RU

Azərbaycan-İtaliya münasibətləri uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib

İkitərəfli münasibətlərimizin dinamik inkişaf etdiyi ölkələr sırasında İtaliya xüsusi yer tutur. Həmin münasibətlərin əsası İtaliyanın Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci il tarixində tanıması, 8 may tarixində 1992-ci il isə iki ölkə arasında diplomatik əlaqələr qurulması ilə yaradılıb. 1997-ci ilin martında İtaliya Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib, 2003-cü ilin dekabrında isə Azərbaycanın İtaliyada səfirliyi fəaliyyətə başlayıb. İtaliya və Azərbaycan dövlətləri arasındakı müsbət mənzərəni xarakterizə edən amillər çoxdur. İlk öncə bu ölkəmizin  dünya siyasətində yeri və rolu ilə bağlıdır. Əminliklə demək olar ki, Azərbaycanın uğurlu enerji siyasəti, ümumən beynəlxalq siyasətdəki prinsipiallığa söykənmiş rasionallıq və balanslılığı ölkəmizin qlobal aktora çevrilməsində mühüm halqadır. Ölkələrimiz arasında əməkdaşlıq bu halqanın Avropa seqmentinin aktivliyi baxımından nümunəvidir. Məhz bu hər iki ölkə üçün son dərəcə müstəsna dəyərdir. Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya sayca üçüncü olan səfəri həmin dəyərin həm vurğulanması, onun yeni və daha dolğun səhnələrinin yaşanması ilə əlamətdar oldu. 

Dövlətimizin başçısı İlham Əliyev cari ildə Böyük Britaniyaya, Almaniyaya və “köhnə qitə”nin digər paytaxtlarına, o cümlədən Mərkəzi Asiya, yaxın Şərq ölkələrinə də səfərlər gerçəkləşdirdi. Və bu gün rəsmi Roma ilə münasibətlərin yüksəklik fazası ölkələrimizin bir-birilərinə olan qarşılıqlı etimad və inamının təntənəsidir. Belə ki, 25-28 sentyabr 1997-ci ildə ümummilli lider Heydər Əliyevin İtaliyaya rəsmi səfəri ölkələrimiz arasındakı münasibətlərin inkişafına xüsusi təkan verib. Daha sonra İtaliyanın rəsmi şəxsləri Azərbaycana, ölkəmizin rəsmi şəxsləri isə İtaliyaya çoxsaylı səfərlər ediblər. Baş tutmuş bu səfərlər çərçivəsində dost ölkələr arasında ikitərəfli əlaqələrin tənzimlənməsinə, əməkdaşlığın inkişaf etdirilməsinə dair çoxsaylı sənədlər imzalanıb. Yəni, Azərbaycan–İtaliya əlaqələri möhkəm təməl üzərində qurulub. İki ölkənin münasibətləri ötən dövr ərzində uğurla inkişaf edərək strateji əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə yüksəlib. Heç şübhəsiz ki, bu dövlətlər arasında ali və yüksək səviyyəli səfərlər də əməkdaşlığın möhkəmlənməsində önəmli rol oynayıb. Dövlətimizin başçısının İtaliyaya işgüzar səfəri də bu baxımdan mühüm önəm daşıyıb. Azərbaycan Prezidenti İlham Əliyevin İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə görüşündə də bu səfərin əhəmiyyəti yüksək dəyərləndirilib. Ölkələrimiz arasında əlaqələrin gündən-günə inkişafının, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığın möhkəmlənməsinin xüsusi məmnunluq doğurduğu diqqətə çatdırılıb. O cümlədən, iki ölkə arasında ikitərəfli iqtisadi-ticari əlaqələrin, xüsusilə sənaye, energetika sahələrində əməkdaşlığın genişləndirilməsi, humanitar, mədəni istiqamətlərdə əlaqələrin inkişafı barədə ətraflı fikir mübadiləsi aparılıb. Humanitar-mədəni əlaqələrin inkişafında ADA Universiteti ilə İtaliya universitetləri arasında İtaliya-Azərbaycan Universiteti layihəsinin önəmi xüsusi qeyd olunub. 

Hazırda Azərbaycan regionun lider dövləti, əsas söz sahibi kimi böyük bir tarixi vəzifəni – Şərqlə Qərbi, Şimalla Cənubu siyasi-iqtisadi, logistik və humanitar sahələrdə yaxınlaşdırmaq, qlobal əməkdaşlığı hamı üçün faydalı məcraya yönləndirmək missiyasını üzərinə götürüb. Azərbaycanın İtaliya ilə əməkdaşlığı isə qarşılıqlı etimad və maraqlar əsasında inkişaf edir. Bu, bir-birindən uzaqda, fərqli qitələrdə yerləşən ölkələr arasında münasi¬bətlərin necə qurulmalı olduğunun nümunəsi kimi diqqət çəkir. Dövlət başçısı İlham Əliyevin dost ölkədə keçirdiyi görüş və müzakirələrdə təkcə ikitərəfli münasibətlər deyil, Avropa məkanı ilə də münasibətlərin yeni mərhələdə davamı əksini tapdı. 

