Bu ilin yanvar-avqust aylarında Azərbaycandan 38 ölkəyə 17 769 aviareys təşkil olunub.
Axar.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (18,7%) və 2 546 aviareys (20,4%) çoxdur.
Hesabat dövründə Azərbaycandan ən çox Rusiyaya 5 134 reys təşkil olunub. Bu da 1 il əvvələ nisbətən 12,9% çoxdur.
8 ay ərzində Rusiyadan sonra ən çox Azərbaycandan Türkiyəyə aviareys təşkil olunub. Bu ölkəyə 4 004 reys olub ki, bu da illik müqayisədə 5,5% çoxdur.
İlk üçlüyə 2 034 reyslə (+31%) Birləşmiş Ərəb Əmirlikləri daxil olub. Daha sonra TOP-10-luğa Gürcüstan 1 353 (+33,1%), Səudiyyə Ərəbistanı 617 (-4,6%) , Qazaxıstan 557 (-5,8%), Hindistan 435 (+5,6 dəfə), Qətər 399 (+ 64,1%), Küveyt 297 (+24,7%) və Özbəkistan 287 (-33,5%) daxil olub.
Bu siyahıya bu il Hindistan daxil olaraq aviareyslərin sayına görə 7-ci yerdə qərarlaşıb, İsrail (279 aviareys, +18,2%) isə 11-ci yerə düşüb.
Təkcə avqust ayında Azərbaycandan xaricə təşkil olunan aviareyslərin sayı 19% artaraq 2 841 təşkil edib. O cümlədən, ötən ay Rusiyaya 792 reys təşkil olunub ki, bu da ötən ilin avqust ayı ilə müqayisədə 21,1% çoxdur.