RU

Neftin qiymətində REKORD ENİŞ – “Qara qızıl” niyə UCUZLAŞIR? – İlham Şabanın ŞƏRHİ

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd

Təqvim payızının gəlişi özü ilə enerji bazarlarına bir təlatüm gətirdi. Hətta OPEC belə işə qarışmalı oldu. Amma bununla belə vəziyyət KİV-lərin təsvir etdiyi kimi elə də həyacanlı deyil. Çünki qiymətlər hasilatçıları da, istehlakçıları da qane edəcək səviyyədədir.  Azərbaycana gəldikdə isə... enerji bazarımız sanki qaynayır – xeyli pozitiv xəbərlər var. Hələlik dünya bazarlarında baş verənlərə nəzər yetirək.

Qlobal bazarlar 

Neft son 15 ayda özünün ən minimal qiymətlərinə satılmağa başladı. Londonun əmtəə birjasındakı ticarət zamanı “Brent” markalı neftin noyabr fyuçerslərinin bir barelinin qiyməti həftə sonu 71 dollara qədər eniş etdi. Həftənin ilk hərracında isə 77,63 dollara satılmışdı.

“Qara qızıl”ın həftə ərzində 8% ucuzlaşmasının iki əsas səbəbi vardı. Birincisi, təbii ki, Liviyanın neft ixracını bərpa etməsinə dair xəbərlərdir. Çünki avqustun sonunda Liviyada yaranan siyasi qarşıdurma qlobal bazarlara gündəlik olaraq neftin çıxarılmasını nə az, nə çox 700 min barelədək azaltmışdı və həftə ortası ixracın bərpası bazar iştirakçılarında neft qıtlığının olmayacağı kimi bir sevinc gətirdi. Bunun nəticəsində hər gün qiymətlər ucuzlaşmağa başladı.

Bazara təsir edən ikinci amil isə dünyanın aparıcı ölkələrində iqtisadi fəallığın zəifləməsi ilə bağlı gələn xəbərlərə bağlı idi. Söhbət Çinin neft idxalını azaltmasından, Avropa İttifaqında və ABŞ-da iqtisadiyyatın artım temlərinin zəifləməsindən və “yaşıl enerji”dən alınan elektrikin artımından  gedir. 

Bu kimi hadisələr Avropada “mavi yanacağın” da qiymətini üzü aşağı aparmağa gətirib çıxartdı: həftə ərzində qazın 1000 kubmetrinin TTF habında təhvil verilməklə satış qiymətləri 432 dollardan 425 dollaradək eniş etdi. Qaz mövzusu isə Azərbaycanın enerji həyatında yeni dövrə daxil olmaqdadır, ölkəmiz qaz ixracının coğrafiyasını genişləndirərək alıcı-ölkələrin sayını 10-a çatdırmağa müvəffəq oldu. 

Qaz və enerji təhlükəsizliyi 

Enerji təchizatı bu gün onu açıq şəkildə nümayiş etdirir ki, ölkələrin milli təhlükəsizliyi enerji təhlükəsizliyi ilə sıx bağlıdır. Bu barədə Prezident İlham Əliyev Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı bildirib.

Azərbaycandan İtaliyaya qədər uzanan 3500 kilometrlik Cənub Qaz Dəhlizinin bu gün 10 ölkənin enerji təhlükəsizliyini təmin etdiyini vurğulayan dövlət başçısı deyib: "Bu gün 10 ölkə Azərbaycandan qaz alır və bu ölkələrin yeddisi Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı Ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaşı adlandırır”.

Xorvatiyaya qaz ixracı 

Sentyabrın 1-dən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xorvatiyaya qaz təchizatına başlayıb. Azərbaycan və Xorvatiya hökumətləri arasında mövcud olan uğurlu əməkdaşlıq nəticəsində qış mövsümü ərəfəsində Azərbaycan qazının “PPD” şirkəti və “MET Qrup” vasitəsilə Xorvatiyaya çatdırılması ölkəmizin Avropanın etibarlı enerji tərəfdaşı və qaz təchizatçısı kimi rolunu daha da möhkəmləndirir”, deyə SOCAR açıqladığı məlumatda bildirib.

