Bakı, 7 sentyabr, Sevda Cəfərova, AZƏRTAC
Xaricdə təhsil almaq qərarı adətən daha geniş imkanlar, fərqli perspektivlər və daha yaxşı karyera şansları ilə bağlıdır. Mənim də seçimim beynəlxalq təcrübə qazanmaq, fərqli mədəniyyətləri öyrənmək istəyimdən irəli gəldi.
Bu fikri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin məzunu, Küveyt Universitetinin Dillər Mərkəzində bir il müddətində ərəb dilinin təkmilləşdirilməsi kursunun iştirakçısı Zeynəb Atamalıyeva söyləyib. O deyib: “Digər bir səbəb kimi isə onu qeyd etmək istərdim ki, dil daim inkişaf edən sosial varlıq olduğundan öz mühitində öyrənilərsə, daha yaxşı nəticə verər. Mənim də ixtisasım ərəb dili üzrə tərcümədir. Bununla yanaşı, bakalavr təhsilim müddətində Qətərdə və Omanda keçirilmiş beynəlxalq debatlarda və konfranslarda ölkəmizi təmsil etmişəm. Həmin layihələr zamanı tanıdığım əcnəbi ziyalılar və dostlarımın təhsil təcrübələrini öyrənməyim xaricdə təhsil qərarımın möhkəmlənməsinə səbəb olub”.
Qeyd edək ki, Zeynəbin iştirakçısı olduğu Hökumətlərarası Təqaüd Proqramı (HTP) üzrə 2024-2025-ci il tədris ilində Küveyt Dövlətinin Azərbaycan Respublikası vətəndaşları üçün ayırdığı kvota hesabına 7 tələbə bu ölkədə təhsil alacaq. Bu təqaüd proqramına layiq görülən tələbələrin yaşayış, təhsil, nəqliyyat xərcləri Küveyt Dövləti tərəfindən qarşılanacaq. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təqdim etdiyi namizədlər Küveyt Dövlətinin Dillər Mərkəzində ərəb dilinin təkmilləşdirilməsi kursunda iştirak etmək şansı qazanıblar.
Müsahibimiz qəbul prosesi ilə bağlı fikirlərini də bölüşüb. Onun sözlərinə görə, proqrama qəbul prosesi peşəkar və şəffaf şəkildə həyata keçirilib: “Bu proses tələbələrin potensialını və motivasiyasını dəyərləndirməyə yönəldilmişdi. Ərizə, sənədlərin qiymətləndirilməsi, müsahibə və qərarın verilməsi kimi mərhələlər, eyni zamanda, ixtisasımıza olan sevgimiz bizi səbirli və ümidli etmişdi”.
Zeynəb Atamalıyeva qeyd edib ki, Küveyt Universiteti Yaxın Şərqdə nüfuzlu təhsil müəssisələrindən biridir və ərəb dili tərcüməsi sahəsində güclü akademik proqramlara malikdir: “Bu proqram dil biliklərimi inkişaf etdirmək və peşəkar tərcümə bacarıqları qazanmaq üçün ideal şərait yaradır. Küveytdə yaşamaq və təhsil almaq ərəb dilini yalnız auditoriyada deyil, gündəlik həyatda da istifadə etməyə şərait yaradır. Bu, dil bacarıqlarımı təkmilləşdirmək və ərəb xalqının mədəniyyəti haqqında dərin bilik qazanmaq üçün əvəzsiz bir fürsətdir”.
HTP əsasında təhsil almaq istəyənlərə tövsiyələrini verən Z.Atamalıyeva deyib: “Hökumətlərarası təqaüd proqramına müraciət etməzdən əvvəl müvafiq proqram haqqında ətraflı araşdırma aparılmalı, onun tələblərini, təklif etdiyi imkanları və məzunlar üçün perspektivləri öyrənməlidirlər. Odur ki, dərslərə diqqətlə yanaşmaq və mümkün qədər yüksək nəticələr əldə etmək əsas şərtlərdən biridir. Eyni zamanda, əlavə bir xarici dil öyrənmək və bunu təsdiq edən müəyyən sertifikatlar almaq lazımdır. Bu, müraciətin daha güclü olmasına kömək edəcək”.
Z. Atamalıyeva vurğulayıb ki, beynəlxalq səviyyədə tanınan bir universitetdə təhsil alaraq, ərəb dili üzrə dərin biliklər qazanmaq və tərcümə bacarıqlarını inkişaf etdirmək başlıca məqsədlərdən biridir. O, eyni zamanda bu proqramın həm akademik, həm də peşəkar mühitdə inkişaf etməyi üçün geniş imkanlar yaradacağına ümidvar olduğunu söyləyib: “Təhsilimi başa vurduqdan sonra, ərəb dili tərcüməçisi kimi ölkəmdə fəaliyyət göstərməyi planlaşdırıram. Məqsədim fərqli sahələrdə - diplomatiya, akademiya və ya mədəniyyət sahəsində tərcüməçilik etməklə, dillər və mədəniyyətlər arasında körpü yaratmaqdır”.
Qeyd edək ki, Bakıda anadan olmuş Zeynəb Atamalıyeva Yasamal rayonu 3 nömrəli və Müşfiqabad qəsəbəsində 274 nömrəli orta məktəblərdə təhsil alıb. 2020-ci ildə 570 balla Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili üzrə tərcümə ixtisasına qəbul olub. 2024-cü ildə BDU-nu fərqlənmə diplomu ilə bitirib.