RU

“Hakimin hansısa epizoda qeyri-adekvat yanaşmasını görmədim” - Fariz Yusifov macar referidən razı qalıb

Yığmamız cümə axşamı evdə İsveç millisinə 1:3 hesabla məğlub oldu.

Matçı idarə edən Balaş Berkenin qərarları barədə sabiq FİFA referisi Fariz Yusifovun fikirlərini öyrənməyi lazim bildik. Onun qəzetimizə açıqlaması belə oldu:

“Təəssüf ki, ilk oyunda məğlub olduq, amma baxımlı oyun alındı. Penalti qazandıq, önə də çıxa bilərdik. Təəssüf ki, uşaqlarda olan canfəşanlıq nəticə gətirmədi. Ümumən baş hakimin və köməkçilərinin işi komandalara mane olmadı. Oyun öz axarı ilə gedir, referi də işini görürdü. Balaşın zahiri görkəmi, meydanda davranışı, epizodlara yanaşması, oyun qaydalarını bilməsi, yozumu yerində idi. Hiss olundu ki, matçın əvvəlində onda bir qədər həyəcan var. Fiziki durumuna gəlincə, ekran qarşısından artıq çəkisi hiss olundu. Mövqe seçimində xoşuma gələn bir şey oldu ki, hansısa qayda pozuntusu, intizam sanksiyası, sarı vərəqələr anında qeydə alındı. Yəni bütün hallarda tutduğu mövqe seçimi yaxşı idi. Bu da hakimin müsbət xüsusiyyətlərindən biri idi. Məni narahat edən hal birinci hissənin sonunda cərimə meydançası daxilində Renat Dadaşova qarşı qayda pozuntusunda oldu. Görünürdü ki, hakimin tutduğu mövqe də yaxşıdı. Amma ona deyiləndən sonra penalty verdi. VAR sisteminin mənfi xüsusiyyətlərindən biri də budu ki, hakimlər cərimə meydançasında daha məsuliyyətli olmaq əvəzinə belə davranırlar, bilmirəm, niyə yubanır, nəyi  gözləyirlər. Oyunçu iki müdafiəçi arasından yıxılırsa, futbolçularin hərəkəti, davranışı, hakimin tutduğu mövqe ona imkan verməlidi qərar çıxarsın. Fikrimcə, belə halda baş hakim məsuliyyəti üzərinə götürməlidi. Penaltini birbaşa göstərməliydi. Onsuz da VAR-a baxılacaq. Göründüyu kimi, epizodu incələməyə vaxt getdi, içəridə də dəqiqələrlə baxdılar, amma yenə sonda referi monitora baxıb qərar verdi. Penaltilərin hər ikisi yerində, köməkçilərilə əlaqəsi də yaxşı idi. Elə bir fikir ayrılıqları görmədim. Ümumiyyətlə, oyunun axarını pozmadı. Hakimin hansısa epizoda qeyri-adekvat yanaşmasını görmədim. Çalışırdı obyektiv olsun. Hakimlərin işinə yüksək qiymət vermək olar ki, bu da inspektorun işidi. Ümumən məğlubiyyətə baxmayaraq, hakimlər briqadası oyunun öhdəsindən gəldi. Yığmamız açıq futbol oynadı. Halbuki bunu heç gözləmirdim".


RÖYANƏ OĞUZ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
62
football-plus.az

1Источники