RU

Çinar yazıları - Mübariz Örənin yeni hekayəsi

Kulis.az Mübariz Örənin "Çinar yazıları" adlı yeni hekayəsini təqdim edir.

Adamları bir-birinə doğmalaşdıran o fərəhli günlərin zirvəsi Şuşanın azad olunduğu gün oldu! Olur, dolub-daşan hisslərini tək yaşaya bilmirsən, evdən çıxıb harasa üz tutmaq, sevincini kimlərləsə bölüşmək istəyirsən.

Dostumla votsaplaşıb köhnə “Bakı” mehmanxanasının yerində salınmış parkda görüşməyə vədələşdik.

Bakını heç vaxt belə izdihamlı görməmişdim; bütün şəhər mərkəzə axırdı. Yollar-səkilər adamlarla doluydu. Maşınlar adam əlindən yol tapıb irəliləyə bilmirdi. Sürücülər aramsız siqnallar verir, bir-birlərilə maşın dilində danışır, maşın dilində bir-birlərinə gözaydınlığı verirdilər. Əsgər forması geymiş gənc qızlar maşınların açıq şüşələrindən başlarını çıxarıb sevinclə qışqırışır, müharibəyə aparılmamalarının əvəzini sanki bu yolla çıxırdılar. Əllərində bayraq, hərəkətdə olan maşınların banından bədənlərini çıxaran coşqun gənclər təkərli postamentdə yeriyən “Zəfər abidəsi”ydi. Neftçilər xəstəxanasının ikinci mərtəbəsindən – açıq palata pəncərəsindən yalın sinəsini qabağa verib, bir əli ürəyinin başında, dibdən kəsilmiş o biri qolunun sarğısı ilə “əl eyləyən” qazi isə canlı “Qəhrəman büstü”!

Taksist cavan oğlan idi. Yol boyu yumruğunu sükana vurdu ki, neçə dəfə “vayenkomat”a getdim, məni əsgər aparmadılar! Hər dəfəsində təskinlik verməyə çalışdım, özü də razılaşdı ki, əsas qələbədi, o da var. Varımızdı – hamımızındı! Ayaqla daha tez çatacağımı başa düşüb yarı yolda maşını saxlamasını istədim. “Düş, dayı, düş, vallah heç nə lazım deyil. Mən özüm də maşını atıb şəhərə qayıdıram”, – gənc qələbədaş gedişhaqqı götürmək istəmədi. Təxmini məbləğin ikiqatını oturacağa atıb, düşdüm.

Uğultu qatı duman kimi şəhərin canına hopmuşdu; ağla gəlməyən yerdən səs gəlirdi. Vədələşdiyimiz yerdə dostumla görüşüb – heç vaxt olmayan kimi bərk-bərk qucaqlaşdıq da – insan selinə qarışdıq. Hara gedəcəyimizin fərqi yox idi, hər yan qələbəlik idi.

“Nizami” kinoteatrından sola dönəndə maşın yolunun ortasında dövrə qurub rəqs edən coşqulu insanları dostum feysbukda canlı yayıma qoşdu. Ortaya düşüb mən də o ki var oynadım, oynaya-oynaya baxdım ki, ətraf binalar da bizə qoşulub şən-şən oynayır.

Kukla Teatrının yanındakı keçiddən nisbətən sakit dənizkənarı bulvara çıxdıq. Ağır qübbə kimi şəhərin üstünə çökmüş səs kütləsi prospektin o üzündə qaldı.

– Bu səs adamı dəli edər, – neçə vaxtdı cəbhədən gələn həyəcanlı xəbərlər, qələbəli Tvitlər, fərəhli, yuxusuz gecələr hipertoniyalı canıma təsirsiz ötüşməmişdi. Azacıq səs-küydən qulaqlarım dolur, sinə-başım guppuldayırdı.

– Bəs o evlərdəki xəstələr, qocalar neynəsin? – Prospekt boyu bayraqlarla bəzədilmiş eyvanları göstərib, dostum şübhə qarışıq təbəssümlə mənə baxdı.

