RU

Onlarda zəruri qayda, bizə çatanda senzura?

Maraqlıdır ki, Avropa ölkələrində daha demokratik onlayn təcrübə üçün həyati əhəmiyyət kəsb edən hüquqi tənzimləmələr digər ölkələrdə tətbiq edildikdə çox vaxt “senzura” kimi qələmə verilir.

Rəqəmsal platformalar müasir həyatın ayrılmaz hissəsinə çevrilib. Lakin bu platformalar ayrı-ayrı şəxslərdən kənara çıxıb, cəmiyyətlərə, maliyyə sistemlərinə və iqtisadiyyatlara ciddi ziyan vurmağa başlayıb. Əvvəlcə demokratiyaları gücləndirmək üçün alət kimi görünən bu platformalar dezinformasiya yayaraq, sağlam ictimai rəyin formalaşmasına əngəl törətməklə ictimai asayişi pozdu. Ona görə də son 10 ildə rəqəmsal platformaların hüquqi tənzimlənməsinə ehtiyac aktuallaşıb.

 

Rəqəmsal inteqrasiyanın qaranlıq tərəfi

 

Rəqəmsal platformaların gündəlik həyata inteqrasiyası müxtəlif sektorlarda, o cümlədən iqtisadiyyat, siyasət və mediada əhəmiyyətli dəyişikliklərə səbəb olub. Fərdlərin internetdə qarşılaşdıqları məzmuna görə özünə və ya başqalarına zərər verməsi, hətta bəzilərinin sosial mediada canlı yayımlanan kütləvi qətllər törətməsi kimi misallarda rəqəmsal platformaların mənfi təsirləri açıq şəkildə görünür. Bu platformalar həmçinin 2018-ci ildə “Cambridge Analytica” qalmaqalında göründüyü kimi, fərdiləşdirilmiş mesajlar vasitəsilə radikallaşma və manipulyasiyanın artmasına gətirib çıxarır, burada məlumatlar milyonlarla insanın siyasi seçimlərinə təsir etmək üçün istifadə olunurdu.

“Cambridge Analytica” qalmaqalı siyasi baxışları və davranışları manipulyasiya etməklə və istifadəçilərin razılığı olmadan şəxsi məlumatlardan istifadə etməklə ictimai sahə üçün əhəmiyyətli təhlükə yaradıb. Milyonlarla “Facebook” profilindən məlumatları toplamaq və təhlil etmək və yüksək fərdiləşdirilmiş siyasi reklamlarla şəxslərə təsir göstərməklə şirkət demokratik proseslər üçün zəruri olan şəffaflıq və ədaləti sarsıtdı. Bu manipulyasiya nəinki ictimai müzakirəni təhrif etdi, həm də dialoq üçün orijinal məkan kimi sosial media platformalarına inamı zədələdi. Bu proses həm də ictimai sferanın gizli təsirlərə qarşı həssaslığını və rəqəmsal dövrdə etibarlı məlumatların qorunması və etik standartlara ehtiyac olduğunu nümayiş etdirdi.

***

Bir çox ölkələr rəqəmsal platformaların yaratdığı açıq təhlükəyə qarşı tədbir görüblər. Bununla belə, bu platformaların hüquqi tənzimlənməsində cari qlobal güc dinamikasını əks etdirən təəccüblü ikili standart mövcuddur. Bu ikili standart insan hüquqları və beynəlxalq müqavilələr kimi universal qaydalar deyilən qaydaların həyata keçirilməsində də dəfələrlə özünü göstərib.

Almaniya 2017-ci ildə qüvvəyə minən Şəbəkə Mühafizə Aktı (NetzDG) ​​ilə sosial media platformaları üçün hərtərəfli qaydalar tətbiq edən ilk ölkə oldu. Bu tənzimləmə onlayn platformalara bir sıra mühüm öhdəliklər qoyub. Bura qeyri-qanuni məzmuna görə şikayət mexanizminin yaradılması və məzmunun silinməsi prosedurlarına dair dövri hesabatların təqdim edilməsi daxildir. Hazırda Meta kimi tanınan “Facebook” bu tənzimləmə ilə cəzalandırılan ilk böyük şirkət oldu. Eyni dövrdə bir çox ölkə sosial media platformaları üçün qanunvericilik aktları qəbul etməyə başladı.

