Son günlər valyuta bazarında dollar satışına məhdudiyyətlərin tətbiqi ilə bağlı xəbərlər yayılıb. Ehtimal edilir ki, yaxın vaxtlarda dolların bahalaşması gözlənildiyindən bazarda qıtlıq yaranıb. Hətta bəzi mütəxəssislər COP29-dan öncə ölkədə devalvasiya olacağını, dolların manata nisbətdə məzənnəsinin ciddi şəkildə artacağını bildirirlər.
Bəs, görəsən, bu ajiotajın yaranmasına səbəb nədir? Dolların bahalaşma ehtimalı varmı?
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, Azərbaycanda maliyyə bazarında devalvasiyanı şərtləndirən təzyiq yoxdur: “Hazırkı iqtisadi mühit, ölkənin idxal-ixrac əməliyyatlarının, tədiyyə balansının strukturunun göstəricilərinin, monetar siyasətin elementlərinin, fiskal yanaşmaların və sosial aspektlərin, xüsusi ilə də risklərin təhlili nəticəsində gəlinən qənaət ondan ibarətdir ki, bu gün Azərbaycanda maliyyə bazarında devalvasiyanı şərtləndirən təzyiq yoxdur. Bu gün maliyyə bazarında təklif qıtlığı yaranarsa, bu, qısamüddətli texniki səbəblərdən baş verə bilər. Uzun müddətli dövr üçün bu qıtlığı şərtləndirən hər hansısa bir faktor yoxdur. Ölkəyə daxil olan valyuta ölkədən çıxan valyuta ilə müqayisədə xeyli çoxdur. Bu şəraitdə devalvasiyanın iqtisadi və monetar aspektləri görünmür. Bu istiqamətdə təzyiqlər yoxdur. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsi diktə ilə formalaşır. Əgər hansısa fərqli arqumentlərlə, əsaslandırmaqla hökumət qərar qəbul edərsə, bu da mümkündür. Yəni göstəricinin diktə qaydasında dəyişməsi ola bilər. Bu barədə müşahidələrimiz göstərir ki, hökumətdə hər hansısa qənaət yoxdur. Nə zamansa belə bir qərar qəbuletmə imkanları var. Faktiki olaraq heç bir real səbəb Azərbaycanda devalvasiyanı şərtləndirmir. Devalvasiyanın yaradacağı inflyasiya tədbirləri, sosial yük, vətəndaş və biznes üçün yaradacağı əlavə problemləri nəzərə almaq şərti ilə hökumət bu istiqamətdə hələlik qərar qəbul etməyəcək. Ən azından 2024-cü ildə devalvasiya gözlənilmir”.
Onun fikrincə, bankların dollar satışını məhdudlaşdırmasının müxtəlif səbəbləri ola bilər: "Dəfələrlə buna bənzər hallar baş verib. 2017-ci ildən bəri faktiki olaraq ölkədə sabit məzənnədir. Ola bilsin, hərraclar arasındakı vaxt hansısa səbəbdən uzanır, banklar proqnozlaşdırmaqda çətinlik çəkirlər və lazım olan qədər hərracdan valyuta almırlar, nəticədə belə bir qıtlıqla üzləşirlər. Azərbaycan bazarı çox kiçikdir. İri bir şirkətin bazara daxil olub, valyuta alıb hansısa borc öhdəliyini yerinə yetirməsi belə ciddi valyuta qıtlığı yarada bilər".
Mövzu ilə bağlı iqtisadçı-ekspert Pərviz Heydərov isə bildirib ki, beynəlxalq bazarlarda neftin qiyməti büdcədə müəyyən edilmiş köçürmə normasından yüksək olacaq, tədiyyə balansı müsbət saldosunu qoruyacaq, neftin maya dəyəri isə büdcədə müəyyən edilmiş köçürmə normasını keçəcək və buna görə də devalvasiya üçün heç bir obyektiv səbəb yoxdur: “Hökumət manatı dollara nisbətdə ucuzlaşdırmağa meylli deyil. Azərbaycan valyutasının məzənnəsi inzibati qaydada tənzimlənir, çünki valyuta gəlirləri neft və qaz ixracı seqmentində cəmləşir”.
Məsələ ilə bağlı Mərkəzi Bank (MB) açıqlama ilə çıxış edərək insanlar arasında ajiotaja səbəb olan bu cür məlumatların heç cür əsasının olmadığını, bank mübadilə məntəqələrində valyuta alışı və satışının əvvəlki kimi öz ritmi ilə davam etdiyini bildirib. Mərkəzi Bankın maliyyə bazarlarında əməliyyatlar departamentinin direktoru Eldar Seydiyev mediaya müsahibəsində qeyd edib ki, valyuta hərraclarında dollar satışında heç bir problem yoxdur və dollara olan tələb tam təmin edilir. Dövlət Neft Fondu (DNF) tərəfindən qrafikə uyğun olaraq xarici valyutanın satışı üzrə hərracların keçirilməsi davam edir. 2024-cü ilin ötən dövründə keçirilmiş 61 hərracda DNF tərəfindən 4,7 milyard dollar satılıb. Əlavə olaraq, 2024-cü ilin ötən dövründə banklararası bazarın həcmi 614 milyon dollar təşkil edib. Eyni zamanda, ötən dövr ərzində Mərkəzi Bank tərəfindən təşkil edilən bütün valyuta hərraclarında tələb təmin edilib.
Xarici valyutaya tələbin çoxalmasına gəlincə, E.Seyidov mövcud vəziyyəti qeyri-neft-qaz idxalının atrması ilə əlaqələndirib: “Valyutaya tələbin artmasına başlıca səbəb qeyri-neft-qaz idxalının artmasıdır ki, bu da investisiya aktivliyinin yüksəlməsi və dövlət xərclərinin genişlənməsi fonunda baş verir. Bu ilin ilk 7 ayında daxili mənbələrdən iqtisadiyyata yönəldilən investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 faiz artıb. Bu dövrdə dövlət büdcəsinin xərcləri 10,4 faiz artıb. O cümlədən dövlətin birbaşa valyuta komponentli xərcləri (xarici borc və s.) ötən ilin eyni dövrü ilə müqayisədə artıb. Bütün bunlar idxal üzrə qabaqcadan ödənişlərin artması ilə müşayiət olunub. Eyni zamanda cari ildə hökumət tərəfindən emissiya edilmiş avrobondun geri alışının həyata keçirilməsi (0,9 milyard ABŞ dolları), ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması (0,8 milyard ABŞ dolları) valyutaya tələbin 2023-cü illə müqayisədə artmasına gətirib çıxarıb. Qeyd edək ki, tədiyə balansının kapitalın hərəkəti hesabında baş verən bu struktur dəyişiklikləri, o cümlədən birbaşa xarici dövlət borcunun əhəmiyyətli azalması perspektivdə valyutaya tələbi azaldacaq amillərdir.
Ümumilikdə bildiririk ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Tədiyə balansının cari əməliyyatlar hesabının ümumi daxili məhsula nisbəti I rübdə 10,1 faiz olub. Ticarət balansında 2024-cü ilin ilk 7 ayında 5,3 milyard ABŞ dolları məbləğində profisit formalaşıb. Proqnozlara əsasən 2024-cü ilin yekunu üzrə də cari əməliyyatlar hesabının profisitli olaraq qalacağı gözlənilir”.