“Çinar Bakını sevdi.” – Bu sözləri isə səs-küydən azca aralanmış yanımızda ayaq saxlayan bəstəboy qoca dedi. Yaşı səksəni ötərdi, zövqlə geyinmişdi, görkəmindən hansısa tanınmış rəssama, yaxud memara oxşadardın. Ərklə qolumuza girib başını yuxarı tutdu, iyirmi-otuz ilə Bakı iqliminə ancaq ki uyğunlaşmış cavan çinarları göstərdi: “Daha Bakı küləyi oları yerindən qopara bilməz”, – dedi, sonra öz sözünü başıyla təsdiqləyib yoluna davam etdi.

Qəribədir, bu ağacların yanından bəlkə milyon dəfə keçmişdim, amma heç vaxt çinar olduqlarının fərqinə varmamışdım. İllərdi küləklərlə çarpışmada olan bu inadkar pöhrələr əkildiyi gündən gücünü, şirəsini deyəsən kökə, rişəyə vermişdi, qol-qanad açmağa, böyüməyə – çinarlaşmağa ancaq ki macal tapmışdı.

“Bəs Bakı necə, çinarı sevdimi?” – bu yöndəmsiz sual isə tum kimi çırtlayıb hardansa beynimə düşdü, cücərdi, pöhrələndi... dostumla sağollaşıb ayrılan kimi yay-qış açıq havada gecələyən arabaçını görmək keçdi könlümdən...

***

O qəribə adam haqda mənə başqa bir dostum – köhnə əsgər yoldaşım danışmışdı. Bazarda təsadüfən rastlaşmışdıq, əlüstü hal-əhvaldan sonra qoluma girib məni yaxınlıqdakı çayxanaya dartmışdı: “Gəl, sənə maraqlı şey göstərəcəm...”.

Bazarla köhnə doqquzmərtəbənin arasında daim ayağaltı, basırıq, səs-siqnallı bir yerdəydi dediyi yer. Diribaş talış balasıdı, – sonradan dostlaşdıq, – hardansa köhnə pinəçi budkası tapıb gətirib, necəsə icazəsini alıb, böyür-başına stol-stul düzüb, samovar qoyub, eləyib çayxana. Amma neynirsən, o şəraitsiz, darqəlib yerdə adama bir çay verir ki, dadı damağından getmir. “Binəqədidə qohumu var, həyətindən Şollar axır, hər gün sürüb ordan təzə su gətirir...”, – dostum çayçını ağızdolusu tərifləsə də, hiss edirdim ki, mənə göstərəcəyi əsas şey o deyil.

“Görürsən o evi?” – nəhayət, oturduğumuz yerə bitişik, dəmir borularla əhatələnmiş qatı kölgəli ağaclığı göstərmişdi. Bazar maşınlarının, arabaların, orda-burda qalaqlanıb-tığlanmış boş yeşiklərin gediş-gəliş yolunu belə tutub iflic elədiyi bir yerdə, qəribəydi, o yaşıl sahə qorunub toxunulmaz qalmışdı! “Evi görürsən?” – ikinci dəfə deyəndə, diksindim; təzə sulanıb-süpürülmüş nəm torpağı, yuyulub ipə sərilmiş kişi dəyişəyi, ağaca bərkidilmiş əldəqayırma əlüzyuyanı, mıxdan asılmış məhrabası, boş banan yeşiklərindən, karton qutulardan “yığılmış” “divar mebeli”... ilə o yer, doğrudan da, sahmanlı, qurulu evi xatırladırdı!

“Bazarda araba sürür, harda olsa indi gələcək. Bir saat buranı yiyəsiz qoymur, elə bilir, o olmayanda kimsə gəlib evini dağıdacaq...”, – o qəribə adam haqda danışdıqları qaibanə maraq oyatmışdı məndə, öz mağarasına qayıdacaq div kimi gözləmişdim onu. – “Yaddaşını itirib... Heç kəsi yoxdu...”.

