RU

Prezident İlham Əliyevin Çernobbio Forumunda səsləndirdiyi fikirlər diqqət mərkəzində ŞƏRH

Məlum olduğu kimi, 6 sentyabrda İtaliyanın Çernobbio şəhərində "The European House – Ambrosetti" beyin mərkəzi tərəfindən Beynəlxalq Forum keçirilib. İtaliyaya işgüzar səfəri çərçivəsində Prezident İlham Əliyev Forumda əsas qonaq qismində iştirak edib. Sayca 50-ci olacaq Forumun "Gələcək qlobal çağırışlar və onların biznesə təsiri" adlı açılış sessiyasında dövlətimizin başçısının "Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu" mövzusunda çıxışı baş tutub.

Prezident İlham Əliyevin bu mötəbər Forumda əsas qonaq kimi iştirakı ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzunun, etibarlı tərəfdaş statusunun, regionun aparıcı aktoru olmasının əyani təzahürü, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfənin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsidir. Xatırladaq ki, dövlətimizin başçısının 2022-ci ildə keçirilən Forumdakı çıxışı və xarici media nümayəndələrinin suallarına verdiyi ətraflı cavablar Forum iştirakçılarının böyük marağına səbəb olmuşdu. Qeyd etməliyik ki, bu nüfuzlu Forumun işinə, eyni zamanda, bir sıra dövlət və hökumət başçıları, o cümlədən İtaliya Respublikasının Prezidenti Sercio Mattarella (videokonfrans vasitəsilə), İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni, Ukrayna Prezidenti Volodimir Zelenski, Macarıstanın Baş naziri Viktor Orban, həmçinin senatorlar Lindsey Graham və Ben Cardin, ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson və digər nüfuzlu şəxslər qatılıblar. 1965-ci ildən fəaliyyət göstərən "The European House – Ambrosetti" İtaliyanın idarəetmə-məsləhət xidməti sahəsində aparıcı beyin mərkəzi hesab olunur. O, Mərkəzi Avropa və onun hüdudlarından kənarda ofislərə və geniş tərəfdaşlıq şəbəkəsinə malikdir. Prezident İlham Əliyevin Azərbaycanın bir çox Avropa ölkəsi ilə fəal əməkdaşlıq qurduğu, Avropa İttifaqının 10 üzvünün rəsmi olaraq ölkəmizin strateji tərəfdaşı olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, hazırda 10 ölkə Azərbaycandan qaz alır və onlardan 7-si Avropa İttifaqının üzvüdür. Bu səbəbdən Avropa Komissiyası Azərbaycanı ümumavropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır.

Azərbaycan Prezidenti vurğulayıb ki, Cənub Qaz Dəhlizi adlanan boru kəməri sistemi marşrutu boyu mövcud əlavələr və interkonnektorlar sayəsində geniş Avropa və Asiya coğrafiyasını əhatə edir. Burada da artım üçün güclü potensial var. Azərbaycan hazırda azı üç Avropa ölkəsi ilə qaz təchizatına dair danışıqlar aparır. Prezident İlham Əliyevin Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı danışıqlarda irəliləyiş olacağına müəyyən nikbinlik ifadə etdiyi bildirilir. Vurğulanır ki, dövlətimizin başçısı Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatlarının Azərbaycana müraciət etdiyini, ümumi məxrəcə gəlmək üçün böyük səylər göstərildiyini deyib.

Qeyd edib ki, Azərbaycan bu kontekstdə hər iki ölkə ilə təmasdadır və ciddi irəliləyiş üçün zəmin var. Azərbaycan Prezidenti vurğulayıb ki, tranzit dayanarsa bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Azərbaycan həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyir. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaq. Prezident İlham Əliyevin Forumdakı çıxışında Azərbaycan və İtaliyanın uzun illər ərzində strateji tərəfdaşlar kimi fəaliyyət göstərdiyini qeyd etdiyi bildirilir. Vurğulanır ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır. Azərbaycan Prezidentinin Çernobbioda İtaliyanın "Ansaldo Energia" şirkətinin baş icraçı direktoru Fabrisio Fabbri ilə görüşdüyü bildirilir. Diqqətə çatdırılır ki, "Ansaldo Energia" şirkəti hazırda Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirak edir və stansiya 4 ədəd qaz turbini ilə təchiz olunub. "Ansaldo Energia" Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda maraqlıdır.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədri

Избранный
140
6
sesqazeti.az

10Источники