Naxçıvan, 12 sentyabr, Nail Əsgərov, AZƏRTAC
Rövşən Bağırov 1958-ci il iyunun 20-də Qərbi Azərbaycanın Dərələyəz mahalının Qovuşuq kəndində dünyaya göz açıb. Uşaqlıq çağları, gənclik illəri həmin kənddə keçən pedaqoq-alim yurd-yuva, el-oba həsrətini ovutmaqdan ötrü hisslərini, xatirələrini, gördüklərini, yaşadıqlarını bu gün bir çoxlarımız üçün dərs vəsaiti, fundamental mənbə rolunu oynayan cild-cild ağ vərəqlərə köçürüb. “Dərələyəz taleyi, şəhidlər və döyüşçülər” ikicildliyinin, “Dərələyəz taleyi nənəmin dediklərində” tarixi əsərinin, “Mənalı ömrün səhifələri”, “Aydınlığa gedən yol” kitablarının müəllifi olan Rövşən müəllim həmkarları, qələm yoldaşları arasında həm “Asif oğlu” kimi, həm də “Dərələyəzli” təxəllüsü ilə tanınır. Naxçıvanda iki il ard-arda keçirilən “Qərbi Azərbaycana qayıdış” festival-konqresin təşkilat komitəsinin üzvü olub.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşı alim-pedaqoqla söhbət edib, dədə-baba torpaqlarından sürgün olunması ilə bağlı həyat hekayəsini qələmə alıb.
Dərələyəz mahalı 1920-ci ilə qədər, yəni Ermənistanda sovet hökuməti qurulanadək Şərur rayonunun inzibati ərazi vahidinə daxil olub. Həmin tarixi hadisədən sonra Azərbaycanın müəyyən əraziləri Ermənistanda dövlət yaradılması adı ilə bədnam qonşularımıza hədiyyə edildi. Tarixi mənbələr, arxiv sənədləri belə deməyə əsas verir ki, XX əsrin əvvəlində Dərələyəz mahalında bir erməni belə yaşamayıb. Təəssüf ki, əsrin sonunda vəziyyət tam əksinə oldu, yəni bir nəfər də olsun azərbaycanlı həmin ərazidə qalmadı, minlərlə soydaşımız zorla doğma yurdlarından deportasiya edildi.
“XX əsrdə Azərbaycan xalqı 4 dəfə deportasiyaya məruz qalıb: 1905-1907-ci, 1918-1923-cü, 1948-1953-cü və nəhayət 1988-ci ildən sonra. Sonuncu sürgündən qabaq rayonda bir-iki azərbaycanlı dövlət işində işləyirdi. Amma əsrin əvvəlində bütün təşkilatlarda soydaşlarımız çalışırdı. Sənəd dalınca getməyə peşman idin. Bütün tanıtım lövhələrində yazılar ancaq erməni dilində əksini tapmışdı. Məcbur qalıb gedəcəyin ünvanı onlardan soraqlaşırdın. Azərbaycanlı olduğunu öyrənən kimi biganə, etinasız münasibətlə üzləşirdin. İş o yerə çatmışdı ki, qanuni haqqını belə tələb edə bilmirdin. Beləliklə oxumuş, təhsil almış gənclər yavaş-yavaş bölgədən uzaqlaşıb, ölkəmizin digər yerlərinə köçməyə başladılar. Deportasiya siyasəti nəticəsində Dərələyəzdə məktəbə gedən azərbaycanlı uşaqların, kolxozda, sovxozda işləyənlərin sayı bir neçə ildə dəfələrlə azaldı. Bununla kənddə qocalma prosesi sürətləndi”, - deyən Rövşən müəllim o ağrı-acılı günləri yada salır.
Ermənilər deportasiya ərəfəsində insanları yurdlarından etmək üçün bir çox yalanlar uydururdular. Yəni, yalandan deyirdilər ki, filan kənddə sürüşmə var, oradakı insanlar mütləq köçürülməlidir və s. Beləcə məcburi şəkildə azərbaycanlı əhalini çıxıb getməyə vadar edirdilər. Elə Qalasar və Gədikvəng kəndlərinin əhalisi bu yalanlar nəticəsində ehtiyat tədbiri kimi yurdlarından oldu.
Rövşən müəllim bildirir ki, Dərələyəz mahalı Keşikkənd və Paşalı rayonlarından ibarət idi. Əsrin əvvəlində hər iki rayonun ərazisində, ümumilikdə, 104 kənd yerləşirdi. Ancaq deportasiya siyasəti nəticəsində əsrin sonunda həmin kəndlərin sayı 80-dən də az idi.
Bölgə əhalisinin bir qisminin pedaqoji fəaliyyətlə məşğul olduğunu, inzibati sahələrdə çalışdığını, qalanının isə sovxoz və kolxozlarda işlədiyini, mal-qara saxladığını bildirən Rovşən müəllim deyir: “Bizim sovxozun 20 min baş sağmal heyvanı vardı. Kənddə, həmçinin iki təsərrüfatdan, dörd tövlədən ibarət böyük sağmal ferması da fəaliyyət göstərirdi. Bütün bu mal-qaranın yemi insanların əməyi sayəsində kənddəki otlaq ərazilərdən təmin edilirdi. Hər kənddə ya 8, ya da 4 illik məktəb fəaliyyət göstərirdi. Qovuşuq kəndindəki məktəb isə Dərələyəz mahalının 1928-ci ildən fəaliyyət göstərən yeganə internat orta məktəbi idi. Biz oradan köçənədək həmin məktəb qalırdı...”.