Sonrakı hadisələr əməllicə tilsimləmişdi məni: “həyətin” qapı yerindən arabasını içəri salıb guya qarajında saxladı, tərli köynəyini çıxarıb ipin üstünə atdı, dabanını dabanına sürtüb dar çəkmələrini bir qırağa itələdi, ordaca oturub kürəyini ağ gövdəli ağaca söykədi, – ağacdı, ağacdı da! – ayaqlarını uzadıb bir müddət hərəkətsiz qaldı, tərli bədənini, ayaqlarını yalayan yüngül mehdən xoşallandı, – bütün bu “hadisələr” baş verdikcə, mənə elə gəldi ki, kimdisə, bu adamı yaxından tanıyıram: manerasından, hərəkətlərindən... – dincini alandan sonra qalxıb “həyət-bacasını” gəzdi, “divar mebeli”inin qapılarını bir-bir açıb yoxladı, “gözümü çəkən kimi aparırlar”, deyib, donuq baxışlarla bizə tərəf baxdı, – onda yox! – su dolu balonları çıxarıb ehmalca “məhəccərə” düzdü, öz aləmində guya üfürüb tozunu aldı, bir balon suyu aparıb əlüzyuyana tökdü, oxxay-oxxayla sinə-başına su vurdu, – onda da yox! – dizəcən çirmələnib ayaqlarının qarasını yudu, bir dolu balonu da götürüb üstdən-aşağı, başından belinə şırıldatdı, sonra məhrabasını boynuna atıb yaş saçlarını silib quruladı, biz-biz elədi və o pırpız, gülməli halıyla çevrilib ikinci dəfə bizə baxanda – bax onda! – tanıdım: Nağı oğlu Tağı!

“Amma o, axı indi Ufada olmalıydı!..” – Nağı oğlu Tağı ilə bağlı müəmma dolu bir hadisəni yada salmağa çalışırdım ki, bir yarpaq, eləmə tənbəllik, dolana-dolana uç, gəl qon masamızdakı qəndqabının qapağına!

– Bu nədi?! – heyrət içində yarpağı əlimə götürdüm.

– Yarpaqdı da, çinar yarpağı. İndi görürsən?..

Başımı qaldırıb yuxarı baxanda əsasən akasiya, şam ağacları ilə əhatələnmiş ağ-iri gövdəli, gen çətirli, sağlam, tanış – doğma çinar gördüm!

***

Ay işığında keçid olmur.

Keçmiş döyüşçü heç vaxt belə ağılsız işə qol qoymaz.

Amma o zəhrimar arağın təsiri, bir də gör neçə ildi Tağını görmürdülər. Onun qürub kimi qızaran gözləri, yalvarıcı baxışları qarşısında tab gətirməmişdilər.

Kanalın üstündə hündür qovaqlı, yeltutan yerdə oturmuşdular. Köhnə sinif yoldaşlarını, dostlarını başına yığıb qonaqlıq verirdi Tağı. Ufadan təzə gəlmişdi, əli yaxşıydı. Kəndin kənd vaxtlarından, qaçqınlıqdan söz salıb kədərləndilər, ovaxtkı məzəli əhvalatlardan danışıb, o ki var güldülər, – haldan hala düşdülər. Kefləri yaxşıydı, birdən nə oldusa Tağını möhkəm ağlamaq tutdu. Nə elədilər, sakitləşdirə bilmədilər. Ovutduqca hönkürtüsü şiddətləndi: “Ürəyim partdıyır e, partdıyır, başa düşürsüz?! Burdan-bura gedib dədəmin qəbrini görə bilmirəm! Buz kimi sularımız axıb gedir, bircə qurtumuna tamarzıyam!..”

“Səni elə yerə aparım ki, Daşlı bulağın səsini eşit!” – nəhayət, dözməyib İso ayağa durdu. O da sinif yoldaşlarıydı, Qarabağ qazisi idi.

