Türkiyə Respublikası dezinformasiya ilə effektiv mübarizə aparmaq məqsədilə ixtisaslaşmış qurum yaradıb. Ölkədə bu missiya “Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi”nə həvalə edilib. Fransa, Çin və digər ölkələrdən əsas fərqi budur ki, Türkiyədə dezinformasiya ilə mübarizə tədbirlərinin həyata keçirilməsi xüsusi xidmət orqanlarının deyil, peşəkar mülki qurumların koordinasiyasına verilib. Dezinformasiya ilə Mübarizə Mərkəzi(DMM) Türkiyə Cümhuriyyəti Kommunikasiyalar Müdirliyinin (Türkiye Cumhuriyeti İletişim Başkanlığı) tərkibində fəaliyyət göstərən xüsusi bölmədir ( https://www.dmm.gov.tr/ ). DMM həm ölkə daxilində, həm də ölkə xaricində istehsal olunan dezinformasiya motivli xəbərlərin Türkiyə informasiya məkanına daxil olmasının qarşısını almaq üçün mexanizmlər yaradıb. İnformasiya texnologiyaları üzrə mütəxəssislərlərdən və məzmun redaktorlarından ibarət olmaqla, işçi heyət formalaşdırıb. İşçi heyət növbəlilik əsasında 24 saat ərzində çalışır, dövriyyəyə buraxılan “saxta xəbər”i geniş auditoriyaya yayılmamışdan öncə qeydə alır və operativ şəkildə dövriyyədən çıxarır. Bunun üçün fərqli mexanizmlərdən, o cümlədən, “süni intellekt” texnologiyasından istifadə edilir. İşçi heyət 3 istiqamət üzrə çalışır: - Xəbərlərin təqibi: Redaktorlardan ibarət qrup 24/7 çalışaraq, media subyektlərində xəbərləri izləyir, şübhəli görünənləri qeydə alır;
- Xəbər İcmalı: Sosial şəbəkə platformalarında yayılmış və ya yayılma potensialı olan saxta xəbərləri təsnifatlaşdırır;
- Xəbərlərin araşdırılması: Süni intellekt alətlərindən, “fakt yoxla” proqramlarından istifadə edərək nəzarətə götürülmüş xəbərin etibarlılıq dərəcəsi tədqiq olunur. Saxtalığı sübut olunan, dezinformasiya mahiyyəti daşıyan informasiyaların dövriyyədən çıxarılması üçün addımlar atılır.
DMM aylıq “Dezinformasiya bülleteni”ni dərc edir. Ay ərzində mərkəz tərəfindən qeydə alınmış dezinformasiya motivli xəbərlərin siyahısı bubülletendə açıqlanar, həmçinin, onların şərhi verilir ( https://www.dmm.gov.tr/bultenler/dezenformasyon-bulteni-sayi-141/). DMM-in daha bir funksiyası dezinformasiya və ona qarşı mübarizə mövzusunda maarifləndirmə işlərinin aparılmasıdır. Mərkəz bu məqsədlə müxtəlif elmi-kütləvi nəşrlər hazırlayaraq yayır. “Dezinformasiya ilə mübarizə üçün bələdçi” bu nəşrlərdən biridir. Türkiyədə dezinformasiyaya qarşı mübarizə aparmaq üçün hüquqi baza da formalaşdırılıb. Böyük Millət Məclisi 2022-ci il oktyabrın 13-də “Mətbuat qanununa və bəzi digər Qanunlara dəyişiklik edilməsi haqqında 31987 saylı Akt” qəbul edib ( Basın Kanunu ve Bazı Kanunlarda Değişiklik Yapılmasına Dair Kanun / https://www.resmigazete.gov.tr/eskiler/2022/10/20221018-1.htm ). Qısa formada “Dezinformasiyaya qarşı mübarizə Qanunu” adlandırılan bu Akta əsasən, ölkədə “Mətbuat haqqında Qanun”da, həmçinin, “İnternetdə yayımlanan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə işlənən cinayətlərlə mübarizə haqqında qanun”da, o cümlədən,Türkiyə Cinayət Məcəlləsində dəyişikliklər edilib. Adı çəkilən qanunlar saxta məlumatların yayılmasının qarşısını almaq məqsədilə yeniləşdirilib ( https://tr.wikipedia.org/wiki/Dezenformasyon_Yasas%C4%B1 ). Türkiyə