Beynəlxalq Çernobbio Forumundakı dövlətimizin başçısı çıxışında İtaliya ilə münasibətlərin ümumavropa önəmi daşıdığını vurğuladı: “Uzun illər ərzində Azərbaycan və İtaliya strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Müvafiq bəyannamə, təqribən, 10 il əvvəl qəbul edilib. Bizim əməkdaşlığımız bir çox sahəni əhatə edir. Bizim müntəzəm siyasi təmasla¬rımız var. Bu, 2020-ci ildən bəri mənim İtaliyaya 3-cü səfərimdir. Prezident Matarella 2018-ci ildə Azərbaycana səfər etmişdir. Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir”. Həmin işgüzar səfər çərçivəsində keçirdiyi görüşlərdə enerji sahəsində ikitərəfli əməkdaşlığın getdikcə möhkəmlənməsi xüsusi məmnunluqla ifadə edilib. Bu xüsusda TAP layihəsinin əhəmiyyətinə, onun hazırda İtaliyanın və Avropa ölkələrinin enerji təhlükəsizliyində roluna toxunulub, TAP-ın ötürücülük qabiliyyətinin artırılması barədə fikir mübadiləsi aparılıb. İki ölkənin enerji sahəsində əməkdaşlığında ötən illər ərzində mühüm uğurlar əldə edilib. Belə ki, 10 noyabr 1995-ci il Azərbaycan Dövlət Neft Şirkəti və İtaliyanın ENİ/Agip şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında Xəzər dənizinin Azər¬baycan sektorundakı “Qarabağ” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 4 iyun 1996-cı ildə Xəzər dənizinin Azərbaycan sektorundakı “Şah Dəniz” perspektiv strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə, 2 iyun 1998-ci ildə isə Xəzər dənizinin Azərbaycan sektorundakı “Kürdaşı” dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlər imzalanıb. İtaliya Azərbaycandan xam neft və neft məhsullarının ixracında ən iri ticarət tərəfda¬şına çevrilib. Cənub Qaz Dəhlizi (CQD) və onun tərkib hissəsi olan Trans-Adriatik qaz boru kəməri (TAP) ikitərəfli enerji əmək¬daşlığını və İtaliyanın enerji təhlükəsizliyini möhkəmləndirən vacib amil kimi dost ölkə tərəfindən yüksək qiymətləndirilib. 

Azərbaycan Prezident İlham Əliyevin İtaliyaya iş¬güzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin və İtaliya Sənaye Konfederasiyasının birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. Hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji sektoru, kim¬ya sənayesi, avtomobil istehsalı, mühəndis¬lik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən qıxa yaxın sahibkarın iştirak etdiyi dəyirmi masada ölkələrimiz arasında müna¬sibətlərin strateji xarakter daşıdığı qeyd edilib, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğu vurğulanıb. O cümlədən, ölkəmizin İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verdiyi və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, həmçinin işğaldan azad olunan ərazilərdə dost ölkənin çoxsaylı şirkətlərinin uğurla fəaliyyət göstərdiyi bildirilib. Qeyd edək ki, İtaliya və Azərbaycan arasında münasibətlərin uğurla inkişaf etməsinin əsas səbəblərindən biri ölkəmizin hər zaman verdiyi vədə sadiq qalması, razılaşdırilan məsələlərin icrasının diqqətdə saxlamasıdır. 

Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirilən demokratik proseslər və sosial-iqtisadi islahatlarla yanaşı, uğurlu xarici siyasət dünyanın aparıcı dövlətlərinin, nüfuzlu beynəlxalq təşkilatların diqqətini respublikamıza yönəldib. Heç şübhəsiz ki, bütün bunlar beynəlxalq hüquq normalarına uyğun qarşılıqlı faydalı əməkdaşlığın daha da güclənməsinə, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayının artmasına, Azərbaycanla Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumunun imzalanmasına öz müsbət təsirini göstərib.

Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, mürəkkəb geosiyasi şəraitdə müstəqil uğurlu xarici siyasət yürüdərək milli maraqlara söykənən prinsiplərlə regional təhlükəsizliyin təmin olunması is¬tiqamətində ardıcıl və sistemli addımlar atır. Məhz bunun nəticəsidir ki, dövlətimizin gerçəkləşdirdiyi enerji layihələri, regional inteqrasiyanı sürətləndirən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. 

Fərid Mustafayev

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

 

Избранный
156
2
xalqqazeti.az

10Источники