Rusiyadan üç-dörd günlük anasına dəyməyə gəlmişdi Tağı, – kaş gəlməyəydi; o gəldi, bircə gün sonra anası hospital yolunda ürəktutmasından öldü, – aeroportdan taksini birbaşa sürdürmüşdü Biləsuvara, qaçqın qəsəbəsinə. Neçə illərin küsülüsü olsalar da, – o vaxt anasını tək qoyub Ufaya getmişdi, – qonum-qonşunun yanında anası onu pərt eləmədi. “Nə yaxşı gəldin”, deyib, boynunu qucaqladı. Hər küncdən bir matah tapdı çıxartdı, növbənöv balonları qarnında daşıyıb pilləkən daşına düzdü, yaxşı toyuq-cücəsi vardı, bir-ikisini kəsdirib biş-düş elədi... Hamı dağılışıb gedəndən sonra arvadın hikkəsi təzədən körükləndi, – ona ən çox yer eləyən o idi ki, niyə o vaxt itkin qardaşının pasportunu götürüb gedib! – oğlunun üzünə baxmadı, nə dedi, ortalığa dedi. Gecə keçənəcən həyətdə oturdular, susdular... Tək-tük danışdıqları da... öz həyatları deyildi, başqasının nağılıydı elə bil: Atası Nağı fağır kişiydi, rayonda işıqçı işləyirdi, hər gün, qışın sazağında, yayın qızmarında səkkiz kilometr yolu işə piyada gedib-gəlirdi, qazancı çox olmasa da, dolanışıqlarına bəs edirdi. Sonra nə oldusa kişi sürətlə arıqlamağa başladı, səbəbini bilən olmadı, vaxtında üstünə düşmədilər, həkimə aparmadılar, ayaq üstə göz görə-görə qurudu əldən getdi. Dalınca Ənnağı getdi – balaca qardaş: qaçaqaçda qoyun-quzusunu Arazdan keçirəndə itkin düşdü; çay apardı, duman aldı, düşmən əlinə keçdi, o tayda başına nə oyun gəldi, – bilinmədi.

Sonra da özü getdi – Tağı.

O ili institutu bitirib rayona su idarəsinə gəlmişdi. Qeyri-müəyyən vaxtlar idi, bu gündən sabaha ümid yox idi, qaçqınlıq düşdü, hər şeyləri alt-üst oldu, qaldılar havada: yolsuz, ruhsuz, çəkisiz... Düşdükləri vəziyyət gülməli dərəcədə ağlamalı idi, birdən-birə heç nəsiz heç kimə çevrilmişdilər: varlısı-kasıbı, vəzifəlisi-vəzifəsizi, müdriki-səyi... Alınlarına yekə bir “Qaçqın” damğası vurulmuşdu, qaraçı taboru kimi düşmüşdülər çöllərə...

Çadır şəhərciyində bir ilə yaxın boş-bekar gəzdi, ortalıqda it döydü, Yekə darvazadan – Rusetdən uşaqlar gəlmişdi, qoşulub onlara getmək istədi. “Beş-altı ay işləyib qayıdaram”, – dedi. Anası daş atıb başını tutdu ki, olmaz; yeganə ümidgahını əlindən buraxmaq istəmirdi. Hətta pasportunu da apardı harasa soxdu ki, tapmasın. Tağı nə qədər yalvardı düşdü anasının ayaqlarına, olmadı. Arvad iki ayağını bir başmağa dirədi ki olmaz: “Getmiyəssən, vəssalam!”. “Vəssalam, vəssalam da...” – bu da daha bir söz demədi, sandıqda sənədlərin arasında eşələnəndə, itkin qardaşının – Ənnağının pasportu keçdi əlinə, onu götürüb getdi!

O gedən – bu gedən!