Beləliklə, Qərbi Azərbaycanın digər bütün ərazilərində baş verən oxşar hadisələr Dərələyəz mahalına da sirayət etdi. 1988-ci ilin avqust ayında mahalın 8 ağsaqqaldan ibarət nümayəndə heyəti əhalinin Qarabağ ərazisində yerləşməsi üçün icazə almaq məqsədilə Azərbaycan rəhbərliyinə müraciət etdi. Lakin bu fikir yuxarıların niyyətinə uyğun gəlmədiyindən, həmin ağsaqqalları nəinki müdafiə etdilər, hətta Mərkəzi Komitənin birinci katibi Vəzirovun göstərişi ilə onlara əziyyət verməkdən belə çəkinmədilər. Nəticədə deportasiya olunan azərbaycanlılar Bakı, Sumqayıt və digər bölgələrdə yerləşdirildilər. Bu amil təbii olaraq dağdan arana köçən əhalinin həyat tərzinə, sağlamlığına da təsirsiz ötüşmədi.
1988-ci ildən sonra Qərbi Azərbaycanda bir azərbaycanlı ailə belə qalmadı. Rövşən müəllim deyir ki, Dərələyəzdə sonuncu köçdən əvvəl insanların ərzaq, çörək qıtlığı sarıdan çəkdikləri səfalət dəhşətli dərəcəyə çatmışdı. Belə bir dövrdə Naxçıvan Qərbi azərbaycanlıların köməyinə yetişdi. Qovuşuq kənd sovxozunun direktoru Paşa Məmmədovun təşəbbüsü ilə Naxçıvan komendatından alınan vertolyotla Naxçıvan şəhərindəki çörək zavodundan 8 xaşa (bir xaşa 4 çuval həcmindədir) çörək Dərələyəz mahalının sakinlərinə paylandı. 1988-ci ilin oktyabrında son olaraq Qovuşuq kəndini 496 nəfər tərk etdi. Həmin çətin anda da Naxçıvan Qərbi Azərbaycandan köçənlərin dayaq məntəqəsi, ümid yeri oldu, Naxçıvan camaatı gələnləri paltarla, yeməklə təmin etdilər, əllərindən gələn qədər soydaşlarımıza dəstək durdular. Basarkeçər, Vedi tərəfdən gələnlər Şərurda, Dərələyəzdən, Zəngəzurdan üz tutanlar isə Naxçıvan şəhərində qarşılandılar. Mərkəz keçmiş internat məktəbinin, indiki Hərbi Liseyin yeri idi. Qovuşuq kəndini tərk etməyə məcbur qalan 496 azərbaycanlı əslində ölümə gedəcəkdi. Rövşən müəllim bu barədə danışarkən deyir: “Ermənilər əvvəlcə həmin insanların üst-başını yoxlayıb, qızıl-zinət əşyalarını, pullarını əllərindən aldılar. Daha sonra onları “KamAZ” maşınına mindirdilər. Kolonun qarşısında polis, arxada benzin maşını gedirdi. Məqsədləri isə Dərələyəz mahalının Kotanlı kəndi yaxınlığında yerləşən “Qazma” dərəsində azərbaycanlıların üzərlərinə benzin töküb yandırmaq idi. Atam, bacım və bacımın qızı da orada eyni aqibəti yaşayacaqdı. Xoşbəxtlikdən Naxçıvandan gedən maşın kolonu həmin dərənin aşırımını enir. Kolonlar yan-yana gəldiyində ermənilərin maşınında “Qaqo” adlı azərbaycanlı bayatı söyləyir. Naxçıvan kolonunda gedən bizim kolxozun direktoru səsi eşidir və maşını saxladır. Beləliklə, milli folklorumuzun dəyərli nümunəsi sayılan bayatı 496 nəfər azərbaycanlının həyatının xilasına səbəb olur...”.
Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə, o cümlədən də I və II Qarabağ müharibələrində, lokal xarakterli antiterror tədbirlərində 100-dən çox dərələyəzli qəhrəman şəhidlik zirvəsinə ucalıb. Təkcə bu fakt onu göstərir ki, harada yaşamasından asılı olmayaraq xalqımızın hər bir nümayəndəsində milli ruh, mübarizə əzmi var. Rövşən Bağırov əmindir ki, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun sayəsində 30 ildən sonra Qarabağımıza, Şuşaya, Xankəndinə qovuşduğumuz kimi, tezliklə Qərbi Azərbaycan torpaqlarına, İrəvana, Göyçəyə, Dərələyəzə də qayıdacağıq. “Prezidentin də dediyi kimi, biz o yerlərə tankla, topla deyil, dinc yolla qayıdacağıq. O yurdlarda ulu babalarımız, nənələrimiz uyuyur, “35 ildir həmin qəbirləri ziyarət edən yoxdur” acı həqiəti ürəyimizi dağlayır... İnanıram ki, 35 illik Vətən həsrətimin yerini tezliklə 30 illik xatirələrlə baş-başa qalacağımız vüsal anı alacaq”, - deyə o əlavə edib.