RU

 Usta gediş: Prezident İlham Əliyevin İtaliyaya səfərinin kodları

Azərbaycan Prezidenti İlham Əliyev və vitse- prezident Mehriban Əliyevanın İtaliyaya işgüzar səfəri mühim hadisələrlə yadda qaldı. Səfərin barədə danışmazdan əvvəl onu deyək ki, Bakı ilə Romanın ciddi əlaqələri var. Bu əlaqələr təhlükəsizlikdən tutmuş, hərbi əməkdaşlığa qədər müxtəlif sahələri əhatə edir. Azərbaycanla İtaliya arasında iqtisadi və ticarət əlaqələri isə ildən ilə inkişaf edir. 

Sözügedən səfər göstərdi ki, bir çox Qərb dövlətlərinin, o cümlədən ABŞ və Fransanın Azərbaycana qarşı qərəzli, riyakar mövqeyinə baxmayaraq, rəsmi Bakı öz müstəqil xarici siyasət kursunu  və bəzi Avropa ölkələri ilə münasibətlərini uğurla davam etdirir. Bu baxımdan sözügedən səfər əslində Azərbaycanla “körpüləri yandırmaqda” israrlı olanlara da mesaj idi. 


Səfər çərçivəsində Azərbaycan lideri bir sıra rəsmi şəxslərlə, o cümlədən İtaliya Prezidenti Sercio Mattarella, İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi və digər rəsmi şəxslərlə görüşüb. Görüşlər zamanı ikitərəfli əlaqələrin, əməkdaşlığın perspektivləri və gələcəkdə daha da inkişaf etdirilməsi müzakirə olunub. 
İkitərəfli əlaqələrin inkişafı, əlbəttə, Bakı ilə yanaşı, Roma üçün də maraqlıdır. Təsadüfi deyil ki, İtaliya mediası Prezident İlham Əliyevin səfərini geniş işıqlandırdı.  “Agenzia Nova”, “Giornale Diplomatico”, “Agenpress”, “Il Sole 24 Ore”, “Askanews”, “Italpress”, “il Giornale”, “La Presse”, “Agenzia Vista”, “Quotidiano Nazionale”, “Tutt Oggi”, “Borsa Italiana” və digər kütləvi informasiya vasitələrində yayılan məlumatlarda Prezident İlham Əliyevin Romanın “Quirinale” Sarayında İtaliya Prezidenti Sercio Mattarella ilə görüşdüyü bildirilib. Diqqətə çatdırılıb ki, görüşdə iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığı və çoxşaxəli əməkdaşlığı ehtiva etdiyi vurğulanıb.

 Bildirilir ki, İtaliya Avropada Azərbaycanın əsas ticarət tərəfdaşıdır, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. TAP layihəsinin Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyində mühüm rol oynadığı qeyd olunur. Humanitar və mədəni əlaqələrin, eyni zamanda, İtaliya -Azərbaycan Universitetinin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
 
Azərbaycan dövlət baççısının İtaliyaya işgüzar səfəri çərçivəsində iştirak etdiyi  Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zaman səsləndirdiyi fikirlər digər siyasi əhəmiyyətə malikdir. Belə ki, ölkə lideri çıxışında Azərbaycan və İtaliya arasında strateji əlaqələrə toxunaraq bildirdi ki, bu münasibətlər uzun illərdir davam edir: “Uzun illərdir ki, Azərbaycan və İtaliya strateji tərəfdaş olaraq fəaliyyət göstərir və müvafiq bəyannamə 10 il bundan qabaq qəbul edilmişdir. Bizim əlaqələrimiz bütün sahələri əhatə edir, müntəzəm siyasi təmaslarımız var”. 
  
Ölkə liderinin bu fikirləri bir daha onu deməyə əsas verir ki, Azərbaycan və İtaliya arasında əməkdaşlıq inkişaf edən templə davam edir. Bu əlaqələr ciddi perspektiv vəd edir. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın inkişafı o deməkdir ki, Qərbin bütün riyakarlıqlarına baxmayaraq, rəsmi Bakı Avropanın əsas enerji təminatçısı olaraq qalır. 
 
Azərbaycanla İtaliya arasında münasibətlərin başqa bir sferası ticarətlə bağlıdır. Bunu İlham Əliyev də qeyd etdi. Dövlət başçısı bildirdi ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır: “Ötən il bizim ticarət dövriyyəmiz 16 milyard ABŞ dollarına bərabər olmuşdur və burada artım üçün potensial var”. Gələcəkdə ticarət əlaqələrinin daha da inkişafına mane ola biləcək nə isə yoxdur. Ticarət əlaqələrinin inkişafı, şübhəsiz ki, Roma və Bakını bir – biri üçün daha vacib partnyora çevirəcək. Bu isə öz – özlüyündə digər sahələrdə də əlaqələrin inkişafına təsir edəcək. 
 
Dövlət başçısının İtaliya- Azərbaycan universitetinin ikitərəfli əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsi olduğunu qeyd etməsi də, əlbəttə, inkitərəfli əlaqələrin inkişafı kontekstindən qiymətləndiriləsi vacib məqamdır. 
Ölkə rəhbəri çıxışı zamanı, həmçinin Cənubi Qafqazdakı durumdan, o cümldən Azərbaycanla Ermənistan arasında gözlənilən sülh sazişi barədə də danışdı. O, Azərbaycanın sülh danışıqları ilə bağlı irəli sürdüyü təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcəyinə ümidini ifadə etdi: “Biz Cənubi Qafqazda sülhə nail ola bilərik və bu gün Azərbaycan ilə Ermənistan arasında sülh istiqamətində aparılan danışıqlarda görürük ki, bu mümkündür”. 
 
