RU

4 il öncə...Xalqımızın yeni qəhrəmanlıq salnaməsi yazıldı!

Bu ay İkinci Qarabağ m üharibəsinin başlamasının 4 ili tamam olur. Təbii ki, Azərbaycan xalqı torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında qalması ilə barışa bilməzdi, gec-tez ədaləti bərpa edəcək, öz tarixi torpaqlarına qovuşacaqdı. Nəhayət, torpaq həsrəti ilə alışıb yanan hər bir azərbaycanlının həyəcanla gözlədiyi o gün yetişdi, 2020-ci ilin 27 sentyabrı hər birimiz üçün unudulmaz tarix oldu. O tarix ki, xalqımızın yeni qəhrəmanlıq salnaməsinin başlanğıcı hesab edilir.

Ümumiyyətlə, Vətən müharibəsinin başa çatmasından ötən 4 ilə yaxın müddət istər hərbi, istərsə də diplomatik müstəvidə Azərbaycanın uğurları ilə əlamətdardır. Bu dövrün ən böyük hərbi-siyasi hadisəsi isə Qarabağda milli suverenliyimizin tam bərpa edilməsi oldu. Sözdən anlamayan, ölkəmizin qanunlarına tabe olmaq istəməyən ermənilərin bu dəfə Azərbaycanın şərtlərinə əməl etməkdən başqa çarələri qalmadı. Prezident İlham Əliyevin göstərişi ilə 2023-cü il sentyabrın 19-da cəmi 23 saat ərzində erməni separatizmi darmadağın edildi, erməni təəssübkeşlərinin çirkin planları iflasa uğradı.

Dünya hərb tarixində yenilik

Mövzu barədə “Yeni Azərbaycan”a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, İkinci Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və ən məşhur hərbi institutlar tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. O, qeyd edib ki, bütün bunlar Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir: “44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə öz gücünü bütün dünyaya sübut edən Azərbaycan regionda yeni reallıqlar yaradıb. Bu gün Azərbaycanın regionda yaratdığı həmin reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir. Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı durum regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanır.

Möhtəşəm qələbəmizdən sonra ölkəmizdə yeni dövr başlayıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri uğurla icra olunur. Həyata keçirilən abadlıq-quruculuq işləri onu deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və tarixi abidələrimiz yenidən bərpa olunur, azad Qarabağımıza yeni nəfəs gəlir”.

Onlar hər zaman qəlbimizdə yaşayacaq

Ə.Verdiyev qeyd edib ki, Ermənistan həm işğal, həm də İkinci Qarabağ müharibəsi dövründə törətdiyi cinayətlərə görə cavab verməli olacaq: “Azərbaycan xalqına qarşı törədilən erməni cinayətləri ilə bağlı bütün materiallar Avropa İnsan Hüquqları Məhkəməsi təqdim edilib. Ümid edirik ki, Ermənistanın bu cinayətləri beynəlxalq məhkəmələrdə ciddi araşdırılacaq və ədalətli qərar qəbul ediləcək.

Azərbaycan xalqı ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, bizə bu Zəfəri yaşadan Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacaq. Onların əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq”.

Təmkinli, düşünülmüş və praqmatik siyasət...

Ekspertin sözlərinə görə, dönüb tarixə baxarkən, ötən 20 ildə getdiyimiz inkişaf yoluna nəzər salanda bir daha görürük ki, İlham Əliyev bu illər ərzində Azərbaycanın iqtisadi yüksəlişini təmin etməklə, respublikamızın beynəlxalq mövqelərini gücləndirməklə, onu regionda və dünyada söz sahibi etməklə, qlobal müstəvidə hücum diplomatiyası yürüdərək erməni saxtakarlıqlarını ifşa edib: “Bir sözlə, ölkə başçısı Qarabağda erməni separatizminə son qoyulması üçün etibarlı təməllər formalaşdırıb. Bu mənada İlham Əliyevin “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” sözləri də məhz bu reallıqlara əsaslanaraq, dövlət başçısının milli maraqlarımızın təmin edilməsi istiqamətində həyata keçirdiyi təmkinli, düşünülmüş və praqmatik siyasətinin ifadəsidir.

Artıq Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri isə qalibiyyətimizi bütün dünyaya bəyan edir. Bu uğurlarımızın memarı olan Prezident İlham Əliyevin əzmkar siyasəti ilə xalqımız həm də “Böyük qayıdış”ın təntənəsini və sevincini yaşayır”.

Yeganə BAYRAMOVA

Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqaməti üzrə hazırlanmışdır.

Избранный
224
50
yeniazerbaycan.com

10Источники