RU

"Milli komandamız neçə illərdir "Qarabağ" kimi ailə olmaq istəyir, təəssüf ki, hələ də alınmayıb" - MÜSAHİBƏ

İsveçdə yaşayan və məşqçi kimi fəaliyyət Valeh Qafarov Sportal.az saytına müsahibə verib.

- Azərbaycan millisi İsveçlə görüşdə 1:3 hesabı ilə uduzdu. Səncə, uduzmamaq mümkün idi, yoxsa istənilən halda İsveç güclü idi deyə, qalib gələcəkdi?

- İsveç keçən ilki oyundan fərqli olaraq, Bakıya çox yüksək motivasiya ilə yollanmışdı. İsveçli futbolçuların oynadığı çempionatlar və oynadıqları klublara baxaq. İsveç millisi dünya retinqində olduğu yerdən də, yaxşı yerlərdə olmalıdır.İsveçdə çoxlu və yaxşı keyfiyyətə malik olan futbolçular hər il yetişir. Burada çox güclü futbol məktəbləri, akademiyalar var, uşaq futboluna diqqət yüksəkdir. Bu baxımdan İsveç millisi bizim yığmadan güclüdür. Qeyd etdiyim amillər, güclü milli komandanın olması, böyük nəticələrin qazanılması yolunda vacib rol oynayır. İndi isə biz müqayisə aparaq, bunlardan hansı bizdə daha üstündür: uşaq futbolunda olan şərait, bizim oyunçuların Avropanın güclü klublarında oynaması, bəlkə bizim çempionat? Çempionat matçlarında isə oyunların sürəti, dinamikası bura daxildir. Əlbəttə ki, mən "Qarabağ" komandasını bura daxil etmirəm. Çünki "Qarabağ" yeganə Azərbaycan komandasıdır ki, dinamik, texnikalı və Avropa stilində gözəl futbol oynayır.

- Yon Dal Tomasson matçdan sonra keçirilmiş mətbuat konfransında bildirdi ki, Ramil Şeydayev penaltidən dəqiq istifadə etsəydi belə, qalib gələcəkdilər. Çünki qol epizodları çox idi. Onunla razısan?

- Tomasson yeni komanda qurur və özü də vaxtı ilə çox yaxşı hücumçu olub. Oyunun gedişində bunu hiss etdiyinə və öz hücumçularının keyfiyyətini yaxşı bildiyi üçün bu fikirləri bildirib. Amma birinci hissədə biz öz epizodlarımızdan istifadə etsəydik, ilk yarının sonunda penaltidən yararlansaydıq, futbolçularımızdan özünəinam çoxalardı. İsveç millisində müdafiə xəttində boşluqlar çox oldu. Futbolçularımız isə yaradılan çoxsaylı qol epizodlarından istifadə etmədi. Bu cür matçlarda həmin epizodlardan maksimum istifadə etmək lazımdır. O epizodlardan istifadə etmək üçün soyuqqanlı və düzgün konsentrasiyalı olmaq vacib idi.

- Ötən il Bakıda millimiz İsveçi 3:0 udmuşdu. Amma rəqib motivasiyasız və istəksiz olduğu bilinirdi. Bu iki görüşü necə müqayisə edərdin?

- Keçən il İsveç millisi Bakıda çox zəif oynadı. Çünki oyunun nəticəsi İsveç millisinə heç nə vermirdi, motivasiyaları yox idi. Hətta o komanda həm azarkeşlər, həm də media tərəfindən İsveçdə çox tənqidlərə uğradı Amma bu dəfə Bakıda tam başqa motivasiyada idilər, yeni baş məşqçiləri var idi, yeni komanda, yeni oyunçular cəlb edilmişdi. Oyunun qəhrəmanı isə Viktor Yonson idi. İsveçlilər bilirdilər ki, azarkeşlər onlardan qələbə gözləyir və bu amillər millinin qələbəsində rol oynadı.

- İsveçdə necə, millimizin şansları olacaq, yoxsa orada həmin yığmanı məğlub etmək çətin görünür?

- Şans həmişə var. Amma Bakıdakı oyuna nisbətən, bizim milli komandamız üçün çətin olacaq. Milli komandamızda pozitiv olan və sevindirici odur ki, millimizə azərbaycanlı futbolçular dəvət edilir. Çünki milliyə dəvət edilən legionerlər təəssüf ki, milli komandamızda elə də böyük effekt vermirdilər. Ona görə də, elə öz futbolçularımızın oynaması sevindiricidir. Hətta milli komandamızın baş məşqçisi Fernandu Santuşun oyundan öncə müsahibəsindən də xoşum gəldi. O, qeyd etdi ki, milli komandaya dəstək olaq və qeyd etdi ki, dəstəyi özünə görə deyil, Azərbaycan üçün istəyir. Santuş həqiqətən çox təcrübəli məşqçidir. Amma bir şeyi nəzərə alaq ki, meydanda məşqçi yox, futbolçular oynayır. Ümid edək ki, futbolçular tez bir zamanda Fernandu Santuşun istədiklərini meydanda reallaşdıracaq və millimiz gözəl oyunla yaxşı nəticələr qazanacaq.

- İsveçdə Azərbaycan millisi haqda nə danışırlar? Azərbaycan millisi təhlükəli görünür, yoxsa "Qarabağ"?

- Sualınıza belə cavab vermək istəyərdim: "Qarabağ" gözəl və möhkəm ailədir, bu gözəl ailənin qurucusu isə Qurban Qurbanovdur! "Qarabağ"da hər məşqçinin, futbolçunun öz rolu var və hər biri də öz qarşısına qoyulan öhdəliyi düzgün yerinə yetirir. Neçə illərdir ki, bu cür də davam edir. Avropadakı gözəl oyunları, nəticələri göz önündədir. Milli komandamız da neçə illərdir ki, "Qarabağ" kimi ailə olmaq istəyir. Təəssüflər olsun ki, hələ də alınmayıb. Ümid edirəm ki, yaxın gələcəkdə milli komandamız da "Qarabağ" kimi möhkəm və gözəl ailə olacaq. Uğurlu nəticələri ilə də xalqımızı sevindirəcəklər. Millimizə, Avropada "Qarabağ"a, bütün kişi və qadın komandalarımıza, uşaq futboluna da uğurlar arzulayıram. Hər birinin qələbəsi bizim hamımızın qələbəsidir. Avropada kişi, qadın, uşaq futbolu sürətlə və ən əsası düzgün inkişaf edir. Mən də azərbaycanlı və Azərbaycanı sevən insan kimi, həqiqətən də çox istəyərdim ki, biz heç kimdən bu amillərdə geri qalmayaq. Həqiqətən millət kimi çox güclü və bacarıqlıyıq!

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
234
45
sportal.az

10Источники