RU

"Əvvəlcə 1-ci liqaya, sonra isə Premyer Liqaya yüksəlməyi hədəfləyirik" 

style='margin-bottom:10px;'>

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan 2-ci liqasında 2024/25 mövsümü start götürüb. İlk dəfə ötən il təşkil olunan çempionatın bumövsümkü debütantlarından biri də "Şimal" komandasıdır. 

Xaçmazı təmsil edən "Şimal" ilk 2 matçının hər birində qələbə qazanıb. Komanda 1-ci turda "Göygöl"ü 3:2, 2-ci turda isə "Ağdaş"ı 8:0 hesabı ilə məğlub edib. 

Ötən mövsüm Region Liqasının qalibi olan "Şimal"ın uğurlu startı diqqəti cəlb edir. Budəfəki həmsöhbətimiz də məhz "Şimal"ın idman direktoru Elxan Yusiflidir.  

- Əvvəlcə ötən mövsümün yekunları barədə fikirlərinizi öyrənmək istərdim. "Şimal" Azərbaycan Region Liqasının qalibi oldu. Daha sonra UEFA Region Liqasında çıxış etdiniz. Bu turnirdə iştirak "Şimal"a nə qazandırdı? 

- Bizim komandamız ötən il təsis olundu. Elə həmin ildə də Region Liqasının qalibi olduq. Bu, bizim üçün çox yaxşı nəticədir. Bir sıra komandalar var idi ki, maliyyə vəziyyəti baxımından bizdən daha yaxşı idilər. Buna baxmayaraq, biz daha intizamlı, mübariz komanda qurmuşduq. Ona görə də Region Liqasının qalibi olduq. Komandamız Xaçmazda qurulub, lakin bütün Şimal bölgəsini təmsil edirik. Xaçmaz heç vaxt Azərbaycan liqalarında təmsil edilməyib. Ona görə də komandanı burada yaratdıq. 1990-cı illərdə Xaçmazda həvəskar komandalar olub. Onlar da uğursuz çıxış ediblər. Xaçmaz futbol potensialı çox yaxşı olan rayonlardandır. Hazırda burada futbolla məşğul olan çox sayda uşaq var. "Sabah", "Səbail", "Qəbələ" komandalarında xaçmazlı gənc futbolçular var ki, öz komandalarında aparıcı futbolçulardır. Onların sayı 40-a yaxındır. Biz də düşündük ki, komanda təşkil etsək, yerli futbolçularımızla yaxşı nəticələr qazana bilərik. Komandanın 80 faizi Xaçmazdandır. Bir neçə futbolçumuz isə Quba və Qusardandır. UEFA Region Liqasında iştirak isə bizim üçün çox xoş oldu. Təşkilati baxımdan çox maraqlı nüanslarla qarşılaşdıq. Təəssüf ki, növbəti mərhələyə qazana bilmədik. Bunun da öz səbəbləri var. Çünki orada əsas şərtlər var ki, komanalarda heç vaxt peşəkar karyera ilə məşğul olmayan oyunçular olmalı idi. Amma bizim əsas heyətimizdəki futbolçuların demək olar ki, hamısının nə vaxtsa, peşəkar karyerası olmuşdu. 3 aylıq, 1 aylıq müqavilə olsa belə, UEFA iştiraka icazə vermir. Ona görə də biz komandamızın əsas heyətini UEFA Region Liqasına apara bilmədik. Əsas heyətimizdən cəmi 4-5 nəfər futbolçu apara bilmişdik. Yeni bir komanda təşkil etmişdik. Əminəm ki, bu təcrübənin gələcəkdə bizə faydası olacaq. 

- Artıq komanda Azərbaycan 2-ci liqasında mübarizəyə başlayıb. Yay boyu 2-ci liqaya hazırlıq necə getdi?

- Yay boyu yalnız əsas komandamızı qoruyub saxlamağı düşünürdük. Buna da nail olduq. İtkimiz olmadı. Komandamızın əsas üzvərinin hamısını saxlaya bildik. Əlavə olaraq yerli futbolçulara üz tutduq. 3 futbolçu transfer edə bildik. Amma keyfiyyətli futbolçulardır. İnanıram ki, 2-ci liqada bizə fayda verəcəklər. Bunu ilk matçda da hiss etdik. Transferlərimizdən biri "Zirə"nin sabiq futbolçusu Pərviz Azadovdur. "Səbail"in U-17 və U-19 yaşlardan ibarət komandalarında çıxış etmiş Ceyhun Kəlbəliyevi heyətimizə qatdıq. Onların hər ikisi xaçmazlıdır. Bir nəfər isə "Qusar"dan Məhəmməd Ağayevdir. Daha 2 transferimiz reallaşmaq üzrədir. Onlar da yeniyetmə futbolçulardır. İnanıram ki, futbolçularımız 2-ci liqada bizə çox kömək olacaqlar. 