Səhərə az qalırdı, yuxu gözlərindən tökülürdü, durdu anasının boynunu qucaqladı, – arvad ha dartınsa da, – o üz-bu üzündən öpdü, – ha qoluyla itələsə də, – dedi, ay arvad, yekə qızsan, bu nazı-qozu qoy bir qırağa, dur yerimi sal, yorğunam, üç min kilometr yol gəlmişəm, iki oğul nəvən gəlib dünyaya, dur bir sevin, ikisi də sənəddə “Ənnağı oğlu” gedir, birinə dədəmin adını qoymuşam, öz adım heç it dəftərində də yoxdu!..

Balaca üzünü yaylığına sıxıb zırın-zırın ağladı arvad, ağız-burnunun seliyi göz yaşlarına qarışdı...

“Öz adım heç it dəftərində də yoxdu...” – soyunub yerinə girsə də, bu söz onu yatmağa qoymadı. Necə yəni adım it dəftərində yoxdu!.. Ola bilməz ki insan yaşasın, amma adı heç yerdə olmasın! Öl, baş daşında da başqasının adı yazılsın! Əvvəllər heç vaxt fikirləşməmişdi bu haqda. Nə axmaq taledi bu: ömrünün bir yerinədək yaşa, ondan o yana öz adın itsin!..

Amma yox, – bədəninə ilıq bir arxayınlıq axdı, – var! “Т+П=С” – kənddə çinarın gövdəsində kiril hərflərilə adı yazılmışdı. “Tağı üstəgəl Pərvanə bərabərdi Sevgi!”. Dünya dağılsa da o ad ordan silinən deyildi!

Kənddə çinar çox idi, kökündən göz yaşı kimi saf bulaq qaynayan ana çinar isə bir dənəydi! Ruhu vardı o çinarın; inanırdılar ki, ata-babalarının, əbəcdadlarının ruhu neçə yüz illərdi bu əzəmətli, güclü, sağlam çinarda yaşayır. Əziz bayramlarda böyükdən-kiçiyə bütün kənd yığılardı o çinarın başına. O qədər geniş, sıx çətiri vardı ki, hamıya yer çatardı, hamı yüngüllük tapardı orda – qocası, cavanı, uşağı... Tonqallar qalanardı, yerdən xalça-palaz salınardı, ağacın ən qəlbi budağından yelləncək asılardı, – o qədər qəlbi ki, yellənəndə adamın içi uçardı, gedib çaylağı görüb gələrdin, – uşaqlar sevincdən qışqırışardı, oğlanlar çığır-bağırla eşşəkbeli, dirədöymə oynayardı, qızlar pıqqıldaşıb gülüşərdi, böyüklərin ürəyi dağa dönərdi, sevinərdilər ki, ölənlərinin ruhu şaddı, rahatlıq tapardılar ki, nə vaxtsa öz ruhları da əcdadlarının ruhuna bu əzəmətli, sağlam, ölümsüz ağacda qovuşacaq.

Əsgər gedən oğlanlar o ərəfədə sevgi etiraflarını yazardılar çinarın gövdəsinə. Gecəynən – gizlin! Tale yazısı olmasa da, o yazı heç vaxt silinməzdi. İllər keçdikcə “qaysaqlayıb” daha qabarıq görünərdi.

Neçə nəslin sevgi etirafları vardı o çinarın gövdəsində.

Tağıyla Ənnağının da vardı.

Bir kişinin iki qızını istəyirdilər: Tağı – Pərvanəni, Ənnağı – Qətibəni!

...təmas xəttinə yaxınlaşdıqca ətraf kəndlərin işıqları tədricən yoxa çıxdı. Aşağıda – solda adda-budda sayrışan işıqlar, dedilər, İran tərəfdədi. Getdikcə vahiməli səssizlik zolağına düşdülər; öz maşınlarının uğultusundan başqa heç nə eşidilmədi. Müharibə vaxtından tankların tırtıl izi asfaltda qalmışdı deyə, maşın yeridikcə tank səsi çıxarırdı.

“Müharibə yolun yadındadı”, – kimsə dedi.