Qeyd edək ki, Azərbaycan ilə Xorvatiya arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addım olan bu hadisə SOCAR-ın Avropa daxili bazarları üçün enerji mənbələrinin şaxələndirilməsi üzrə öhdəliyinə sadiqliyini nümayiş etdirməklə qitənin enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Bundan düz bir ay əvvəl isə SOCAR bəyan etmişdi ki, Azərbaycan qazının alıcıları sırasına Sloveniya daxil olub. Beləliklə, Xorvatiya Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya ilə birlikdə Azərbaycan qazını alan onuncu ölkə olub.

SOCAR-ENİ razılaşması 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın enerji nəhəngi Eni ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında üç Anlaşma Memorandumu imzalanıb. 

Bununla bağlı ENİ şirkətinin açıqlamasına görə, birinci sənəd Avropanın və xüsusən də İtaliyanın enerji təhlükəsizliyini gücləndirmək məqsədilə karbohidrogenlərin kəşfiyyatı və hasilatı sahəsində şirkətlər arasında əməkdaşlığın genişləndirilməsinə yönəlib.

İkinci memorandum ən yaxşı mövcud texnologiyalardan istifadə etməklə Azərbaycanın mədənçıxarma sektorunda istixana qazı emissiyalarının azaldılması və enerji səmərəliliyinin artırılması üçün Eni və SOCAR arasında əməkdaşlığı nəzərdə tutur. 

Nəhayət, imzalanmış üçüncü memorandum bioyanacaq istehsalı zəncirində potensial əməkdaşlığın öyrənilməsinə hədflənib. Bunun nəticəsində tərəflər Azərbaycanın kənd təsərrüfatında ənənəvi yanacağın az karbon emissiyalı yanacağa keçidinə nail olmaq arzusunu ortaya qoyurlar.

Qalıq neftinin artırılması 

Həftə sonu SOCAR və ABŞ-ın “Halliburton” şirkəti arasında “Texniki xidmətlərin göstərilməsi”nə dair Sazişin imzalanması ilə yadda qaldı. 

Sənəd Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Günəşli” yatağının dayaz hissəsində (“Azneft” İstehsalat Birliyi tərəfindən istismar edilir) qalıq karbohidrogen potensialının yenidən qiymətləndirilməsi və qalıq neftli zonaların dəqiqləşdirilməsi üçün müasir tədqiqatların icra edilməsi məqsədi daşıyır.

“Günəşli” yatağı 1979-cu ildə kəşf edilib. Artıq Sovet dövründə onun işlənilməsinə başlanılıb. Yatağın uzunluğu 12,5 km, eni 4 km-dir. Hazırda “Günəşli” yatağında, ümumilikdə, 370 quyu qazılıb ki, onlardan 279 quyu istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensatla birlikdə), 127 milyard kubmetrdən çox qaz hasil olunub.

Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ilə təsadüf edib. Həmin il 114 işlək quyudan 6,7 milyon ton neft çıxarılıb. Maksimal qaz hasilatı isə 2008-ci ildə 6,6 milyard kubmetr olub. Hazırda yataq işlənmənin III mərhələsindədir. SOCAR-ın məqsədi neft hasilatının azaldığı dövrdə laylarda olan qalıq nefti həcmlərinin müasir texnoloji həllər hesabına daha çox çıxarılmasına nail olmaqdır.   

Enerji layihələrinin maliyyələşdirilməsi 

Bu həftə Azərbaycanın maliyyə naziri Samir Şərifov yerli "Report" agentliyinə müsahibəsində iqtisadiyyatın "yaşıl transformasiyası" üçün hansı beynəlxalq investisiyaların cəlb edilməsinin planlaşdırıldığı barədə açıqlaması ilə yadda qaldı. 

Nazir Azərbaycanın enerji sisteminin gücləndirilməsi məqsədilə Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulan ilkin layihələrin demək olar ki, imzalanmaq üçün hazır olduğunu bəyan edib. "Bu layihələrin reallaşdırılması öz növbəsində ölkənin enerji şəbəkəsinin müəyyən neqativ təsirlərə məruz qalmasının qarşısını alacaq”, - deyə Şərifov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ortamüddətli dövrdə beynəlxalq maliyyə qurumlarından təxminən 5 milyard dollara qədər vəsaitin cəlb edilməsini proqnozlaşdırır. Bununla yanaşı nazir hazırda Azərbaycanda xarici dövlət borcu ilə bağlı vəziyyətin olduqca qənaətbəxş olduğunu vurğulayıb.

