RU

Ermənistan Putinin həbsiylə bağlı orderdən izmasını niyə geri götürüb? (ŞƏRH)

"İrəvan indi bir addım geri çəkilməyi gələcəkdə Avropa İttifaqına doğru iki addım atmaq üçün edir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın Avropa Şurasının Rusiya prezidenti Vladimir Putinin həbs edilməsilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderini dəstəkləyən bəyannaməsindən öz imzasını geri götürməsini şərh edərkən deyib. 

Ekspertə görə, İrəvanın bu addımı imtina anlamına gəlməməlidir, bu, sadəcə bitərəf qalmaqdır:

"Vladimir Putinin həbsi məsələsində Avropa Şurası növbəti təşəbbüs irəli sürüb və bununla bağlı bəyannamə qəbul edib. Onun layihəsində Ermənistanın imzası yoxdursa, deməli, onun özünə də İrəvan nə səs verib, nə də imza atıb. Yəni bu bir imtina deyil. Münasibət bildirməməklə bir növ bitərəf qalır".
 


Həmsöhbətimizin fikrincə, Ermənistanın Qərbə inteqrasiyası üçün xeyli zamana ehtiyac var: 

"Bu kontekstdə Aİ ilə İrəvan arasında danışıqlar gedir. Lakin bu proses sürətlə getmir. Mövcud zaman çərçivəsində Ermənistanın Rusiyanın təzyiq və təsir dalğasından sığortalanması üçün də ehtiyatlı davranmasına ehtiyac var. Paşinyan 6 illik hakimiyyəti dövründə proseslərə dur deməyi, hətta bəzən bir addım geri atmağı da bacarır".

Bu baxımdan da politoloqa görə, Paşinyan ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesini tələsdirmək istəmir:

"Hər şeyin öz axarında tədricən getməsinə üstünlük verir. Yəni bütün bunlar gələcəkdə iki addım irəli atmaq üçün edilir. Ona görə də bu cür davranışları İrəvanın yenidən Rusiyaya sığınması kimi qəbul etmək olmaz. Sadəcə, Moskvanın təzyiqlərindən sığortalanmaq üçün İrəvan belə addımlar atır. Bunu da İrəvan bütün sahələr üzrə təhlükəsizliyinə təminat alan zamana qədər edəcək".  
 
Qeyd edək ki, Avropa Şurasının saytında gedən məlumata görə, Ermənistan Avropa Şurasının Rusiya prezidenti Vladimir Putinin həbs edilməsilə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin orderini dəstəkləyən bəyannaməsindən öz imzasını geri götürüb.

Rüfət Sultan

Избранный
158
50
qaynarinfo.az

10Источники