- İlk 2 oyununuzu keçirdiniz - "Göygöl"ə 3:2 hesabı ilə qalib gəldiniz və "Ağdaş"ı darmadağın etdiniz - 8:0. Bu startı necə dəyərləndirirsiniz? 

- Bilirdik ki, çox çətin oyun olacaq. Ötən il Azərbaycan kubokunda da, 2-ci liqada da mübarizə aparmışdılar. Yaxşı nəticələri var idi. Biz də çox ciddi hazırlaşmışdıq. Bu, məsafə baxımından bizim ən uzaq səfərlərimizdən biri idi. Amma komandamız intizamlı oynadı."Göygöl" də öz gücünü göstərdi. Hakimin final fitinədək gərgin oyun getdi. İlk oyunda qələbə qazanmaq bizə stimul verdi. 8:0 futbolda çox rast gəlinən hesablardan deyil. Böyükhesablı qələbə sevindiricidir. Amma oyunun startında bu hesabı planlaşdırmaq olmurdu. "Ağdaş" başabaş mübarizə aparırdı. Lakin komandamız təşəbbüsü ələ aldı. 2-ci qoldan sonra rəqib artıq mübarizədən ayrıldı. Matç tam üstünlüyümüzlə keçdi. Maraqlı tərəf odur ki, yei transferlərimiz Ceyhun het-trik etdi, Pərviz isə dubla imza atdı. Turnir cədvəlində 1-ci pilləyə yüksəldik. Düzdür, hələ 2-ci oyununu keçirməyən komandalar var. Amma 8 top fərqi ilə qələbə qazanmağımız bizi 1-ci yerə daşıdı. Kim bilir, bəlkə də mövsüm başa çatanda bu vurulan qollar xüsusi əhəmiyyət daşıyacaq. Bu seriyanı davam etdirmək istəyirik. 

- 2-ci liqanın bu mövsümündən gözləntiləriniz nələrdir? Hansı komandaları özünüzə əsas rəqib hesab edirsiniz?

- Biz 2-ci liqada debütantıq. Bizim üçün asan olmayacaq. Region Liqasında fikirləşirdik ki, təcrübə toplayacağıq. Futbolçulardan başqa, bizim idarə heyətimiz, inzibati heyətimiz də çox təcrübəsiz idi. Hamımız futbola bağlı olan insanlarıq. Amma komada idarə etmək mövzusunda bizim də ilk təcrübəmiz oldu. Biz tam təcrübə toplamamış artıq 2-ci liqaya vəsiqə qazandıq. Burada futbolçuların çıxışı ilə yanaşı, təşkilatı və inzibati heyətin də yaxşı işləməsi rol oynadı. 2-ci liqa tam başqadır. Burada müxtəlif qaydalar tətbiq olunur. Biz 2-ci liqada da təcrübəsizik. Yüksək yerlərə iddialı bir komanda olacağımızı düşünürük. Bunun üçün potensialımız var. Rəqiblərimizdən yalnız "Haypers Quba" bizə tanışdı. Biz yüksək yerlər üçün iddialıyıq. Çempionatın ən iddialı komandası isə məncə, "Şəfa"dır. "Şahdağ Qusar", "Haypers Quba", "Saatlı-Araz, "Füzuli" də iddialı komandalardır. 2-ci liqada bütün komandalar iddialıdır. Hər bir oyunda sürpriz nəticə ola bilər. 

- Elxan bəy, komandada maddi durum necədir? 