Sülh müqaviləsinin mətnin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayan dövlət başçısı qeyd edib: “Atıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq. Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlilik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək”. Məlum olduğu kimi, hazırda sülh sazişinin imzalanmasına mane olan əsas amil Ermənistan konstitusiyasında Azərbaycana qarşı olan ərazi iddialarıdır. Rəsmi Bakı haqlı olaraq konstitusiyanın dəyişdirilməsini tələb edir. Rəsmi İrvan isə bu tələbi yerinə yetirmək istəmir, vaxt uzadır. Üstəgəl, son zamanlar Emənistanın hərbi təxribatları yenidən istensivləşib. İstisna etmək ollmaz ki, bunun arxasında Qərb dayanır. Ermənistanı sürətlə silahlandıran ABŞ və Fransa Azərbaycanın səyləri nəticəsində bölgədə sülhün yaxınlaşdığını başa düşür və bunun qarşısını almağa çalışır. Çünki mümkün sülh üçüncü qüvvələrin Cənubi Qafqazda olmaması deməkdir. Bu isə nə Fransanın, nə də ABŞ-nin maraqlarına cavab verir. Odur ki, Azərbaycanla təzyiq dilində danışa bilmədiyii anlayan Qərb qurban kimi məhz Ermənistanı seçir və “kök və qamçı” siyasətini tətbiq edir. Belə ki, əvvəlcə İrəvanı silahlandıraraq onu şirnikləndirən və özünəinam yaradan Qərb sonradan direktivlərini icra etdirir. Ermənistan bu gün faktiki olaraq ABŞ və Fransanın təsiri altındadır. İrəvan Qərbin “çaldığı havaya oynamaqla” regional sülh və əməkdaşlıq imkanından məhrum olur. Bu isə ən çox onun özünə ziyandır. Çünki Azərbaycan ərazi bütövlüyünü təmin edib və müstəqil xarici siyasət kursuna malikdir. Ermənistan isə bu gün Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Emrənistanın gələcəkdə Ukraynanın taleyini yaşayaraq hərbi toqquşma meydanına da çevrilməsi mümkündür. Bu, Ermənistanın dövlətçiliyi üçün ciddi təhdiddir. Belə bir zamanda yeni təhlükəsizlik çətirinə ehtiyacı olan rəsmi İrəvan üçün ən ideal variant Bakı və Ankara ilə münasibətləri normallaşdırmaqdır. 

 
 Şərqi Avropada davam edən müharibəyə də toxunan dövlət başçısı Rusiya ilə Ukrayna arasında münaqişənin həllində Azərbaycanın da iştirakının mümkünlüyünü istisna etməyib. “Əgər hipotetik imkandan danışırıqsa, bu, tamamilə mümkündür. Əvvəla nəzərə alsaq ki, Rusiya və Ukrayna ilə birlikdə 70 il SSRİ-nin tərkibində olmuşuq, biz şəxsi əlaqələr səviyyəsində və siyasi müstəvidə çoxşaxəli əlaqələr saxlayırıq. Bu gün biz Rusiya və Ukrayna ilə münasibətlərimizi çox yaxşı hesab edirik. Biz Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəkləyirik. Amma, eyni zamanda, biz anti-Rusiya sanksiya kampaniyasının bir hissəsi olmamışıq və olmayacağıq”, - deyə dövlət başçısı bildirib.
 
Azərbaycanın iki ölkə ilə münasibətlərin praqmatizmini nəzərə alaraq bu prosesdə müəyyən rol oynaya biləcəyini vurğulayan Prezident İlham Əliyev qeyd edib: “Biz heç vaxt bu proseslə bağlı təşəbbüs irəli sürməmişik. Bilirəm ki, bu işdə iştirak etmək istəyənlər çoxdur. Amma iştirakımız tələb olunarsa, biz hazırıq”. Əslində belə bir versiya tamamilə mümkündür. Çəsmi Bakı müstəqil xarici siyasət kursuna malik aktor kimi hər iki tərəflə münasibətlərini davam etdirir. Və nə Kiyev, nə də Moskva Bakı ilə münasibətləri pisləşdirmək istəmir. Bu, bir daha Azərbaycanın dünyadakı artan nüfuzundan xəbər verir. Odur ki, perspektivdə Azərbaycanın Rusiya və Ukrayna arasında uğurlu vasitəçi olması tamamilə mümkündür. 
Avropa Şurası Parlament Assambleyası üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcəyini deyən İlham Əliyev bu sözləri ilə mesaj verdi ki, rəsmi Bakı geri addım atmayacaq. Əvvəlcə AŞPA Azərbaycana qarşı qərəzli mövqeyindən əl çəkməlidir. Əslində bu qərəzli və riyakar mövqe rəsmi Avropa dairələrindəki bir çox siyasinin səriştəsizliyindən xəbər verir. Belə ki, əgər Qərb regiona gəlmək istəyirsə, başa düşməlidir ki, bunun yeganə yolu Cənubi Qafqazın ən güclü aktoru olan Azərbaycanla münasibətlərdən keçir. Hazırda davam edən mövcud ritorikanın bumeranq effekti verəcəyi isə şübhəsizdir.
Dövlət başçısı COP-29 barədə də danışdı. O, söylədi ki, bu tədbir tarixdə ilk dəfə bizim regionda keçiriləcək. Noyabrda Bakının ev sahibliyi edəcəyi bu tədbir, sözsüz ki, Azərbaycanın artan nüfuzuna daha bir töhfə verəcək. 
Beləliklə, bir daha demək  olar ki, haqqında danışdığımız səfər mühüm tarixi hadisə olmaqla yanaşı, həm də ciddi mesajlarla dolu yadda qalan usta gediş idi. 

Избранный
123
50
sherg.az

10Источники