Bəzən efirlərə dəvət edilən müğənnilər teleaparıcılar tərəfindən ələ salınır və ya sətiraltı təhqir edilir. Bu məsələ son illər tez-tez müzakirə mövzusuna çevrilir. Bir neçə gün öncə mətbuatda yayılan hadisə bu müzakirələri daha da qızışdırdı.
Belə ki, tanınmış teleaparıcı Zaur Kamal efirində qonaq olan müğənni Mənzurə Musayevanı “Başın bitli olub” deyə ələ salıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bildirib ki, bu məsələdə teleaparıcıları qınamaq olmaz. Onun sözlərinə görə, bu hal şou verilişləri üçün xarakterikdir:
“Bu verişilər şou xarakterli verilişlərdir. Onlar ciddi veriliş deyil. Əslində, hər aparıcının özünün taktikası var. Zaur o sözü deməsəydi, biz bu gün bu məsələni müzakirə etməzdik. Bu gün sosial şəbəkələrdə, mətbuatda bu sözlərin müzakirəsi gedirsə, deməli, Zaur Kamal işini bacarıb. Zaur adından söz etdirə bilib.
O ki qaldı, mənim seçib getdiyim verilişlərə, mən şəxsən reytinq verməyən verilişlərə dəvət alsam da, getmirəm. Çünki bu verilişlər vaxt itkisidir, mənim boş vaxtım yoxdur ki, gedib belə yerlərdə günümü keçirim.