- Biz ötən il Region Liqasında oynayarkən, bir sponsorumuz var idi. Bu, xarici ölkələrə meyvə və tərəvəz idxal edən "Best Prod" şirkəti idi. Bu şirkət sonadək Region Liqasının xərclərini çəkdi. Lakin bu il həmin xərclər ən az 5 dəfə böyüyüb. Bu vəsaitin tam təmin olunması üçün işlər gedir. Əlavə bir sponsor da cəlb etmişik. Hazırda 2 sponsorumuz var. İşlərimiz davam edir. Biz Futbolun İnkişafı Fondunun nümayəndələri ilə də görüşmüşük. Xaçmazda görüşlər keçirilib. Onlar da bizə kömək etmək istəyirlər. Düşünürəm ki, 2-ci liqanı başa vurmaq üçün dayanıqlı madiyyatımız olacaq. Maddi vəsait çoxalanda iddia və keyfiyyət də böyüyür. Ona görə biz çalışacağıq ki, sponsorlarımızın sayını artıraq. 

- İnfrastruktur baxımından hansı çatışmazlıqlar var? 

- Bizim ən ciddi problemimiz infrastrukturla bağlıdır. Təsəvvür edin ki, ev matçlarımızı da səfərdə oynayacağıq, Xaçmazdan 70-80 kilometr uzaqda yerləşən Siyəzəndə keçirəcəyik. SOCAR-ın Sosial İnkişaf idarəsinin balansında olan Siyəzən şəhər stadionunda oynayacağıq. Onlarla müqavilə imzalamışıq. Ödəniş əsasında bu stadionda oynayacağıq. Fürsətdən istifadə edərək onlara təşəkkür etmək istəyirəm. Xaçmazda stadion yoxdur. Yalnız 1 stadion var. Bu da Xaçmaz Olimpiya və İdman Kompleksinin stadionudur. O stadionun da ölçüləri standartlara uyğun deyil. Meydanın uzunluğu 90 metrdir. Həmin stadion təbii ot örtüyü olan stadiondur, amma ot örtüyündən əsər-əlamət yoxdur. Mən özüm 2 gün əvvəl də orada idim. Axşam saat 7-də 2-3 uşaq məşq keçirdi. Hər yer toz-duman idi. Çünki ot örtüyü yoxdur. Bu isə uşaqların gələcəyinə təsir edir. Təəssüf ki, alternativ bir stadion yoxdur ki, uşaqlar orada oynasınlar. Həmin stadionun digər infrastrukturu - oturacaqları və s. normaldır. Ümumiyyətlə, Xaçmaz Olimpiya və İdman Kompleksi ən yaxşı idman komplekslərindən biridir. Lakin paltardəyişmə otaqları, duşları pis vəziyyətdədir. Biz durumla tanış olduq. Futbolun İnkişafı Fonduna, Gənclər və İdman Nazirliyinə, Xaçmaz rayon İcra Hakimiyyətinə müraciət etmişik ki, stadionun təmiri ilə bağlı hərəkətə keçsinlər. Hələlik müsbət cavab almamışıq. Lakin investorlarla görüşməyi düşünürük. Çünki Xaçmazda oynamamağımız bizə həm maddi ziyan vurur, həm də bizi azarkeşlərdən uzaq salır. Bilet satışından da yaxşı gəlir əldə edə bilərik. 

- Komanda olaraq qarşıya hansı hədəfləri qoymusunuz? 

- İlk növbədə hədəfimiz klub olmaqdır. Bu istiqamətdə fəaliyyət göstəririk. Çünki biz hələ ki, komandayıq. Böyüməyi, yaxşı klub olmağı, 1-ci liqaya, daha sonra isə Premyer Liqaya yüksəlməyi qarşımıza məqsəd qoymuşuq. Amma bunlar çox uzunmüddətli planlardır. Bunların yaxın bir neçə il ərzində olacağını düşünmürük. Lakin əsas məqsəd Xaçmazı, Şimal bölgəsini təmsil edən komandanı Azərbaycan Premyer Liqasına yüksəltməkdir. Bunun üçün çalışırıq. İndiki əsas hədəfimiz isə regionda olan bütün potensiallı futbolçuları komandaya cəlb etmək, yaxşı, mübariz komanda qurmaq, azarkeşləri stadionlara cəlb etməkdir. "Şahdağ Qusar" vaxtilə Azərbaycanın əsas liqasında oynayırdı. Həmişə orada stadiona çox sayda azarkeş gəlirdi. Xaçmazda hər kənd çempionatı olanda 3-4 min azarkeş gəlir. Region futbola acdır. Biz də istəyirik ki, bu insanlar futbolla qidalansınlar. Mən əminəm ki, biz Xaçmazda oynasaq, stadion rahat şəkildə dolacaq. 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Избранный
101
50
teleqraf.com

10Источники