Samir Şərifov beynəlxalq maliyyə qurumlarından əldə ediləcək kreditlərin hansı layihələrə yönəldiləcəyini təfərrüatı ilə açıqlamasa da, amma onun yönümünün “yaşıl enerji” olması şübəhsizdir. Çünki Azərbaycan hökuməti bu sahədə ciddi addımlar atır, həm özəl kapitalı cəlb edir, həm də özünün öhdəsinə düşən vəzifələrin icrası üçün maliyyə resurslarını əsirgəmir. Belə bir şəraitdə daha səmərəli yol uzunmüddətli xarici kreditlərin əldə edilməsidir.

Qara dənizlə “yaşıl enerji” dəhlizi  

Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan layihənin təxmin edilən qiyməti açıqlanıb. Rumıniyanın energetika naziri Sebastian-İoan Burduja jurnalistlərlə söhbətində bunun ilkin layihə qiymətindən (2,3 milyard avro) yüksək olacağını bildirib. Bu da ondan qaynaqlanır ki, ötən müddət ərzində qlobal bazarda mal və xidmətlərin qiyməti hiss ediləcək səviyyədə bahalaşıb.

“Bu, ucuz layihə deyil, biz onun dəyərini texniki iqtisadi əsaslandırma işləri hazır olduqdan sonra öyrənəcəyik. Lakin hesab edirik ki, Gürcüstan və Rumıniya arasında sualtı kabel xəttinin çəkilməsi üçün 3,5 milyard avroyadək vəsait lazımdır. Amma layihənin enerji təhlükəsizliyi və bazar üçün faydalı olacağına əminik”, - deyə nazir bəyan edib. 

Qeyd edim ki, bu həftə Rumıniyanın paytaxtı Buxarest şəhərində başlanğıvcını Azərbaycandan götürəcək və Gürcüstandan keçməklə Qara dənizin dibi ilə çəkilərək Rumıniya və Macarıstanın elektrik enerjisi sistemləri ilə birləşdiriləcək “yaşıl enerji dəhlizi” layihəsinin reallaşdırılması yönümündə daha bir addım atılıb. 

Belə ki, sentyabrın 3-də dörd ölkənin enerji operatorları - Azərbaycanın “Azərenerji” SC, Rumıniyanın “Transelectrica SA”, “Gürcüstan Dövlət Elektrik Sistemi” və Macarıstanın MVM arasında layihəni həyata keçirəcək “Green Energy Corridor” birgə müəssisəsinin yaradılmasına dair səhmdar sazişi imzalanıb.

Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “Black Sea Energy” sualtı elektrik kabelinin tikintisi haqqında strateji tərəfdaşlıq sazişi imzalanıb. Kabelin ötürmə gücü 1000 MVt, uzunluğu 1 195 km-dir.

SOCAR dövlət bankındakı payı pulla almayacaq 

Bu qənaətə Azərbaycanın maliyyə naziri Samir Şərifovun yerli mətbuata verdiyi müsahibədən gəlmək mümkündür. 

Qeyd edək ki, 16 iyul 2024-cü il tarixində SOCAR-ın Müşahidə Şurasının iclasında “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi məsələsinə baxılmış və məsələ müsbət qiymətləndirilmişdi.  Hazırda Bankın səhmlərinin 75 %-i Azərbaycan hökuməti adından çıxış edən İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məxsusdur, digər səhmdarların sırasında isə Türkiyə və Azərbaycanın bank və şirkətləri daxildir. 

SOCAR bu sövdələşməni Bankın hansı səhmdarlarının payının əldə edilməsi ilə reallaşdıracaq sualını cavablandırarkən, nazir söhbətin alqı-satqıdan getmədiyini bildirib. Məsələnin mahiyyəti həmin Bankda dövlətə məxsus olan səhmlərin bir qisminin Dövlət Neft Şirkətinin sərəncamına verilməsindən gedir. “Bu gün qanunvericilikdə belə bir müddəa yoxdur ki, dövlət şirkəti digər dövlət orqanının hansısa əmlakını alsın”, deyə nazir məsələyə aydınlıq gətirib.

Bizim.Media 

Избранный
249
17
bizim.media

10Источники