Böyük Millət Məclisinin (TBMM) qanunlar üzərində etdiyi bu dəyişikliklərə əsasən,ənənəvimedia və sosial şəbəkə platforması üzərindən dezinformasiya hesab edilən məlumatları yayanlar məlumatların təsir dairəsi nəzərə alınmaqla 1 ildən 3 ilə qədər həbs cəzası ilə cəzalandırıla bilərlər. Bu məsələ Türkiyə Cinayət Məcəlləsinin 29-cu və 217-ci maddələrinə edilən dəyişikliklərdə öz əksini tapır. Qeyd edilən dəyişikliklərin internet informasiya resurslarını, xüsusiləsosial şəbəkə platformalarını əhatə etməsidiqqət çəkir. 2024-cü ilin statistikasına görə, 85 milyonluq əhalisi olan Türkiyədə internet istifadəçilərinin sayı 73 milyon nəfər civarındadır (Əhalinin 86 faizi). Onların sırasından 57 milyon nəfər sosial şəbəkə istifadəçisidir ( https://sgb.uab.gov.tr/haberler/nufusumuzun-yuzde-86-5-i-cevrimici-yuzde-93-8-i-mobil). Son illər ərzində dezinformasiya tipli məlumatlarındaha çox sosial şəbəkələr üzərindən yayıldığını nəzərə alaraq, Türkiyə dövləti “Dezinformasiya ilə mücadilə qanunu”nun əhatə dairəsinə sosial media platformalarını da daxil edib. Qeyd edək ki, Türkiyədə sosial şəbəkələrin tənzimlənməsi üzrə əlahiddə qanun öncədən mövcud olub. “İnternetdə dərc olunan nəşrlərin tənzimlənməsi və bu nəşrlər vasitəsilə törədilən cinayətlərə qarşı mübarizə haqqında qanun” adlandırılan hüquqi akt 2020-ci ildə qəbul edilib ( İnternet Ortamında Yapılan Yayınların Düzenlenmesi ve Bu Yayınlar Yoluyla İşlenen Suçlarla Mücadele Edilmesi Hakkında Kanun /https://www.resmigazete.gov.tr/eskiler/2020/07/20200731-1.htm). Həmin qanunun əsas motivi budur ki, istifadəçi sayı 2 milyon nəfəri ötən sosial şəbəkə platformaları ("Facebook", "Instagram", "Tvitter", "Youtube", "Tiktok" və digərləri ) Türkiyədə rəsmi ofis açmağa məcbur edilir. Ofisin rəsmi təmsilçisi isə Türkiyə vətəndaşı olmalıdır. Qanuna əsasən, sosial şəbəkələrdə və internet mediada uşaqların və yetirmələrin əxlaqını korlayan materiallar qanun pozuntusu hesab edilir. 2022-ci il dəyişikliyindən sonra bu qanunda dezinformasiya ilə bağlı məqamlar da yer alıb. Yeni qanunun “Girişin bloklanması və məzmunun silinməsi” adlandırılan 8-ci maddəsi dezinformasiya və ya təhqir tipli məlumatların bloklanmasını nəzərdə tutur.Bu maddəyə əsasən, qanunsuz məzmunların yayıldığı təqdirdə məhkəmə, yaxu da “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi” (BTK), həmin məzmunlara girişin dərhal məhdudlaşdırılmasını və ya məzmunun silinməsini tələb edə bilər. Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb.
Məqalələr maarifləndirici xarakterlidir. Azərbaycanda dezinformasiyaya qarşı mübarizə üzrə innovativ dayanıqlığın yaradılması prosesinə töhvə vermək məqsədilə hazırlanıb. Mövzu üzrə beynəlxalq nəzəri fikirlər təqdim olunur, təcrübədən nümunələr göstərilir. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Dezinformasiyaya qarşı mübarizə vasitələri” adlı layihə çərçivəsində icra edilir. Layihənin maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir. Proqram çərçivəsində ümumilikdə 10 məqalənin hazırlanıb dərc edilməsi nəzərdə tutulub.
AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ Məqalələrin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.