RU

Azərbaycanda çətinliyi olan şirkət və şəxslərə – VERGİNİ ÖDƏMƏK ÜÇÜN VAXT VERİLƏCƏK - YENİLİK

Azərbaycanda biznes nümayəndələrinə daha bir vergi güzəşti başlayır.

FED.az xəbər verir ki, bundan sonra gəlirlərlə bağlı çətinliyi olan vergi ödəyicilərinə vergini ödəmək üçün əlavə vaxt veriləcək.

Bir neçə gün əvvəl Nazirlər Kabineti «Vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi Qaydası»nı təsdiq edib.

Buq ayda Vergi Məcəlləsinə əsasən hazırlanıb və vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması ilə bağlı müraciət etmiş vergi ödəyicisinin vergi borcunu ödəmə qabiliyyətini müəyyən etməklə bağlı məsələləri tənzimləyir.

Qaydalara əsasən Vergi orqanı vergi ödəmək üçün vaxt istəyən şirkət və ya sahibkarın ödəmə qabiliyyətini, daha dəqiqi orta aylıq gəlir və xərclərini bir neçə üsulla müəyyən edəcək.

Birinci üsul: gəlir (mənfəət) vergisi ödəyiciləri

Gəlir (mənfəət) vergisi ödəyicisinin əvvəlki hesabat ili üzrə seçdiyi uçot metoduna uyğun olaraq təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş gəlir (mənfəət) vergisi bəyannaməsi üzrə ümumi gəlirlər və cəmi xərclər (amortizasiya xərcləri istisna olmaqla) kimi əks olunan məbləğlər 12-yə bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

İkinci üsul: Sadələşdirilmiş vergi ödəyiciləri

sadələşdirilmiş vergi ödəyicisinin əvvəlki hesabat rübü üzrə təqdim etdiyi və kameral vergi yoxlaması keçirilmiş sadələşdirilmiş vergi bəyannaməsinə əsasən satışdankənar gəlirlər də daxil olmaqla təqdim edilmiş mallara (işlərə, xidmətə) görə əldə edilmiş hasilatın həcmi və vergi ödəyicisinin təqdim etdiyi xərc sənədləri əsasında müəyyən edilmiş xərcləri 3-ə bölünməklə orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

Üçüncü üsul: yeni fəaliyyətə başlayan vergi ödəyiciləri

hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin orta aylıq gəlir və xərcləri faktiki fəaliyyət göstəricilərinə əsasən hesablanmaqla fəaliyyət göstərdiyi ayların sayına bölünərək orta aylıq gəlir və xərcləri müəyyənləşdirilir;

Bu zaman vergi ödəyicisi öz müraciətinə faktiki fəaliyyət göstəricilərini əks etdirən arayışı da təqdim etməlidir.

Dördüncü üsul: Vergi özü də yoxlayacaq

Qaydaya əsasən hesabat dövründə yeni fəaliyyətə başlayan vergi ödəyicisinin gəlir və xərclərinin, sadələşdirilmiş vergi ödəyicisinin xərclərinin doğruluğunun dəqiqləşdirilməsi məqsədilə vergi orqanında olan məlumat mənbələrindən istifadə olunur. Bura elektron qaimə-faktura, elektron alış aktı, nəzarət kassa aparatı çekləri, bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti və idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar və s. aiddir.

Yuxarıda sadalanan hallarda vergi ödəyicisinin xərcləri barədə vergi orqanında məlumat olduqda həmin xərclərlə bağlı sənədlər vergi ödəyicisindən tələb edilmir.

Qaydaya əsasən, əgər vergi ödəyicisinin əvvəlki hesabat dövrü üzrə müvafiq olaraq gəlir, mənfəət və sadələşdirilmiş vergi bəyannaməsi kameral vergi yoxlamasından keçməyibsə, eyni zamanda vergi ödəyicisi müvafiq bəyannamələr təqdim etməli olduğu halda, bundan əvvəl müraciət etdikdə vergi orqanı vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılmasından imtina edir, yəni vergini ödəmək üçün əlavə vaxt vermir.

Bu zaman vergi ödəyicisinə bildirilir ki, yuxarıdakı qeyd olunan hallar həll olunduqdan sonra yenidən müraciət edə bilər.

Beşincə üsul: Vergi ödəyicisində sərbəst vəsaitin olmasının müəyyən edilməsi

Qaydaya əsasən vergi orqanı vaxt istəyən vergi ödəyicisinin sərbəst vəsaitinin olub-olmadığını da yoxlayacaq. Əgər sərbəst vəsait kifayət qədər olacaqsa, vergi ödəyicisinə vaxt verilmir, sərbəst vəsaitin azlığı ortaya çıxsa, ödəyiciyə vaxt veriləcək.

Belə ki, orta aylıq gəlirdən orta aylıq xərclər çıxılaraq, üzərinə müraciət edilmə tarixinə vergi ödəyicisinin xəzinəsində (kassasında), milli və ya xarici valyutada cari və ya digər hesablarında vəsaitlərin qalığı  gəlinməklə vergi orqanı tərəfindən vergi ödəyicisinin vergi borclarının ödənilməsi məqsədləri üçün sərbəst vəsaiti müəyyənləşdirilir.

Əgər aşkar edilsə ki, vergi ödəyicisi sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, habelə Vergi Məcəlləsinə uyğun olaraq gəlirdən çıxılmayan xərclər çəkir, onda sərbəst vəsaitin məbləği mütənasib olaraq artırılır.

Vergi borcu sərbəst vəsaitdən 1,3 dəfə artıq olmalıdır

Qaydaya görə, vergi ödəyicisinin vergi borcu bu vergi ödəyicisinin sərbəst vəsaitinin 1,3 mislindən artıq olsa, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir və vergi öhdəliyinin yerinə yetirilməsi üçün sahibkara vaxt verilir.

Qeyd edək ki, Vergi Vergi Məcəlləsinin 85.10.1-85.10.3-cü maddələrinə əsasən vergi ödəyicilərinə 6 ay və ya 1 il müddətəndə vaxt verilə bilər.

Daha dəqiqi, məcəllədə 

- borcun ödənilməsinə 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

- cari vergi ödəmələri üzrə borcun ödənilməsinə təqvim ili ərzində 6 aydan çox olmayan müddətə möhlət verilməsi;

- vergi öhdəliyinin razılaşdırılmış qrafik əsasında hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə möhlət verilməsi kimi hallar nəzərdə tutulub.

Bəzi hallarda isə vergi ödəyicilərinə vergi borcunu ödəmək üçün avtomatik vaxt veriləcək. Belə ki, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından ayrılan vəsait hesabına işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, habelə Azərbaycan Respublikasının avtomobil yollarının, körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, tikilməsi, istismarı, bərpası, təmiri və yenidən qurulması layihələri çərçivəsində bu sahədə işləri həyata keçirən publik hüquqi şəxsə, onun tabeliyində olan publik hüquqi şəxslərə, hüquqi şəxs statusuna malik olmayan təşkilatlara (idarələrə), onların təsərrüfat cəmiyyətlərinə, filial və nümayəndəliklərinə ödənilən avanslara görə ƏDV borcu yarandıqda, bu hal vergi ödəyicisinin vergi borcunu birdəfəyə ödəmə qabiliyyətinin olmaması kimi qiymətləndirilir. Və həmin təşkilatlara öhdəliyini icra etmək üçün vaxt verilir. 

Избранный
108
40
fed.az

10Источники