 

Rəqəmsal əsrdə qaydalar qaçılmazdır

 

Avropa Birliyi (AB) 17 fevral 2024-cü il tarixində bütün AB dövlətlərində qüvvəyə minən Rəqəmsal Xidmətlər Aktı (DSA) və Rəqəmsal Bazar Aktı (DMA) tətbiq etdi. Bu bütün internet ekosistemi üçün hərtərəfli qaydalar, məsuliyyətlər və sanksiyalar çərçivəsi yaradır və fundamental hüquqların qorunduğu daha təhlükəsiz rəqəmsal məkan vəd edir. Qaydalar müxtəlif ölçülü platformalara müxtəlif öhdəliklər qoydu. Bu kontekstdə ən əhatəli məsuliyyətlər Avropadakı ümumi istifadəçilərin yüzdə 10-dan çoxuna çatan böyük onlayn platformalara və axtarış sistemlərinə verildi.

Bu qaydalar çərçivəsində rəqəmsal platformalardan qeyri-qanuni məzmunu silmək və məhkəmə orqanları ilə əməkdaşlıq etmək tələb olunurdu. Qətl və ya terror hücumları kimi ağır cinayətlərin törədildiyi hallarda, platformalar məhkəmənin təsdiqindən sonra IP ünvanlarını, yer məlumatlarını və parol məlumatlarını məhkəmə orqanları ilə paylaşmalıdır. Bu qaydalara əməl etməyənlərə qarşı tətbiq edilən əsas sanksiya platformanın illik gəlirinin orta faizi kimi hesablanan cərimədir. Bundan əlavə, AB qaydaları səlahiyyətlilərə lazım olduqda cərimələrdən başqa tədbirlər görməyə də icazə verir.

Bu hüquqi təşəbbüslərin ağlabatan və zəruri xarakter daşımasına baxmayaraq, oxşar tənzimləmələrin AB ilə sözləri düz gəlməyən (daha doğrusu Avropanın dediyi ilə oturub-durmayan, müstəqil siyasət yürüdən) ölkələrdə tətbiqi cəhdləri bəzi Qərb media qurumları tərəfindən demokratiya və ifadə azadlığına məhdudiyyət kimi tənqid edilir. Bununla belə, istifadəçiləri rəqəmsal platformalardan qoruyan qaydaların həyati əhəmiyyət kəsb etdiyini etiraf etmək lazımdır. Fiziki aləmdə qeyri-qanuni olan cinayətlər internetdə törədildikdə qanundan kənarda qalmamalıdır. Təfərrüatlar ölkələr arasında fərqli olsa da, bütün tənzimləyici təşəbbüslər fərdləri və cəmiyyəti rəqəmsal mühitlərin yaratdığı risklərdən qorumaq məqsədi daşımalıdır.

***

Maraqlıdır ki, Avropa ölkələrində daha demokratik onlayn təcrübə üçün həyati əhəmiyyət kəsb edən hüquqi tənzimləmələr qeyd olunan ölkələrdə tətbiq edildikdə çox vaxt “senzura” kimi qələmə verilir. Aydındır ki, rəqəmsal platformaları məsuliyyəti öz üzərinə götürməyə və səlahiyyətlilərlə əməkdaşlıq etməyə məcbur edən hüquqi tənzimləmələr tələb olunur. Lakin bu qaydalar bütün dünyada ədalətli və ardıcıl şəkildə tətbiq edilməlidir ki, yerləşdiyi yerdən asılı olmayaraq hər kəs rəqəmsal dünyada eyni standartlara tabe olsun.

Rəqəmsal platformaların əhəmiyyətli gücə malik olduğu bu əsrdə ədalətli və ardıcıl hüquqi tənzimləmələrin aktuallığını gözardı etmək olmaz. Bu platformalar ictimai diskursu formalaşdırmağa və siyasi nəticələrə və sosial sabitliyə təsir etməyə davam etdikcə, onların bütün digər təşkilatlar kimi eyni hüquqi standartlara riayət edilməsi zəruridir. Fərdləri müdafiə edən və demokratik proseslərin bütövlüyünü təmin edən qaydalar təkcə arzuolunan deyil, həm də təcili zərurətdir. Rəqəmsal dövrün faydalarını həqiqətən əldə etmək üçün rəqəmsal mühitin bərabərlik, təhlükəsizlik və həqiqi azadlıq məkanı olaraq qalmasını təmin etmək üçün qlobal əməkdaşlıq və möhkəm hüquqi bazalar lazımdır.

Избранный
81
vaxt.az

1Источники