Yəhudi amerikalı kinorejissor Sarah Fridland şənbə günü Venesiya Film Festivalının mükafatlandırma mərasimindəki çıxışından istifadə edərək, İsrailin Qəzzada davam edən hərbi əməliyyatlarını şiddətlə tənqid edib və onları soyqırım adlandırıb.
Moderator.az bu haqda "Əl-Cəzirə" və "Maktoobmedia" nəşrlərinə istinadla xəbər verir.
"Tanış Toxunma" filminə görə ən yaxşı ilk film üçün "Luici de Laurentis" mükafatını qazanan Sarah Fridland "İsrailin Qəzzada soyqırımının 336-cı günü və işğalının 76-cı ilində bu mükafatı qəbul edirəm" deyə həyəcanla bildirib.
Fridland ən yaxşı ilk film mükafatını qazanmaqla yanaşı, "Üfüqlər" bölməsindəki işinə görə də ən yaxşı rejissor mükafatına da layiq görülüb. "Familiar Touch" filmindəki roluna görə ən yaxşı aktrisa mükafatını qazanan Katlin Çalfant da çıxışında İsrailin Qəzzaya qarşı müharibəsinə toxunub.
Həm Sarah Fridland, həm də Çalfant kino xadimlərinin ədalətsizliyə qarşı çıxış etmək məsuliyyətini vurğulayıblar.
“İnanıram ki, İsrailin qlobal səhnədə cəzasızlığını aradan qaldırmaq üçün çalışdığımız institusional platformalardan istifadə etmək kinorejissorlar kimi bizim məsuliyyətimizdir. Mən Fələstin xalqı və onların azadlıq mübarizəsi ilə həmrəyəm”, - deyə Fridland bildirib.
Mükafatlandırma mərasimində Fələstin xalqı ilə həmrəylik ifadə edən daha bir neçə rejissor çıxış edib. "Happy Holidays" nominasiyasında ən yaxşı ssenari qazanan fələstinli rejissor Skandar Kopti də bu fikirləri təkrarlayaraq, davam edən zorakılığı pisləyib.
“Bizim ortaq insanlığımız və mənəvi kompasımız Qəzzada soyqırımın şahidi olduğumuz zaman sınaqdan keçirildi”, - deyə rejissor diqqətə çatdırıb. Koptinin filmində zülmün dağıdıcı təsiri və əxlaqi hekayələrin cəmiyyəti necə formalaşdırdığı araşdırılır.
Xatırladaq ki, İsrailin Qəzza üzərindəki soyqırım müharibəsi 2023-cü il oktyabrın 7-dən "HƏMAS" qruplaşmasının İsrailə qəfil hücumundan və dinc insanların qətlə yetirilməsindən sonra başlayıb və artıq bir ilə yaxındır ki davam edir. Sülh danışıqları üçün bir çox ölkələrin səylərinə baxmayaraq, heç bir qətnamə əldə olunmayıb. Bu müddətdə Qəzzada 40 mindən çox dinc sakin həlak olub, 100 mindən çox insan yaralanıb. İsrailin aramsız bombardmanları Qəzzadakı yaşayış binalarının 80%-ni xarabalığa çevirib...
S.Laçın