinlər. Təbii ki, onun mandatının əlindən alınacağını gözləmək olmaz. Bunu etməyəcəklər. Yəni çıxışlarına görə bu addımı atmazlar. Lakin Zatulinə spiker Volodin tərəfindən açıq xəbərdarlıq olunmalıdır. Bu müştəbeh, təxribatçı və qudurğan deputat kimdir ki, Qarabağda mövcud olmayan, bir sutkaya darmadağın edilmiş keçmiş xunta rejimi haqqında danışır, hələ bir ”bayram təbriki" göndərir? Əgər ermənilər Qarabağı öz torpaqları saysaydılar, çıxıb getməzdilər. Sadəcə, Zatulin həmişəki kimi ermənilərdən aldığı rüşvətin əvəzini ödəyir. Azərbaycan məsələ qaldırmalı, ona cinayət işi açılması üçün iddia irəli sürməlidir".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Избранный
130
1
musavat.com

2Источники