Əsas yoldan burulub dik qalxdılar. Qəlbidə bizim əsgərlər dayanmışdı, yaxınlıqdakı kəndə getdiklərini deyib, birinci postu rahat keçdilər. Tək-tük işığı közərən kəndi sağda qoyub, sola buruldular. Orda, dərədə möcüzə bir bulaq üzə çıxmışdı. Maşından düşüb yaş torpağa sərələndilər!..

...İsoyla o, aralanıb yal yuxarı gedirdi. Dərə-təpələrin tanış qoxusu çəkib aparırdı onları. “Burdan kəndə dördcə kilometr yoldu”, – o gecə göydən ulduzları da dərmək asan görünürdü İsoya. Bir şey ki, yolu əlinin içi kimi tanıyır, hər qarışını dizin-dizin sürünüb. “Bu gecə kəndimizi görməsəm, ölərəm!” – Tağının səsində təlaş hiss olunsa da, istək daha güclüydü. Sərxoşluq ürək verirdi. “İki saata çatdırıb qayıtmasaq, qanımız getdi!” – aşkar olunmaq qorxusu İsoda Tağıya görəydi; ona başıyla cavabdehdi.

Çaqqal izləri ay işığında aydınca seçilir. Görsənən yerləri – quru kol-koslu yalları, daşlı-pıtraqlı açıqlığı dizin-dizin süründülər. Təpə arxası azca dikəlmək də olardı. “Qayıdanda asan olacaq”, – İso deyəsən özü-özünə təskinlik verirdi. – “Tut gəldiyin yolun ucundan, qayıt. Təhlükə yoxdu, çünki keçilib...”.

Düz yolla getmək olmazdı, – düz yol postun üstünə çıxarır. Dağıdılmış, xaraba qalmış evlərin arasıyla sürünüb genişliyə çıxdılar. Ordan kəndlərinə az qalırdı. Aralıdan hansısa çayın “danışığı”, postda qışqırışan kefli ermənilərin səsi gəlirdi. “Post itləri səhərəcən oynaşır...”, – İso xırıltıyla dedi. – “Araznan da gedə bilərdik, amma orda da su minaları var, bircə toxunuş bəsdi ki, açıla, xosunvay olaq”.

Kəndin yerini tapsalar da, kəndi tapmadılar; tapdıqlarını tanımadılar. Bir vaxtlar asfalt boyu təsbeh daşı kimi düzülən şüşəbəndli, eyvanlı evlərin yerində uçuq divarlar qalmışdı, cansız daşlar qalaqlanmışdı. Təpəsinə tənəklər dırmanan qəlbi dağdağan, vən ağacların yerində cır nar kollarından başqa heç nə yox idi.

“Dədə vay, çinar da yoxdu!” – deyib, Tağı, deyəsən, huşunu itirdi.

“Qansız uşağı, qansız!” – İso niyəsə öz həyətlərinə tərəf qaçdı. Qayıdanda Tağını görmədi. “Bu hara rədd oldu?!” – deyib, var gücüylə çığırmaq istədi, amma səsini uddu; post yaxındaydı. Təlaş içində özünü ora-bura vurdu, gümanı gələn hər yeri axtardı, Tağıgilin yurd yerlərinə baxdı, dərə aşağı yellənib, – son gümanı oraydı! – yal döşündə qəbiristanlığı ələk-vələk elədi, – bütün qəbirlər dağıdılmış, sümüklər üzdə qalmışdı, – orda da tapmayanda İsonu soyuq tər basdı, durduğı yerdə dizləri qatlandı.

Gecə tənhalığında şeytan ağlına min fikir gətirdi: yəqin ələ keçdi! Ələ keçdisə, vəssalam! Kələsər dirəyinə bağlayıb işədincə döyəcəklər. Barmaqlarını qıracaqlar, qulağını, dilini kəsəcəklər. Dilini kəsməzlər, yox, dil hələ onlara lazım olacaq; niyə gəldiklərini öyrənmək üçün. “Axtarın görün kimi var! Ola bilməz ki tək gəlsin, kimisə olmalıdı!”, – işgəncə verib onun da yerini öyrənəcəklər. Mütləq öyrənəcəklər. Satmaya bilməz, insan olan kəs o əzablara dözməz, o ağrılara tab gətirməz.

Tağı ölsə, – ağlına gələn fikirdən özü də üşəndi, – onu qoyub qaçacaq. Başqa yol yoxdu: özü silahsız, onların da sayı çox. O da, hələ qaça bilsə; belə olanda postlar gücləndirilir, ayıq-sayıqlıq artır. Amma yerini dəyişə bilər, bir zirzəmi tapıb gizlənər. Yox, orda da tapacaqlar. Quyuda, qəbirdə gizlənsə də tapacaqlar. İtlərə yedizdirəcəklər!

Ağlına nə verdisə, durub, çaylaq aşağı qaçmağa başladı! Dayanmadan, daş-çınqıl demədən, qan-tər içində!.. Bir vaxtlar çinarın dağ kimi dayandığı yerə çatanda kilidlənib yerində qaldı; çinarın yoxluğunda kəhriz də quruyub yoxa çıxmışdı. Bir vaxtlar kənd uşaqlarının qışqırışaraq tumançaq çimişdiyi, qız-gəlinlərin paltar-palaz toqqaşladığı daş kanavda... quru torpaq təpələnmişdi, – təzə qəbir kimi, – o torpağın üstündə üzüqoyulu düşüb qalmışdı Tağı!..

...Səhərisi rəsmi xəbər yayıldı ki, təmas xəttinə yaxın ərazidə iki mülki şəxs minaya düşərək ağır bədən xəsarəti alıb...

***

Bazara çatanda gözüm onu axtardı.

Bu yekəlikdə şəhərdə qələbəni müjdələyəcəyim bəlkə də birinci adam o idi!

Hər yeri gəzsəm də, onu yenə orda, – ağ-iri gövdəli, geniş çətirli çinarın altında tapdım. Sərin noyabr günortası corablarını çıxarıb arabasında yatmışdı. Elə rahat ki, yırğalı beşikdə yatıb, deyərdin.

Onunla söhbətləşməyə ürəyim atsa da, şirin yuxusundan eləmək istəmədim.

Üstündəki paltarı kənara itələyib nəhayət dikəldi, təəccüblə üzümə baxdı.

– Tanıdın? – dedim.

– Hə, – dedi, – orda çay içirdin.

– Kəndimizi aldıq e, xəbərin var?

– ... – qəribə şəkildə hıqqıldadı.

– Yadında, yaşıl rəngdə velsebetin vardı, elə bu araba rəngində, “Orlyonok”?! Bir dəfə mənə sürməyə də vermişdin...

Ayaqları çəkmələrini tapdı, qalxıb diqqətlə üzümə baxdı.

– Yadındadı, çinara ad yazmışdın...

Bir az da yaxına gəldi, dodaqları əsdi, ifadəsiz üzündə tanış cizgilər sayrışdı.

– “T+P=S”, yadında?! “Tağı üstəgəl Pərvanə bərabərdi Sevgi”.

Sifəti gərginləşib əyildi; nəsə vacib söz demək istəyirdi, dağınıq yaddaşından o sözü tapıb çıxara bilmədi. Sərt hərəkətlə qolumdan tutub məni çinarın o üzünə dartdı, ağ gövdəli ağacın üstündəki çapıq yerlərini titrək-sevincək barmaqları ilə göstərdi. Niyəsə sevindi, gülmək istədi, gülə bilmədi, hıqqıldadı, – başa düşdüm ki, bu neçə illər ərzində gülməyi yadından çıxarıb; yadırğayıb! – ağacdakı çapıq yerləri yaxınlaşdıqca aydınlanıb üç iri kiril hərfinə çevrildi: “Ə+Г=С”.

“Q” niyə?! – heyrət içində çevrilib soruşmaq istədim.

Arabasını sürüb getmişdi Nağı oğlu...

“Ədəbiyyat qəzeti”

Избранный
95
kulis.az

1Источники